Bəylər Eyyubovun ailəsinə məxsus saysız sərvətlər

Bəylər Eyyubovun ailəsinə məxsus saysız sərvətlər

13-05-2024 13:39 / Bu xəbər 719 dəfə oxundu

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubova dünyanın ən avtoritar liderlərindən biri yaxından etibar edir

Jurnalistlərin araşdırması göstərir ki, Eyyubovun ailəsi Londonun şimalında yerləşən küçədə üç dəbdəbəli malikanə və milyon dollar dəyərində başqa mülklərə sahibdir. 

Müəlliflər Kelly Bloss (OCCRP), Olga Loginova (Vlast), Fatimə Kərimova (Mikroskop Media), Aidan Yusubova (iFact) və Nana Brigade (iFact)

Azərbaycanın avtoritar liderinin etibarından ölkədə zövq aldığını iddia edəcək yalnız bir neçə nəfər tapıla bilər.

İstisnalardan biri də Prezidentin təhlükəsizliyini artıq iyirmi ildir ki, təmin edən Bəylər Eyyubovdur. Hər rəsmi tədbirdə limuzinin qapılarını şəxsən özü açan Eyyubovun Prezidentin yanını heç vaxt tərk etmədiyini müşahidə etmək olar.

73 yaşlı Eyyubovun tutduğu bu vəzifənin müddəti, İlham Əliyevin ölkəyə başçılıq etdiyi müddətən də çoxdur. 

O, ölkənin Sovetlərdən sonrakı ilk onilliyi müddətində Azərbaycana başçılıq edən Heydər Əliyevə də eyni xidməti göstərib.

Diktatura rejimi hökm sürən, resursları ilə zəngin və dünyanın ən korrupsiyalaşmış ölkələri arasında ardıcıl olaraq yer alan Azərbaycanda sərvətə əlçatımlıq və nüfuzlu olmaq da Əliyevlərə yaxın olmaqdan keçir. Ona görə də hakim ailə ilə qohumluq bağları quran Eyyubovun zəngin və nüfuzlu olması təəccüblü deyil. Amma mühafizə xidməti rəisinin özünə və yaxınlarına aid olan hər bir şeyi gizli qoruyub saxlamağa müvəffəq olduğundan, onun sərvətlərinin həcmi həmişə sirr olaraq qalıb.

Bir sıra ölkələrin korporativ və torpaq sənədlərinə əsaslanan yeni araşdırmada OCCRP, Azərbaycan partnyor tərəfdaşı "Mikroskop Media”, Gürcüstan partnyoru olan "iFact” ilə birgə ilk dəfə olaraq onun ailəsinin bəzi aktivlərinə dair ciddi sübutlar təqdim edir. 

Eyyubovlar Böyük Britaniya və Dubayda ən azı 160 milyon ABŞ dolları dəyərində daşınmaz əmlaka sahibdirlər.

Eyyubovun arvadı Zöhrə Sultanova və qızı Elvira Eyyubovanın gizli sahib olduqları üç malikanə, hər biri Şimali Londonun prestijli hissəsində yerləşir. 

Elvira həmçinin şəhərin mərkəzinə yaxın yerləşən iki penthausa (talvar) və lüks mənzilə də sahibdir. 

Onun sahib olduğu digər mənzil Kenterberidə və daha bir ev isə Dorset dənizkənarı bir qəsəbədə yerləşir.

Ailə İngiltərədəki bu aktivlərə 2007 və 2018-ci illər arasında gizli ofşor şirkətlər vasitəsilə sahib olub. Bu şirkətlərin maliyyə mənbələrini izləmək mümkün deyil.  Hətta ailənin bu əmlaka sahib olması faktı da 2022-ci ildə Böyük Britaniyada əmlaka sahib olan xarici şirkətlərin öz benefisiar sahiblərini açıqlamasını tələb edən qanuna görə üzə çıxıb.

Əmlak mülkiyyəti ilə bağlı qeydlərin ümumiyyətlə ictimaiyyətə açıqlanmadığı Dubayda Eyyubov və onun bir neçə ailə üzvü öz adlarına villa və ofis məkanlarına sahibdirlər.

Eyyubovun həyat yoldaşı hazırda fəaliyyət göstərən iki biznesdə paya sahibdir: məşhur London kafesi və Gürcüstanın kurort şəhəri Batumidə yerləşən yüksək səviyyəli otel. Şirkətlərin heç biri 2014-cü ilədək fəaliyyət göstərməyib.

Hələ ki, bu gəlirin mənbəyi sirr olaraq qalır. Ən azı 2020-ci ilə qədər Eyyubovun rəsmi illik maaşı heç vaxt 22 min dolları keçməyib. Onun həyat yoldaşının hazırki iş yeri naməlumdur, lakin 2016-cı ildə o, Azərbaycan Dövlət Botanika İnstitutunun işçisi kimi siyahıya alınıb, qızı isə Böyük Britaniyada yaşam koçu kimi fəaliyyət göstərir.

Cütlüyün ən azı daha beş övladı var, lakin jurnalistlər onlardan hər hansı birinin əhəmiyyətli və müstəqil gəlir mənbələrinin olub-olmadığını müəyyən edə bilməyiblər. 

Azərbaycanın korporativ sənədlərində şirkət sahiblərinin adları açıqlanmır. 

2012-ci ilə qədər ictimaiyyətə açıq olan Vergilər Nazirliyinin məlumat bazasında yalnız Eyyubovun qızlarından birinin vaxtilə atçılıq klubunun ortaq sahibi olduğu qeyd edilir. 

Eyyubovun Rafiq Həsənov adlı imkanlı qardaşı da var ki, ictimai yerlərdə demək olar görünməyib. Jurnalistlər onun Eyyubova nə vaxtsa pul və ya əmlak verməsini göstərən heç bir sənəd tapa bilməyiblər. 

Jurnalistlər Eyyubovun nağd pul köçürməsini alması ilə bağlı yalnız bir qeyd tapa biliblər. 

2007-ci ildə, elə həmin il ailənin Böyük Britaniyada əmlak almağa başladığı zaman, onun Britaniya Virciniya adalarında sahibi olduğu şirkət başqa bir Yeni Zelandiya qeydiyyatlı ofşor şirkətdən 250 000 ABŞ dolları alıb. Pulun mənbəyi məlum deyi, lakin pul köçürən bu şirkət çirkli pulların yuyulmasıilə bağlı başqa bir qalmaqala qarışıb. 

Araşdırma zamanı korporativ hesabatlar başqa bir maraqlı tapıntını ortaya çıxarıb. İstər London kafesində, istərsə də Gürcüstandakı oteldə Eyyubovun həyat yoldaşı və iki qızının tanınmış biznes partnyoru var: Azərbaycanın enerji sektorunda maraqları olan və ölkənin yüksək vəzifəli şəxsləri ilə yaxşı münasibət saxlamağa marağı olan Sulxan Papaşvili adlı varlı gürcü biznesmen.

Jurnalistlər Eyyubovun və ya onun ailə üzvlərinin Papaşvilidən hər hansı pul və ya əmlak alması ilə bağlı heç bir sənədli sübut tapmayıblar. Lakin bu hal münasibətlərin mahiyyəti ilə, xüsusən də gürcü biznesmenin biznes tərəfdaşı və qohumuna məxsus şirkətlərin Eyyubovların biznes aktivlərinin idarə edilməsində iştirak etmələri ilə bağlı suallar doğurur.

Eyyubov şərh üçün sorğulara cavab verməyib. 

Papaşvilini təmsil edən hüquq firması jurnalistlərin suallarına cavab olaraq yazıb ki, Eyyubov heç vaxt enerji biznesinə təsir etmək iqtidarında olmayıb və Papaşvilinin enerji biznesi ilə onun Eyyubovlarla münasibətində hər hansı əlaqənin olması iddiası "məntiqsız və yanıldıcıdır”.

Sök, yenidən qur, təkrarla

"Hampstead Heath”in geniş yaşıl sahələri ilə 18 dəlikli "Highgate Golf Club” arasında uzanan Courtenay prospekti Londonun ən bahalı küçələrindən biri hesab olunur.

Eyyubova məxsus bu darvazalı dalana dirənmiş üç malikanə ümumilikdə 63 milyon funt sterlinqə (94 milyon ABŞ dolları) satın alınıb. Amma reallıqda bu, daşınmaz əmlaka qoyulan pulun yalnız kiçik bir hissəsidir.

Eyyubovların orada aldıqları ilk ev, "Somerlese” kimi tanınan küçənin sonunda qırmızı kərpicdən və ağacdan tikilmiş malikanə artıq yoxdur. 2014-cü ildə onu 17 milyon funt sterlinqə (26 milyon dollar) aldıqdan sonra iki il keçməmiş, onun sahibi olan ofşor şirkət həmin evin əvəzinə daha böyük ev tikmək üçün icazə əldə edib.

Malikanəni inşa edən memarın "Instagram”da yerləşdirdiyi fotoşəkillərə görə, yeni "Somerlese” əsas tikinti işlərini 2023-cü ilin yanvarına qədər tamamlayıb. Planlaşdırma sənədində deyilir ki, üç mərtəbəli, altı otaqlı evdə qapalı hovuz, idman zalı, şərab yeri, buxar hamamı, kinoteatr və bir neçə işçi üçün yaşayış yeri var. Malikanənin tikintisinin dəyəri məlum deyil. 

Cəmi bir ev uzaqlığında yerləşən "Branksome” malikanəsi. Malikanə 2018-ci ildə başqa bir ofşor şirkəti tərəfindən 15 milyon funt sterlinqə ($20 milyon) alınıb, o da tamamilə sökülüb və naməlum qiymətə yenidən tikilib. 

Planlaşdırma sənədləri göstərir ki, yeni altı yataq otağı olan "Branksome” binasında lift, kinoteatr, oyun otaqları, idman zalı və cakuzili hovuz da var.

Ailənin Courtenay prospektindəki üçüncü mülkü "Beaulieu” qonşuluqda yerləşir. Həmin malikanə Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova tərəfindən 2015-ci ildə 31 milyon funta (47 milyon ABŞ dollar) alınıb və növbəti il ​​başqa ofşor şirkətə verilib.

"Beaulieu”, "Somerlease” və "Branksome”-dən fərqli olaraq, sökülməyib, yenidən tikilməyib. Satışı həyata keçirən rieltor tərəfindən yerləşdirilən elanda ev "möhtəşəm yeni malikanə” kimi təsvir edilib. 

Elanda həmçinin "klassik üslubun qabaqcıl texnologiya ilə birləşməsi”, hər birində "dəbdəbəli vanna otağı” olan doqquz yataq otağı (ikisi işçilər üçün), yeddi nəfərlik böyük lift, sauna, masaj otağı və hovuzun olduğu qeyd edilir.

Digər ofşor şirkətlər vasitəsilə Eyubovun qızı Elvira Birləşmiş Krallıqda ümumilikdə 12,6 milyon funt sterlinqdən (20 milyon ABŞ dolları) artıq qiymətə alınan daha beş mülkə sahibdir. Onlardan biri, 10-cu mərtəbədə yerdən tavana qədər London mənzərəsinə açılan pəncərəli mənzilin həftəlik kirayəsi 1,925 funt sterlinqə (2,400 ABŞ dollar) təklif edilib.

Onun veb-səhifəsinin yerləşdirdiyi məlumata görə, Eyyubova Londonda "Coach Soaring Wings” adlı yaşam koçu biznesi ilə məşğuldur. Sayt onun "bir çox ölkələrə səyahət etmək və bir çox mədəniyyətləri kəşf etmək şansı olduğunu” etiraf etməkdən əlavə onun keçmişi haqqında bir o qədər də məlumat vermir.

Eyyubovanın gəlirləri, altı dəfə bir saatlıq seans üçün 120 funt sterlinq, ya da bir seans üçün 39 funt sterlinq təşkil edir. Bu məbləğ onun böyük mülklərə necə sahib olduğunu izah etmir. Elvira ilk əmlakını 20 yaşında olarkən əldə edib. O, əmlakları ilə bağlı sorğulara cavab verməyib.

Eyyubovlar ailəsinin Dubaydakı ondan çox daşınmaz əmlakı Eyyubovun özü, həyat yoldaşı Sultanova və Elvira da daxil olmaqla üç övladına məxsusdur. Onların əksəriyyəti palma ağacı şəklində salınan süni Palm Jumeirah adasının müxtəlif "budaqlarında” yerləşən villalardır.

Eyyubovun Dubay mülkləri

GİRİŞ MƏTNİ: Jurnalistlər Təkmil Müdafiə Tədqiqatları Mərkəzi (C4ADS) tərəfindən sızdırılan 2020-ci il əmlak məlumatları toplusu sayəsində Eyyubovlar ailəsinin Dubaydakı əmlakı haqqında məlumatlar əldə ediblər. Hər bir əmlakın cari mülkiyyəti müstəqil şəkildə yoxlanılıb.

1 ADI: "C Frond”-də dörd villa

1-ci MƏTN: Eyyubov 2006-cı ildən başlayaraq müxtəlif illərdə burada 4-6 yataq otağı olan dörd ədəd villa alıb. 2023-cü ildə birini həyat yoldaşı Zöhrə Sultanovaya, digərini isə oğlu Elnura verib, birini də özünə saxlayıb. Dördüncü villanın hazırkı statusu bəlli deyil, lakin bu villa 2020-ci ildən Eyyubova məxsusdur. Hazırda villa 26 milyon dollar dəyərində qiymətləndirilir.

2 ADI: "Fronde E”-də iki villa

2-ci MƏTN: Eyyubov naməlum bir ildə burada 6 və 4 yataq otağı olan villa alıb. 2023-cü ildə onları qızları Elvira və Səmranın adlarına keçirib. Bu gün onların qiyməti 24 milyon dollar dəyərində qiymətləndirilir. 

Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin 2020-ci ilə qədər yaxınlıqda 4 villası olub.

3 ADI: "Fronde A”-dakı villa

3-cü MƏTN: Bəylər Eyyubov bir vaxtlar burada iki mərtəbəli, beş otaqlı villaya sahib olub. Bu villanın qiyməti bu gün 8,5 milyon ABŞ dolları təşkil edir. 

2023-cü ildə onu qardaşı Rafiq Həsənovun adına köçürüb, onun qonşuluqda da başqa bir villası var.

ƏŞYA 4 ADI: Jumeirah adalarındakı villa

MƏTN 4: Eyyubov bir vaxtlar süni göldə yerləşən adalarda 46 "salxım”dan ibarət "Jumeirah Island” ev kompleksində beş otaqlı villa satın alıb. 

O, evi 2020-ci ildən sonra satıb. Bu gün bu villanın dəyəri 6,5 milyon ABŞ dollarından çoxdur.

5: Ticarət və ofis binaları

5 MƏTN: Eyyubov həm də vaxtilə 41 mərtəbəli "O2 Residence”-nin birinci mərtəbəsində ticarət sahəsinə sahib olub. 

Hazırda o, "Smart Heights” biznes mərkəzində ofis sahəsinə sahibdir. Hər iki əmlak 1 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

"Prezidentə daimi birbaşa çıxış”

Eyyubovun parıltılı lüks daşınmaz əmlak portfeli onun illər əvvəlki durumundan çox uzaq görünür. Mediada yazılan məlumatlara görə, Sovetlər dönəmində o, Azərbaycanın Naxçıvan eksklavındakı yerli Daxili İşlər Nazirliyində işləyib.

Onun əlaqələri artıq qaydasında idi. Belə ki, o, həmin dönəmdə Moskvada Kommunist Partiyasının lideri olan Heydər Əliyevin bacısı qızı ilə ailə həyatı qurmuşdu. Əliyev SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi xaos şəraitində Naxçıvana qayıdanda ailə çətin günlər də yaşayıb. Əliyev bacısının evində yaşayarkən bir dəfə nəvələrinin həyat yoldaşlarının, biri də Eyyubov olmaqla aralarındakı söhbəti, ailəni dolandırmaq üçün ət tapmaqda çətinlik çəkdiklərini eşitdiyinin xatirəsini bölüşüb.

Lakin 1993-cü ildə Əliyev yeni müstəqil Azərbaycanın Prezidenti olduğu gündən ailənin sərvəti də böyüməyə başlayıb. 

Digər nəvəsinin həyat yoldaşı isə Vasif Talıbov, Naxçıvanın diktator rəhbəri olub. Eyyubova  Prezidentin mühafizə xidmətinə rəhbərlik həvalə edilib. 

İlham Əliyevin prezidentliyə gəlməsi və mühafizə xidmətinin yenidən qurulmasına baxmayaraq, Eyyubov bu gün də eyni vəzifəni tutur. 

Beynəlxalq Böhran Qrupunun 2010-cu il hesabatında Eyyubov Azərbaycanın ən nüfuzlu fiqurlarından biri kimi göstərilib və o, "Prezidentə birbaşa çıxışı olan azsaylı insanlardan biri” kimi qeyd edilib.

2008-ci ildə "Wikileaks” tərəfindən dərc edilmiş sənədlərdə, fransız iş adamının Eyyubovun ona Azərbaycanın ən böyük yerli pivə istehsalı şirkətlərinin birində 40 faizlik payını satması üçün təzyiq etdiyini iddia etdiyi bildirilir. 

İddialara görə, çoxmilyonluq sərmayəsindən qorxan iş adamı payını Rusiya şirkətinə satıb və "hovuzda çoxlu köpəkbalığı olduğunu”, – deyərək Azərbaycanı tərk edib.

OCCRP bu iddiaların heç birini təsdiq etməyib. Eyyubov iddialar haqqında ictimaiyyətə açıqlama verməyib və jurnalistlərin suallarını cavablandırmayıb. 

Azərbaycanda korporativ mülkiyyətə dair məlumatlar ictimaiyyətə açıq olmadığından, ölkə daxilində əlavə araşdırmalar aparmaq da çətinləşir.

Bununla belə, onun adının Pandora Sənədlərində keçməsi (14 ofşor korporativ xidmət provayderindən 12 milyona yaxın faylın sızması – red.), onu deməyə əsas verir ki, hələ 2007-ci ildə Eyyubov böyük məbləğdə pul köçürmələri üçün ofşor şirkətlərdən istifadə edib.

Sənədlərdən belə görünür ki, həmin ilin oktyabrında Sürixdə yerləşən bir bank Eyyubova bank hesabı açmaq məqsədi ilə Britaniyadakı Virciniya adalarında şirkət açmağa kömək edib. Bir neçə ay sonra Eyyubova məxsus "Mente Ventures S.A”-a Yeni Zelandiya qeydiyyatlı şirkətdən 250.000 ABŞ dollarlıq pul köçürməsi olub.

Ödənişin edilmə məqsədi "ərzaq məhsullarının alınmasına görə” kimi qeyd edilib. Eyyubov ərzaq sektorunda fəaliyyəti ilə o qədər də tanınmır. 

Pulun mənşəyi barədə də heç bir məlumat yoxdur. Lakin onu göndərən Yeni Zelandiya şirkəti "Bigland Corporation Limited” özü şübhəli fəaliyyətlər nümayiş etdirir. ABŞ Prokurorluğunun məlumatına görə, "Bigland” Maqnitski vergi fırıldaqlarında iştirak edən Rusiya şirkətindən pul alıb. Bu cür şirkətlər çox vaxt müxtəlif məqsədlər üçün istifadə olunur və Eyyubovun Maqnitski sxemi ilə hər hansı əlaqəsinin olması barədə heç bir sübut yoxdur.

Gürcü dostluğu

Jurnalistlər aylarla dünyanın müxtəlif yerlərində biznes reyestrlərini araşdıraraq, Eyyubovlar ailəsinin sərvətinin haradan gəldiyini araşdırıblar. Ailənin əldə etidyi mülklərin kökünü izah edəcək konkret dəlil tapılmasa da, qeydlər başqa bir məqamı üzə çıxarıb – zəngin iş adamı Sulxan Papaşvili ilə gözlənilməz yaxın biznes əlaqələri.

Papaşvili də Eyyubov kimi vaxtilə mühafizə xidməti işçisi olub. O, 1998-2003-cü illərdə Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinə rəhbərlik edib. Digər vəzifələrlə yanaşı, bu xidmətə Prezidentin mühafizəsi də həvalə edilib ki, bu da onu Eyyubovun keçmiş gürcü həmkarı edir.

Tezliklə bu iki nəfərin yolları ayrılır: Papaşvili dövlət xidmətini tərk edir və uğurlu daşınmaz əmlak biznesmeninə çevrilir. Amma görünür ki, onlar şəxsi münasibətlərini qoruyub saxlayırlar. Dərc olunan rəsmi videolar göstərir ki, Eyyubov 2023-cü ilin oktyabrında Gürcüstana dövlət səfərində olan Prezident Əliyevi müşayiət edərkən, Papaşvili mətbuat konfransında onun yanağından öpür və salamlayır, daha sonra onunla nahar süfrəsi arxasında əyləşir. 

Son illərdə Papaşvili diqqətini Azərbaycana yönəldərək, Gürcüstanda idxal olunan Azərbaycan elektrik enerjisinə əsaslanan irimiqyaslı enerji ticarəti biznesi qurub. Layihə qeyri-şəffaflığı ilə nəzərə çarpır. Bundan əlavə, korporativ qeydlər göstərir ki, Papaşvilinin etibarlı adamlarından biri və biznes tərəfdaşı, eyni zamanda "Azərenerji” ASC-nin rəhbərlərinin ailə üzvləri ilə birgə bizneslər də qurublar. 

Bununla da həmin şəxslər azərbaycanlılar üçün bank hesablarının açılması və bağlanması, pul vəsaitlərinin çıxarılması, daşınmaz əmlakın alınması, satılması və ya hədiyyə edilməsi və s. tipli səlahiyyət verən etibarnamələr də alıblar. 

OCCRP və digər tərəfdaş medialar tərəfindən dərc edilən ayrıca araşdırmada təfərrüatlı olan bu tapıntılar mümkün maraqların toqquşması ilə bağlı suallar yaradır.

Jurnalistlər Eyyubovun öz nüfuzundan və ya əlaqələrindən Papaşviliyə kömək etmək üçün istifadə etdiyinə dair birbaşa sübut tapmasalar da, korporativ qeydlər Papaşvilinin Eyyubovlar ailəsinin üzvlərinə enerji müəssisələrinin yaradılmasında kömək etdiyini göstərir: onun həyat yoldaşı Sultanova Papaşvilinin Gürcüstandakı enerji ötürücü qüllələrin tikintisi üzrə tenderdə  iştirak edən şirkətinə səhmdar kimi qoşulub. 

Eyyubovun oğlu isə Papaşvilinin şəriki, "Elgreen” şirkətinin maliyyə məsləhətçisi Giorgi Kuxaleişvilinin köməyi ilə iki su elektrik stansiyası tikməyi planlaşdırıb. Eldar Eyyubov şirkəti idarə etməsi üçün 2019-cu ildə Kuxaleişviliyə qeyri-məhdud müddətə onun əvəzinə "etibarlı nümayəndə kimi” fəaliyyət göstərmək səlahiyyətini verən etibarnamə verib.

Bu enerji layihələrin heç biri baş tutmasa da, digər iki layihə həyata keçirilib. 

Onlardan biri Gürcüstanın kurort şəhəri Batumidə yerləşən "Le Port” butik otelidir. 2012-ci ildə Eyyubovun həyat yoldaşı Sultanova otelin tikintisini həyata keçirən və hazırda onun sahibi olan Gürcüstan şirkəti "Qoqebaşvili 30” MMC-nin 50 faiz payını alıb. Şirkətin digər yarısı Papaşviliyə məxsusdur.

Papaşvilinin qardaşı Laşa, hissələrini Papaşviliyə ötürməzdən əvvəl otelə ilkin olaraq sərmayə qoyanlardan biri olduğu üçün jurnalistlər onunla əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, Eyyubovlar ailəsinin otelə yatırdığı 4 milyon ABŞ dolları həcmində sərmayə Eyyubovun qardaşı Rafiq Həsənovdan gəlib.

Həsənovu "çox zəngin iş adamı” kimi xarakterizə edən Laşa onu layihənin bir hissəsi olmağa dəvət edib: "Xoşbəxtlikdən razılaşdı və payı qardaşı arvadının adına imzalamağa qərar verdi”.

Aşkar edilən məlumatlara görə, Rafiq Həsənov Dubay və Çexiyada hazırda dəyəri 51 milyon dollardan çox olan mülklərə sahibdir. 2022-ci ilə qədər Rusiyada da onun mülklərinin dəyəri 9 milyon dollardan çox olub, lakin jurnalistlər həmin mülklərin indiki statusunu təsdiqləyə bilməyib. Rafiq Həsənov Laşa tərəfindən çox varlı biznesmen kimi təsvir edilsə də, reportyorlar onun 2011-ci ilə qədər hər hansı şirkətin sahibi olduğunu göstərən sənəd tapa bilməyib. 

"Le Port” 2014-cü ilin avqustunda fəaliyyətə başlayıb, lakin fəaliyyətinin ilk bir neçə ili üçün otelin maliyyə göstəriciləri haqqında məlumat mövcud deyil. Mövcud sənədlər onun 2018-2020-ci illər arasında zərərlə işlədiyini göstərir.

2020-ci ildə Sent-Lüsiyadakı ofşor şirkəti vasitəsilə Eyyubovun həyat yoldaşı və iki qızı Britaniyanın "Beangreen Limited” şirkətinə 3 milyon funt sterlinq sərmayə qoyub. Şirkətin digər sahibi isə Papaşvilinin özü və onun biznes tərəfdaşı Giorgi Kuxaleişvilidir.

Londondakı "Catalyst Cafe” və onun yerləşdiyi bina "Beangreen”ə aiddir. Hətta bir dəfə "Evening Standard” tablo qəzeti kafenin hazırladığı yeməklərə "yeni, həyəcanverici, taverna tərzində hazırlanan” deyərək, kafeyə tərif də yağdırıb.  "Beangreen” ən azı 2017-ci ildən etibarən Gürcüstana "Catalyst” markalı qəhvə ixrac edir.

Kuxaleişvili Eyyubovlar ailəsinə Böyük Britaniyada daşınmaz əmlakın idarə olunmasında da köməklik edib.

O, Eyyubovların yeni tikilmiş hər iki malikanəsinin təmiri və aktivlərinin idarə olunması xidmətini göstərən, Böyük Britaniyada yerləşən "Kornerstone Limited” əmlak idarəsi şirkətinə sahibdir. Eyyubovun həyat yoldaşı Sultanova və qızı Elvira Böyük Britaniyada poçt ünvanı kimi "Kornerstone”nin ünvanını qeyd edib. 

Jurnalistlərin sorğusuna cavab olaraq Kuxaleişvilini təmsil edən hüquq şirkəti deyib ki, o, hər hansı nüfuz və ya təsir altında Eyyubovun ailə üzvlərinin Gürcüstanda və Böyük Britaniyada mülklərini idarə etməyib. 

"Kukhaleişvili və ya "Kornerstone” şirkətinin bütün müştəriləri ilə biznes əlaqələri leqal və qanunauyğundur”, – firma yazır. ""Kornerstone” fəxr edir ki, bütün müştərilərlə bağlı lazımi uyğunluq və normativ tələblərin yerinə yetirilməsini təmin edir”. 

Digər Britaniya şirkəti "Rockbridge Limited” Eyyubovun "Branksome” malikanəsinin baş podratçısı olub və "Somerlese”-də də tikinti işlərinə cəlb edilib. Şirkət eyni zamanda Eyyubovun iki malikanəsinin arasında yerləşən və Papaşvilinin həyat yoldaşına məxsus olan Courtenay prospektindəki başqa bir malikanədə- "Ridgefield”də də eyni işə cəlb edilib.

"UK Companies House” sənədlərinə görə, "Rockbridge” Papaşvilinin qardaşının arvadı Xatuna Parcanadze və Papaşvili ailəsinin başqa bir ortağına məxsusdur. 

Papaşvili və Eyyubovlar təkcə Courtenay prospektində qonşu deyillər. Eyyubovun qızı Elviranın sahib olduğu üç mənzilli "Visage Apartments”da Papaşvilinin qızının da penthausu var. 

Əlavə məlumatlar: Marika Dudunia (Studio Monitori) və Robert Denis (OCCRP).