Bələdiyyə sədrindən şikayət edən sakinlər: "İcra başçısı niyə narahatdır?"

Bələdiyyə sədrindən şikayət edən sakinlər:

13-02-2024 02:20 / Bu xəbər 822 dəfə oxundu

"Calut Bələdiyyəsi İcra Hakimiyyətinin icazəsi olmadan torpaq sata bilməz"

Bir neçə gün öncə Oğuzun Calut kəndinin bir qrup sakini bələdiyyə sədrindən şikayət etmişdi

Onlar deyirdilər ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: "Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”. 

Sakinlər "Arqument.az"a deyiblər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib. Bu məsələ bir neçə dəfə mediada işıqlandırılıb. 

Sakinlər qeyd edirdilər ki, bələdiyyə sədri Adil Şükürov isə illərdir ki, problem həll olunacaq deyə vəd verir: "Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır".  

Bələdiyyə sədri Adil Şükürov

Bələdiyyə sədri Adil Şükürov isə "Arqument.az"a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdiririlir. 

O deyirdi ki, bu torpaqlara görə heç kəsdən pul almayıb: "Müraciət ediblər, mən də sənədləri göndərmişəm. Pul almamışam. Belə bir iddia doğru deyil". 

Sakinlər isə bələdiyyə sədrinin yalan danışdığını deyirlər və onların əlində pul verdikləri ilə bağlı sübutların olduğunu vurğulayıblar. 

Yazı dərc olunandan iki gün sonra Oğuz Rayon İcra Hakimiyyəti "Arqument.az"ın "Feysbuk" səhifəsinə yazıb. İcra hakimiyyəti qeyd edib ki, məsələ qeydə alınıb. 
 
"Məsələ Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən qeydə alındı. Oğuz rayon Calut Bələdiyyəsinin arayışına istinad edərək bildiririk ki, vətəndaşların yaşayış sahələrinə olan ehtiyaclarının ödənilməsi məqsədilə bələdiyyə mülkiyyətində olan bəzi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər kabinetinə müraciət edilmiş, müraciətə əsasən Baş nazirin müavini İsmət Abbasovun imzası ilə 14.03.2016-cı il tarixində Azərbaycan Respublikası Konstitusiya Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş sənədlər hazırlanaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi barədə məktub alınmışdır". 
 
İcra başçısı Eyvaz Qurbanov

"Həmin vaxtdan nəzərdə tutulmuş sənədlər hazırlanaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilib. 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı hazırlanıb. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib", - deyə İcra Hakimiyyəti açıqlamasında qeyd edib.

Sakinlər isə İcra Hakimiyyətinin bu mövqeyini tənqid ediblər. Onlar deyirlər ki, Oğuz Rayon İcra Hakimiyyəti bu açıqlaması ilə Calut Bələdiyyəsini müdafiə edib: "Bu da səbəbsiz deyil. Calut Bələdiyyəsi İcra Hakimiyyətinin icazəsi olmadan torpaq sata bilməz. Onun İcra Hakimiyyəti ilə bu məsələdə ortaqlığı var və biz bu barədə növbəti şikayətimizdə onsuz da məlumat verəcəkdik".

"Oğuz Rayon İcra Hakimiyyəti niyə narahat olub? Nəyi qeydə alıb, nəyi araşdırıb? Əgər araşdırma aparırdısa, şikayət edən tərəf bizik, bizi niyə dinləmədilər, bizimlə niyə görüşmədilər? Heç kəsə sirr deyil ki, bu məsələdə icra başçısı da bələdiyyə sədri ilə ortaqdır. Kim təsəvvür edə bilər ki, bələdiyyə sədri icra başçısı ilə məsləhətləşmədən torpaq satsın, ya hansısa addım atsın? Belə deyilsə, icra başçısı niyə narahatdır?", - deyə sakinlər qeyd ediblər. 

Onlar məsələ ilə bağlı ölkə başçısına da müraciət edəcəklərini deyiblər. 
 
Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib. 

Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.