"Bəxtiyar Hacıyev siyasi sifarişlə həbs edilib"

10-12-2022 01:08 / Bu xəbər 807 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin siyasi sifarişlə həbs edildiyini pisləyib.

Təşkilatın yaydığı açıqlamada belə deyilir. 

Bildirilir ki, həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin həbsi siyasi qərardır: ""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Bakı şəhəri, Baş Polis İdarəsinin İstintaq Şöbəsinin Cinayət Məcəlləsinin 221.1 və 289.1-ci maddələri ilə açılmış qurama, saxta cinayət işini siyasi motivli və istintaqın təqdimatına əsasən Xətai Rayon Məhkəməsi tərəfindən 1 ay 20 gün müddətinə seçilmiş həbs qətimkan tədbirini Bəxtiyar Hacıyevin cəmiyyətdən təcrid edilməsinə yönəlmiş siyasi akt kimi qəbul edir". 

Mərkəz hesab edir ki, nəzəri baxımdan Bəxtiyar Hacıyevin əməlində hər hansısa hüquqa zidd hərəkat olsaydı belə, istintaq tərəfindən aparılan araşdırma onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə yönəlməməliydi: "Qeyd olunanlar bir daha onu göstərir ki, Bəxtiyar Hacıyevin həbs edilməsi qabaqcadan hazırlanmış hüquqi yox, siyasi əməliyyatdır".

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı Bəxtiyar Hacıyevin qanunsuz həbs edilməsini dövlətçiliyə qarşı təxribat sayır və hakimiyyətdən təxribatı həyata keçirdənlərin cəzalandırılmasını, Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasını tələb edib.