Fermer nazirliyi tənqid etdi: "Qoyunçuluq məhv olur..."

Fermer nazirliyi tənqid etdi:

20-06-2024 01:14 / Bu xəbər 792 dəfə oxundu

"Nazirliyin heç bir dəstəyi yoxdur" 

"Azəbaycanda qoyunçuluq kütləvi şəkildə məhv edilir. Əfsuslar olsun ki, bu gün bu Muğan torpağında Kənd Təsərrüfatı Nazirliyinin heç bir dəstəyini hiss etmirik. Sovet vaxtı belə bir qanun var idi ki, qışlağın 3 faizini şumlaya bilərdin. Ancaq indi bir qoyuna qış dövrü üçün 100  kq arpa, 120 kq ot tədarük etməlisən ki, o qoyunu qışdan çıxarasan. Çox təəssüf ki, bizim bunu istehsal etməyə imkanımız yoxdur. Torpağı 3 faizdən artıq şumlayanda dərhal cərimə yazırlar ki, niyə artıq şumladın. İndi də suyumuzu kəsiblər".

Bu sözləri salyanlı fermer Cavanşir Qasımov "Sitat.info"ya kənd təsərrüfatındakı problemləri danışarkən deyib.

C.Qasımov qoyunçuluğun getdikcə sıradan çıxdığını, ölkədə xırdabuynuzlu heyvanların 90-ci illərin əvvələri ilə müqayisədə dəfələrlə az olduğunu bildirib: "Mən 95-ci ildə Kənd Təsərrüfatı Nazirliyində qoyunçuluq sahəsində çalışan zaman, ölkədə 9,5 milyon  qoyun var idi, Həmin dönəm Azərbaycan xaricdən bir dənə də heyvan idxal etmirdi".

"Bu gün biz Ukraynadan, Rusiyadan, Gürcüstandan, Hindistandan ət idxal edir və diri heyvan gətiririk. Buna görə də kifayət qədər valyuta ölkədən çıxır. Bu gün öz kəndlimizin saxladığı heyvanın ətinə 20 manat verib alırıqsa, o pul ölkədə qalır, ancaq Gürcüstandan alırıqsa, həmin 20 manatın 2-3 manatı yerli alverçidə qalır, qalanı isə gürcünün, rusun kəndlisinə qismət olur", - deyə o bildirib. 

Fermer  deyir ki, Azərbaycanda 9 qoyun cinsi olub, lakin vu gün onlardan biri də qalmayıb: "Bu gün Kənd Təsərrüfatı Nazirliyinin işçilərindən həmin cinslərin adlarını soruşsan, bəlkə də, bilməyəcəklər. 2024-cü ildə biz elə problemlərlə üzləşirik ki, bundan danışmaq utancdır. Təsəvvür edin ki, heyvanların suyunu kəsirlər. Bu yolla bizi buradan çıxarmaq istəyirlər. Fermerlərin torpaqlarını müxtəlif yollarla əllərindən alırlar. Mən cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirəm ki, bu məsələdə bizə yardımçı olsun. Əslində belə xırda məsələlərə görə prezidentdə müraciət edəcəyiksə, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin nə mənası var?".