“Bəylər Əyyubun qohumu olduğunu deyən adamlar oğlumu hədələyir”

“Bəylər Əyyubun qohumu olduğunu deyən adamlar oğlumu hədələyir”

06-10-2022 12:54 / Bu xəbər 1369 dəfə oxundu

Bakı sakini iddia edir ki, oğlunu "Bandotdel”ə aparıb "sındırmaq” istəyirlər

"Özlərini Bəylər Əyyubovun qohumları kimi təqdim edən şəxslər oğlumu "Bandotdel”ə (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur -red) apartdıracaqları, "sındıracaqlarıyla” hədələyiblər. Sabahı gün "Bandotdel”dən zəng gəlib, ora çağırılıb. Oğlum da bunun sifariş olduğunu anladığından, iki həftədir ki, evindən didərgin düşüb”.

Bakı sakini Elxan Qasımov Meydan TV-yə oğlu Vüsal Qasımzadənin başına gələnlərdən danışır. 

Atanın sözlərinə görə, oğlu təhdidlərə, hədələrə görə evində qalmır, onu təhdid edən şəxslərdən gizlənir.

Elxan Qasımov danışır ki, 29 yaşlı oğlu Vüsal 4-5 ildir armatur alqı-satqısıyla məşğul olur: "Sexlərdən alırdı, bazarlara verirdi, pullarını toplayıb, aparıb ödəyirdi. Bu ilin mayında Xəyal adında bir nəfər oğluma təklif elədi ki, armaturu başqasından almasın, onun tanıdığı adamlardan alsın, birlikdə işləsinlər. Oğlum da razılaşıb. Xəyal ona əlində külli miqdarda armatur və məftil materialları olduğunu deyib. Həmin malların Daxili İşlər Nazirliyinin Seyidağa adlı vəzifəli şəxsinə məxsus olduğunu bildirib. Oğlum bazarda armaturun qiymətinin tez-tez dəyişdiyini, ona görə də topdan mal almağın riskli olduğunu desə də, Xəyal arxayın edib ki, qiyməti düşəndə fərq nəzərə alınacaq”.

Ata deyir, bu razılaşmadan sonra oğlu Xəyaldan 210 ton armatur, 30 ton məftil (cəmi 240 min manatlıq) alıb: "Hissə-hissə olmaqla avqustun əvvəllərinə qədər Xəyala 195 min manat pul verib. Armaturun qiyməti həmin aralarda ucuzlaşdığına görə, 43 min manat qiymət fərqinə, 9 min manat yüklərin daşınmasına çıxdığını deyib”.

Elxan Qasımov deyir, Vüsaldan əvvəl 43 min manat tələb edilib, ancaq sonra tələb olunan məbləğ 177 min manata qaldırılıb: "Xəyal onu "Ay işığı” restoranına çağırıb. Burada özünü Bilman adıyla təqdim edən şəxs Vüsala deyib ki, həm avtoritetdir, həm də Bəylər Əyyubovun qohumudur. Artmaturlar Daxili İşlər Nazirliyində işləyən Seyidağa adlı məmurundur. 177 min manatın ona "perevod” edildiyini deyib, oğlumdan tələb edib ki, qısa zamanda pulu düzəldib ona çatdırsın. Deyib, gətirməsən, səni də, ailə-uşağını da girov götürəcəyik”.


Foto: Vüsal Qasımzadənın yaxınlarının arxivindən

Atanın sözlərinə görə, oğlunu bıçaqla hədələyiblər, döyüblər, hədə-qorxu altında oğluna 177 min manat borcu olması və tez bir zamanda ödəyəcəyi ilə bağlı yazdırıblar, maşınını əlindən alıblar, evini də əlindən alacaqlarıyla hədələyiblər. 

O da Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurub, başına gələnləri danışıb. 102 Xidməti Vüsal Qasımzadəni Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə yönləndirib. Qısa vaxtdan sonra Xəyal adlı şəxs Vüsala mesaj yazıb: "Oğluma yazıb ki, bizdən polisə şikayət etmisən, səhər səni "bandotdel”dən Elşad çağıracaq. Bilman da zəng vurub deyib ki, ora-bura boşuna şikayət eləmə, sənə vaxt vermişik, dediyimiz məbləği gətir, çatdır”. Sabahı gün elə də oldu. Vüsala zəng vuraraq onu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Baş İdarəsinə çağırdılar. Oğlum da bunun sifariş olduğunu, "bandotdel”ə düşərsə, işgəncə görəcəyini düşünüb, getmədi”.

Elxan Qasımovun sözlərinə görə, o gün – bu gün, oğlu evindən, ailəsindən didərgin düşüb, həmin şəxslərdən gizlənir ki, əllərinə keçsə, işgəncəylə məbləği boynuna qoya bilərlər.

Vüsal Qasımzadənin vəkili İlqar Rüstəmov Meydan TV-yə bildirib ki, müvəkkilinə gələn zənglə bağlı həmin nömrəyə zəng vurub, həmin şəxs adının Elşad olduğunu deyib, ancaq soyadını və vəzifəsini bildirməyib: "Mən ondan müvəkkilimi istintaqa, yoxsa təhqiqata çağırdığını öyrənmək istədim, məlumat vermədi. Maraqlıdır ki, Xəyal adlı şəxs Vüsala hələ bir gün əvvəldən mesaj yazaraq onu "Bandotdel”dən məhz Elşad adlı əməkdaş tərəfindən çağıralacağını bildirmişdi. Ona görə də növbəti gün soyadını,vəzifəsini təqdim etməyən Elşad adlı şəxs zəng vuranda, Vüsal getməyib, rəsmi bildiriş göndərməsini istəyib”.

Daxili İşlər Nazirltiyinin mətbuat xidmətindənsə bildirilib ki, Vüsal Qasımzadənin DİN 102 Xidmətinə etdiyi şikayət Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırılıb. Ancaq dedikləri təsdiqini tapmayıb. 

Eyni zamanda, Vüsal Qasımzadənin vətəndaşlara külli miqdarda ziyan vurmasıyla bağlı daxili işlər orqanlarına müraciət daxil olub. Həmin müraciətlə bağlı araşdırma aparılır.