Bir ev var çox uzaqlarda...

Bir ev var çox uzaqlarda...

16-08-2023 21:08 / Bu xəbər 2791 dəfə oxundu

Günel İbrahim

Səmanın bu günə kimi sevincli günləri az olmamışdı, amma bu gün içində tam başqa bir hiss vardı.

Sabahın açılmasını səbirsizliklə gözləyirdi, çünki, nəhayət, həsrətinə son qoyacaq, el-obasına qovuşacaqdı. 

O topaqlardan otuz il əvvəl, doqquz yaşındaykən çıxmışdı. Evlərini, həyətlərini, məktəbini, qonşularını, küçələrini – oradakı hər şeyi xəyal kimi xatırlayırdı. Amma qəribə şəkildə doğma torpaq sevgisi bütün ruhunu dolaşırdı. O yerləri təkrar görsə, ağır bir yükdən azad olacaqdı. 

Əslində, onu bu torpaqlara çəkən başqa ciddi səbəblər də vardı.

Aprelin çiçək qoxulu bir gecəsi bir çox azərbaycanlı kimi Səmanın ailəsi də Kəlbəcəri, el-obasını, ev-eşiyini, xatirələrini, doğmalarının məzarlarını tərk etmək məcburiyyətində qalmışdı. 

Onlar əvvəlcə Naftalanda sanatoriyaya yerləşdirilmişdilər. Burada işğal altında olan digər rayonlardan da xeyli məcburi köçkün məskunlaşmışdı. 2011-ci ilə qədər burada yaşasalar da, sonradan Goranboya köçüb, orada yaşamağa başlamışdılar. 

Səma sadə bir ailədə dünyaya gəlmişdi, üç bacı, bir qardaş idilər. Anası övladları üçün saçlarını ağardan fədakar bir qadın, atası isə mühəndis idi. Səmanın dayısının yaşı az olduğu üçün atası onu da öz oğlu kimi böyüdürdü. Dayısı Səma ilə yaşıd idi. Dərsə də onunla birgə hər gün bir gedib-gəlirdi. O, valideynlərinə çox bağlıydı, buna görə də ailədəki digər uşaqlardan seçilirdi.

Atası axşamlar işdən gələndə nə qədər yorğun olsa da, Səmanın da, dayısının da dərslərini soruşar, tapşırıqlarını yoxlayar, bilmədikləri nəsə olanda izah edər, sonra yatardı. 

Qəhrəman kişi özü də mütaliəni çox sevər, bir kitabı bir gündə oxuyub bitirər, bəzən də əsərin məzmununu övladlarına danışardı. Rus dilini mükəmməl bilirdi, ona görə də rus ədəbiyyatını orijinaldan oxuyardı.

Qəhrəman kişigil dörd qardaş olsa da, anasının tək övladıydı. Digər üç qardaşı atasının birinci xanımından olmuşdu. 

Təbiətcə çox vətənpərvər, mərd, dostcanlı, dürüst, yalanı sevməyən insan idi. Ailəsi və övladları qədər vətəni də sevirdi. Səfərbərlik elan ediləndə də müharibəyə könüllü yollanmışdı. Onu anasının tək övladı olduğu üçün aparmaq istəməsələr də, israrla çıxıb getmişdi.

Müharibənin qızğın vaxtı Şuşada qardaşı ilə rastlaşmışdı. Onda kazarmaya əsgərlərə yemək aparanlar arasında idi. İdarə rəhbəri işləyən qardaşı ona yaxınlaşıb israrla evə qayıtmasını istəmişdi, amma imtina etmişdi. 
 
Əlini qürurla qardaşının çiyninə qoyub:

- Biz yenidən Kəlbəcərə - evimizə dönəcəyik. Mənə görə narahat olma. Dörd qardaşdan heç olmasa, biri döyüşməlidir də – deyə gülümsəmişdi. Amma müharibə öz aci nəticəsini ona da daddırmışdı. 

Bir müddət sonra Murovdağ istiqamətində şiddətli döyüşlərə qoşulmuş, bir daha ondan heç bir xəbər alınmamışdı. Nə özünü görən olmuşdu, nə də nəşini.
Ailəsinə bu ağır xəbəri də döyüş yoldaşları çatdırmışdı.
 
"Qəhrəman şəhid oldu”, - deyə ailəsinə zəng edən əsgərlərdən biri hönkürmüşdü. 

O gün 9 yaşlı Səmanın dünyası başına yıxılmışdı. Atasızlığından çox atasının soyuq bədəninə belə sarıla bilməmək, təsəlli tapa biləcəyi, dərdləşmək istəyəndə, çox darıxanda üz tutacağı soyuq bir məzarının olmaması canını yandırmışdı. Bu yara, bu acı ilə gəlib çatmışdı qırx yaşa...

Bu gecə sabaha kimi yuxusuz qalsa da, özünü çox gümrah, sevincli, xoşbəxt hiss etməsinin səbəbi də əslində doğma yurda qayıdış, kəndinə qovuşmaq idi...
 
Hiss edirdi ki, ürəyi özündən əvvəl  uçub Kəlbəcərə çatmışdı. 

Səhər erkəndən yoldaşı Səxavətlə yola düşərkən belə status paylaşmışdı:

- Bir neçə gün burada olmayacağam, Vətənə gedirəm. Kim tort sifariş etmək istəsə, yazsın, qayıdan kimi bişirəcəyəm. 

Bütün yolboyu şəkillər, videolar çəkib paylaşmışdı. Rayondan çıxmamış, tanışlar, dostlar Səmagilə - Bu maşın sizi ora aparmaz, - demişdilər. Amma onlar heç kəsin sözünə məhəl qoymamış, yola çıxmışdılar. Budur, nəhayət, Murova çatmışdılar.

Murova ayaq basanda gözlərini yumub dərin bir nəfəs aldı Səma. Od parçası kimi yanaqlarını yandıra-yandıra gözlərindən süzülən biixtiyar yaşlar sərin Murov mehi ilə qovuşunca anidən səksəndi. Elə bil, meh yox, nəfəs idi üzünə toxunan: ilıq, doğma, sevgi, mərhəmət, həsrət dolu bir nəfəs.

Canına can verən ata nəfəsi. Gözlərini açıb əzəmətli dağları, bir də yoldaşı Səxavəti görüncə, sağa-sola boylandı. Kimsəni görməyincə qollarını sona qədər açıb, təkrar gözlərini yumdu: 

- Ata, bilirəm, burdasan, üzümə toxunan sən idin, əminəm. Gəl sarılaq, bax, mən gəldim, qızın Səma... Çox böyümüşəm hə, saçlarıma dən də düşüb. Bəlkə, tanımadın? Bəlkə də, gözündə, yaddaşında hələ də doqquz yaşlı, hər sabah əlindən tutub bağçaya, məktəbə apardığın balaca qızcığaz qalıb? Yox, mən nə danışıram, bağışla, ata. Təmiz unutmuşam ki, axı biz səni görə bilməyib, sarıla bilmədən hiss edərək yaşamış olsaq da, illərdir, sən daim bizimlə olmusan, bizi görmüsən, bizimlə yaşamısan, bizimlə yaşlanmısan. Sən bizim hamımızı tanıyırsan...

Səxavət Səmaya yaxınlaşıb:
- Mənimləsən? Nəsə dedin? 
Səma gözlərini açmadan cavab verdi:
- Yox, ay Səxavət, atamla dərdləşirəm. 

Səxavət nə deyəcəyini, onu necə təsəlli edəcəyini bilmir, əlacı sağ əli ilə Səmanın kürəyini ovuşdurmaqda görürdü.

- Danış, Səma, dərdləş deyib üzünü yana çevirib hiss etdirmədən gözlərini silirdi.

Səxavət Səmanı o qədər gözəl anlayırdı ki...
 
O, Səmanın anasının dayısı oğlu idi. İllərdir həm Səmanın, həm də bibisi qızının nə acılar, necə zülmlər çəkdiyinin canlı şahidi olmuşdu.

Səma ömründə heç bu qədər rahat, xoşbəxt etməmişdi özünü. İllər sonra atasına qovuşmuşdu. Dərləşməyə soyuq bir məzarı olmayan, ürəyində dəfn etdiyi, ürəyinin ən gözəl cənnətini, guşəsini ayırmış olduğu atası ilə otuz il sonra ilk dəfə bu qədər yaxın idi. Qovuşmuşdu canının can parçasına. 

Əslində, Səma bura il ayaq basanda var gücü ilə, səsi çıxana kimi, "atam, mən gəldim” deyə qışqırmaq istəsə də, səsi çıxmamışdı, boğazını qübar tutmuşdu. Ona görə də sakit, təmkinli şəkildə atası ilə söhbət edirdi: 

- Ehhh, Murov, qarlı Murov, qanlı Murov, ucalığın əbəs deyil, əlçatmazlığın da. Çünki ucalara, əlçatmazlara məskənsən, məzarsan. Torpağın qanlardan, canlardan yoğrulub axı. Ona görə alınmaz qalasan. Evi, yaşı, statusu, mövqeyi, kimliyi, düşüncəsi, ailəsi başqa-başqa, yad olan nə çox insanı bir nöqtədə, bir məqamda, bir taledə birləşdirirsən. Nə çox qızın, ananın, qardaşın, atanın, övladın, gəlinin göz yaşını, ah naləsini duyub qulaqların. Sən də ən azı bizim qədər yaralı, bizim qədər qürurlusan, bilirəm...

- Canım atam, nə qədər ayrılmaq istəməsəm də, evimizə, yurdumuza da getməliyəm, orada nə çox xatirələrimiz var, - deyib göz yaşları içində son dəfə ətrafa, əzəmətli Murova nəzər saldı və maşına əyləşdi. 

İstiqamətləri Kəlbəcərin Keşdək kəndi idi. Həm Səxavət, həm də Səma uşaqlıqlarını, xoşbəxt, qayğısız günlərini xatirə qoyub çıxdıqları ata yurdlarına, evlərinə gedirdi...

Dağılıb, uçulub tökülmüş, xarabalıqlara çevrilmiş evlərini görmək nə qədər ürək parçalayan bir mənzərə olsa da, xatirələri, qonşu uşaqlarla hay-küylə qaçma-tutma, gizlən-qaç, yeddi kramit, çilin-çubuq, qodu-qodu, beş daş,aşıq-aşıq oynadıqları günlərə, Cənnət nənənin ətirli çörəyini parçalayıb yedikləri anlara, dünyadan bixəbər, xoşbəxt illərə dönmək bir o qədər xoş idi. 

Məktəbin tozlu, daşlı yollarına baxınca Səmanın göz yaşları yenidən sel oldu: 

- Atam hər sabah məni dayımla burdan aparardı məktəbə, yadındadır, Səxavət? Burda hər axşam oynayardıq. Atam işdən gələndə qaçıb qucağına hoppanardım. 

Hamımızı bir-bir öpərdi: - Oynadığınızın yarısı qədər də kitab oxuyun, ay dəcəllər, - deyərdi. Kaş atam sağ olaydı. Kaş bu günləri görmək qismət olaydı atama. Ürəyi dağa dönərdi, ən çox o sevinərdi ki, torpaqlarımız azad edilib...

Beş gün boyunca Qarabağı az qala qarış-qarış dolanan Səma ən çox Murovda, bir də ata yurdunda dağılıb tökülmüş olsa da, evlərinin zamana, həyata, qara günlərə qarşı dimdik durmağa çalışmış uçuq, yarımçıq divarlarının arasında dolaşarkən rahat, xoşbəxt hiss etdi özünü. Gözəl evlərindən əsər-əlamət qalmamışdı. Bir zamanlar həyat dolu xoşbəxt yuvadan geriyə bir neçə divar, dağılmış daşlar qalmışdı.

Bu divarlar özündə həsrət, sevgi, şəhidlik qüruru kimi çox acı və şirin xatirələri əks etdirirdi.

Səma hər zaman atasının adı ilə özünü hər yerdə Səma Qəhrəmanqızı olaraq təqdim etsə də, heç yerdə özünü şəhid qızı kimi gözə soxmamışdı. Atasının igidliyi, mərdliyi barədə atasının dostlarından eşitmişdilər. 

Qəhrəman kişinin taleyi sanki adına yansımış, özü kimi vəfalı dostlar qazana bilmiş, şəhidliyindən sonra da həmin dostları onun ailəsinə, övladlarına lazım olduqda dəstək olmuş, hər zaman qayğı, sevgi, diqqətlərini hiss etdirmişdilər. 

Səmanın anası zəhməti ilə övladlarını böyütdüyü ən çətin zamanlarında belə şəhid ailəsi olaraq ev üçün müraciət etsə də, onlara ev ayrılmamasını belə problem etməmiş, bu işin arxasınca düşməmişdi. Bəli, belə ləyaqətli ailəsi vardı Qəhrəman kişinin.

Turşsu, İsabulağı, İstisu, Cıdırdüzünü dolanıb, şəhidlərin xatriəsinə salınmış xiyabanı ziyarət etmişdilər. 

Səma öz əlləri ilə yüz əlli güldən hazırladığı əklili həmin xiyabana qoymuşdu. Hətta üzərinə yazı da yazdırmış, bir Azərbaycan bayrağı da alıb ora asmışdı. 

Hər yanı gəzdikdən sonra geri qayıtmaq üçün yola çıxdıqda ata yurduna bir daha baş çəkib, elə yola çıxmağa qərar vermişdi Səmagil. 

Səma evlərinin uçuq divarının daşına alnını söykəyib əllərini daşların üzərində gəzdirdi: 
- Bu dəfə salamat qal, ata, salamat qal evim,  görüşərik yenə - deyib maşına əyləşdi. 

Maşın kəndin tozlu yolları ilə irəliləyən maşın uzaqlaşdıqca evləri sanki kıdır dolu baxışlarla əl sallayırdı Səmagilin arxasınca. 

Səma arxa şüşədən gözünü bir an belə qırpmadan evlərinə zilləmişdi. Elə bil, gözünü qırpsa, evlərini bir daha yerində görə bilməyəcəkmiş kimi hiss edirdi. İllər sonra qovuşub ayrılmaq Səmaya sanki atasını, evlərini itirdiyi ilk gün kimi hiss etdirdi... 

Maşın uzaqlaşmağa davam edir, Səma tez-tez: - Bir az da yavaş sür, Səxavət, çox uzaqlaşdıq eee, evimiz zorla görünür” - deyə təlaşlanırdı. Bax, artıq görünmür evimiz, gözdən itdi, itirdim mən onu yenə...

Əlacsız halda bir az da incik səslə dodağının altında nəsə deyib telefonu aldı əlinə. Ovuclarının içi tərləmişdi. Telefonun ekran kilidini açıb nə isə yazmağa başladı:

- Bir ev var çox uzaqlarda... Uşaqlığımızı,  xəyallarımızı, ən qayğısız,  xoşbəxt günlərimizi qoyub getdiyimiz və bu gün həsrətlə baxdığımız bir ev. Atadır o evin adı və ünvanı...