Nazim Hikmət - Ölümün 60 ili

Nazim Hikmət - Ölümün 60 ili

04-08-2023 12:10 / Bu xəbər 1629 dəfə oxundu

Çingiz Sultansoy

II  yazı

Nazim Hikmət 1963-cü il, iyunun 3-də dünyadan köçüb - Moskvada. Rəsmi versiya - infarkt. 

Bu yazını dünən gecə yazıb paylaşmağı səhvim üzündəndir, elə bilmişəm, avqustun 3-də. 

Sağ olsun həmkarım və dostum Mayis Əlizadə, messencerə yazıb səhvimi göstərdi. Amma yanlış da bir naxışdır. 

Rusiya, Moskva Nazim Hikmətin həyatında, taleyində önəmli yer tutub, təsiri böyük olub. 

Şair burada kommunist olub, Rusiya Kommunist Partiyasına çox gənc ikən qəbul edilib. İlk şerlər kitabı da Türkiyədə yox, Rusiyada çıxıb. Dörd ən istəkli sevgilisindən, dörd həyat yoldaşından ikisi türk, ikisi rus olub, qalanlarını saymıram. 

Sovet Rusiyasına dəfələrlə gəlib-getsə də, sonuncu dəfə, 1950-ci illərin əvvəlində gələndə SSRİ, buradakı həyat heç gözləmədiyi halda onu məyus etdi. Səbəblər çoxdu – əvvəla, sevdiyi, təsirləndiyi avanqardist sənətçilər Mayakovski və Meyerhold nadir hallarda xatırlanır və artıq rəsmi bəyənilmirdi. 

Mayakovskini niyə sevdiyini bilirəm, müəllimi sayırdı, şerlərini onun üslubunda da yazırdı, amma məncə, müxtəlif adamlar, müxtəlif çaplı şəxsiyyətlər və istedadlar idi, bu məqama az sonra qayıdacam. Meyerhold başqa məsələ...

İkincisi, bütün yazarlar əsərlərində Stalinin adını çəkməliydilər, dünya proletarlarının böyük rəhbəri həmişə xatırlanmalı, təriflənməliydi. 

Üçüncüsü, SSRİ rəhbərliyi Nazim Hikmətin əsərlərini – şer və pyeslərini, məqalələrini rus və başqa dillərə çevirsə, güclü təbliğ etsə də, əsərləri tərcümə zamanı bilərəkdən,  siyasi nədənlərdən təhrif edilirdi. Bu, Nazim Hikməti qıcıqlandırırdı, təbii. 

Sovet rəhbərliyi, daha doğrusu ideologiyası bu nəhəng bədənli, nəhəng istedadlı, nəhəng şəxsiyyətli insandan öz məqsədləri üçün istifadə edirdi - beynəlmiləlçi əqldəli, damarlarında qarışıq beynəlmiməl alman, polyak, türk qanı axan, dönməz  kommunist, öz dəyərləri uğrunda on il türk həbsxanalarında yatmış, əyilməmiş, sınmamış Nazim sovet təbliğatı üçün əla fiqur idi.  Şairin bütün şerləri rus dilində, mükəmməl tərcümələrdə nəhəng tirajlarla çıxırdı. Amma bu gün Rusiyada onu Mayakın - Mayakovskinin yarısı, on, heç olmasa bir faizi qədər tanıyan, xatırlayan varmı?!.. 

Türkiyədə, Azərbaycanda isə kommunist olmasına baxmayaraq anılır, xatırlanır, sevilir - istedadı siyai baxışlarını və ideologiasını dəfələrlə üstələyən bütün şairlər, nasirlər kimi...

Bir dəfə şair dostlarına, özəlliklə də yaxın olduğu İlya Erenburqa demişdi: "Yoldaş Stalinə böyük hörmətim var, amma onun günəşlə müqayisəsini qəbul edə bilmirəm. Bu, təkcə pis şeir deyil, bu zövqün pisliyidir".

Belə söz özlüyündə təhlükəli olsa da, İlya Erenburqa demək lap təhlükəliydi - İlya Erenburq Stalinə yaxın idi. Amma Erenburq bu sözü sirr kimi saxladı, stalinizm bitəndən sonra yaydı. 

Hikmətlə Mayakovskinin fərqini göstərən olay. Paris dəbiylə şıq geyinmiş, cibi pulla dolu Mayakovski intiharından az öncə, həmin Parisdə keçmiş qələm dostlarını-tanışlarını, bolşevizmə baş əyməmiş yarıac rus mühacirlərini bahalı restoranda qonaq edəndə gözlənilmədən hönkürüb ağlamış, spirtin doğurduğu səmimyyətlə etiraf etmişdi: "Mən daha şair deyiləm. Mən ədəbi məmuram". 

Nazim Hikmət müəllimi saydığı bu adamım taleyini yaşamadı, amma onu infarkt vurdu... 

Nazim Hikmətin sonuncu arvadı, "Soyuzmultfilm"də redaktor işləyən, dramaturq Veronika Tulyakova ilə eşq macərası və evliliyi maraqlıdır. 

Vera ailəli, bir qızı olmasına baxmayaraq, evli Nazim də onun atasından 3 yaş böyük olmasına baxmayaraq ilk görüşdən bir-birilərinə bir könüldən min könülə aşiq olmuşdular. 

Yaşı 50-ni çoxdan keçmiş Nazim Hikmət əlində gül buketləri və şokolad, konfet qutuları Veranın işlədiyi "Soyuzmultfilm" kinostudiyasına gəlib getməyə başladı. 

Populyar şair və ictimai xadim, bir çox qadınların rəğbət bəslədiyi mavi gözlü devin duyğuları cavabsız qalmadı - 1960-da Nazim maşınını, bağını, mebelini, bütün varını üçüncü xanımı Qalinaya verdi, ərindən ayrılan Vera ilə birgə yeni həyata başladılar. Onların sevgisi cəmi üç il çəkdi, onillər sonra bir yuxusuz, şirin məhəbbət gecəsi kimi görünəcək bal ayı qədər qısa. 

Nazim Hikmətin ölümündən sonra üzə çıxan şeri Veraya həsr olunub: 

Gəlsənə dedi bana
Kalsana dedi bana
Gülsənə dedi bana
Ölsənə dedi bana
Gəldim
Kaldım
Güldüm
Öldüm...

Nazim Hikmət dünyasını dəyişəndən sonra Vera maraqlı xatirələr kitabı yazıb, kitab SSRİ-də və Türkiyədə çap olunub, bu öz yerində. Amma dünyada çoxmu qadın ölümdən sonra belə - inci kimi kiçik və gözəl misralarda yaşayır?  

Nazim Hikmətin İslamı qəbul etmiş, Osmanlıda general olmuş alman və polyak ana babaları haqqında yazmışdım, özü haqqında hələ geniş yazacam, indi vaxt-imkan yox, amma bir dəfə şairlə bağlı olmayan söhbətdə paylaşdığım şerini bir daha paylaşıram. Görün, 1962-də, ölümündən bir il altı gün öncə yazılan bu siyasi şer, - ixtisara saldığım antiamerika, antiimperialist notlarını çıxmaqla, - bu gün də necə aktual səslənir, özəlliklə Azərbaycan üçün?

Evet, vatan hainiyim, siz vatanperverseniz, siz yurtseverseniz, ben yurt
           hainiyim, ben vatan hainiyim.
Vatan çiftliklerinizse,
kassalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
vatan, kurtulmamaksa kokmuş karanlığımızdan,
                            ben vatan hainiyim.
Yazın üç sütun üstüne kapkara haykıran puntolarla:
Nâzım Hikmet vatan hainliğine devam ediyor hâlâ.