"Bəs sən neylədin mənimçün?"

30-07-2023 00:15 / Bu xəbər 2564 dəfə oxundu

"Arqument.az" Xəyalə Sevilin şeirlərini təqdim edir: 

Adı ayrılıqdısa...

Bəs əgər bu gedişin 
Adı ayrılıqdısa?
Böyütdüyüm duyğular
Ürəyimi sıxdısa?

Bəs əgər ömrüm-günüm,
Tanrı bizə baxdısa?
Göyün günəş üzündən
Əllərimi yıxdısa?

Bəs sürdüyüm ömür-gün,
Bir gün yoldan çıxdısa?
Və bunların səninçün
Bir önəmi yoxdusa...

***

Günəş bir az başını
Aşağı əyib getdi.
Qaraldı hava.
Gecənin qaranlığında Ay
Ağ diş kimi
Ağardı uzaqdan.
Yağdı küləyin səsi,
Göyün gurultusu
Yağış kimi.
Töküldü üstümə
Xatirələr qarğış kimi.
Bir başıpapaqlı
Həsrətdi mənimki,
Mən də mental düşüncədə –
Sözündən çıxa bilmədim.
Gecə bilmədim,
Yuxu bilmədim.
Bütün qaydaları pozdum,
Bir addım qabağa çıxdım.
Bu qadın canımla
Bir damcı qorxu bilmədim.
Bəs sən neylədin mənimçün?

Həyat yaşamaqçün deyil

Güzgülər üzünə baxıb,
Özündən küsmək üçündü.
Xatirələr ayrılığa
Dayanmaq, dözmək üçündü.

Gözünün batmış çuxuru
Kuzədi - süzmək üçündü.
Boynuna dolanan kəndir
Boynunu üzmək üçündü.

Əsmək üçündü küləklər,
Yağışlar kəsmək üçündü.
Həyat  yaşamaqçün deyil,
Nə vaxtsa bezmək üçündü.

***

Uzaqdan necə görünür,
İçim, çölüm necədi?
Candakı yaşamaq eşqi,
Ruhdakı ölüm necədi?
Necədi həyatın rəngi? -
Eh, görmürsən ki, gecədi?
Mənim uçuq koma ömrüm
Bir qapıdı, bir bacadı.
Di gəl, tapammırsan məni,
Bu nə qəliz tapmacadı.