Bir qarışqa ömürdə dünya boyda darıxmaq...

Bir qarışqa ömürdə dünya boyda darıxmaq...

15-07-2023 16:30 / Bu xəbər 2767 dəfə oxundu

Günel İbrahim

Bu sabah saatın zəngi çalmamış oyanmışdı. Əslində, gecəni sabahacan elə də rahat yuxu yatmamışdı. Yenə şıltaqlığı tutmuşdu ürəyinin. Gah anidən məngənəyə düşmüş kimi sıxılır, gah elə tez-tez döyünürdü ki, elə bil, ardınca yüz atlı çapar gəlir. Belə olanda ürəyinin səsi qulaqlarına gəlirdi, bu da azmış kimi ürəyinin təlatümü, çırpınısı sinəsinin üstündən belə hiss olunurdu. Sudan çıxmış balıq kimi çırpınan ürəyini üstdən əli ilə saxlamaq istəyirdi, amma ürəyi yaralı şir kimi sinəsinin üstündən əlini də öz çırpınışı ilə titrədirdi...

Bəzən də ürəyi sanki illərdi işləməkdən yorulmuş, özünə istirahət verməyi qərara almış kimi fasilə edir, döyünməyi unudur, sonra anidən qəflət yuxusundan oyanmış kimi işləməyə məcbur olduğunu xatırlayıb asta-asta atır, illərin dərdlərinə sinə gəlmiş bir cismi güclə həyatda tutur, yükü özündən böyük arabalar kimi ləngər vura-vura, ağır-ağır döyünürdü...

Beləcə haldan-hala düşə-düşə sabahlamışdı gecəni. Xoruzların ban səsi duyulunca durmağa adətkar olsa da, bu gün heç halı yox idi. Canındakı bu qarışıq ağrıları heç də umursamırdı, çünki dərdinin nə olduğunu bilirdi. Yenə müayinələrinin vaxtı çatmışdı. Həkimə getmək dərd deyildi əslində, o, asan məsələdir. Əsas və çətin olan hər müayinə zamanı ona yazılan bahalı reseptlərdəki firma dərmanlarını almaq idi. Axı 200 manat maaşla hansı bir problem həll etsin? Bu gün-sabah canı haldan düşüb taqəti qalmayınca heç o maaş da olmayacaqdı. O zaman aqibəti necə olacaqdı?

Eehhh… Az düşün, ay  Mahmud, qalx görək, başına nə gəlir?! Yorğanı ehmallıca kənara qoyub birtəhər ayağa qalxmağa güc topladı. Yerindən birbaşa qalxa biləcək gücü olmadığı üçün əvvəlcə yatağında oturdu. Dərinə çökmüş, nuru ölən dəniz mavisi gözlərini qıyıb qapının arxasındakı sönmüş sobaya nəzər saldı:

- Ay soba, deyirəm, sənin də alovun, odun sönüb mənim həyatımın günəşi kimi. Zarafat-zarafat, nə az, nə çox, 35 ildir ki, sən də mən ixtiyarla birgə ömür sürdün bu  daxmada. Hər anımın, acılı-şirinli xatirəmin canlı şahidi oldun. Dilin ola, danışasan, səndə də nə ömür hekayələrim yatır. Sən də yaralısan, neçə zədən var. Öz ağlımca təmir etməyə çalışsam da, yenə də səni əvvəlki kimi edə bilməmişəm, yerləri görünür yaralarının, izləri qalıb bir-bir hamısının. Həyat budur, neyləmək olar? Öncə yaralanarsan, sonra "sağaldı" deyərkən dönüb görərsən ki, həmin yaralar özündən sonra dərin izlər qoyub gedib. Sanki yaralar da unudulmaq istəmir, hər nəzər saldığında keçmişi xatırlatmaq istəyir. 

Dizləri əsə-əsə yerindən qalxdı. Balağı, dizləri süzülmüş, cırılmaq üçün bir himə bənd olan gecə paltarının ayaqlarını uzunboğaz corabının içinə yaxşıca yerləşdirdikdən sonra rəngi qaçmış şalvarını əyninə geyindi. 

20 ildən çox idi işlətdiyi üzü soyulmuş dəri kəməri də ehmallıca bərkidəndən sonra gecə köynəyinin qollarını əli ilə tutdu ki, yun jaketini geyinən zaman qolları yuxarı qalxıb dirsəyinin üstündə topalanmasın. 

Jaketi də köhnəlmişdi. İllər olurdu ki, əyninə təzə paltar almırdı. Bir bəylik kostyumu idi yeni kimi qalan. O da 1972-ci ildə Bəsti ilə evlənəndə almışdı. Bu "təzə paltar”ın da 51 yaşı vardı. Əynini geyinib yenicə bitirirdi ki, saatın zənginin qulaq batıran cingiltili səsi otaqla bir oldu. 

Mahmud kişi keyfini belə pozmadan sakit bir halda saatı əlinə alıb zəngi söndürdü. Sonra bir az saatın əqrəblərinin aramlı hərəkətini gözləri ilə təqib edərək dərin bir ah çəkdi:

— Bir zamanlar cavanlıq idi, gənc idim, elə bilirdim ki, keçən zamandır. Sən saat işlədikcə, əqrəbin addım-addım irəlilədikcə düşünürdüm ki, sadəcə, saatlar bir-birini əvəz edir. İndi anlayıram ki, sən demə, keçən zaman yox,  ömrüm imiş. Bəsdir tənbəllik etdin, gileyləndin, qoca Mahmud, qalx, iş-güc səni gözləyir - deyib sobaya doğru addımladı. Axşamdan sobanın qarşısındakı mis sininin içinə topladığı quru odun qırıqlarını sobaya doldurdu. Sonra əsgidən hazırladığı düyünçəni nöyütə batırıb odunların altından yerləşdirdi. Əlləri əsə-əsə kibriti alışdırıb sobanı yandırdı. Samovarı da su ilə dolu idi. Bu adət ona rəhmətlik anası Sənəmdən keçmişdi. O hər zaman sabah erkəndən durunca vaxt itirməmək, 12 nəfərlik külfətin yeməyini, çayını çatdırmaq, sahəyə gec qalmamaq üçün samovarını axşamdan su ilə doldurar, caydanını yuyub,  təmizləyib içinin quru çayını tökər, sobasını odlamağa hər şeyi hazır qoyardı. Mahmud da bu yaşa kimi anasından öyrəndiklərini özünə adətə çevirmiş, daim buna sadiq qalmışdı. Hətta arvadına belə bunu adət etdirmişdi. 

Uşaq yaşdan atası müharibədə itkin düşdüyü üçün onu anası böyütmüşdü. Anasının vəfatından sonra həyat yoldaşını da itirmək onu xeyli sarsıtmışdı. Amma yaşadıqlarının arasında Mahmuda ən böyük zərbə aman-zaman, gözünün ağı-qarası bircə balasının onlardan imtina etməsi idi. Həyat meydanında hər çətinliyə, sınağa pis-yaxşı sinə gəlməyə çalışmışdı bu günə kimi. Yaşadığı heç bir şey onu yıxa bilməmişdi. Tam tərsinə, aldığı hər yaradan bir az daha bərkimişdi. Bircə oğlunun dərdi belini bükmüş, gözündəki işığı yox etmişdi. Oğlu Yasin uşaq yaşdan özündənrazı, dəcəl, inadkar idi. Dostları ilə yaxşı davranmaz, çoxu ilə yola getməz, aza qane olmazdı. 

Gözü hər zaman yüksəklərdə idi. Tənbəlliyi də qüsurlarının duz-bibəriydi. Elə o zamanlardan ata-anasının canını dərd götürmüşdü ki, bu uşağın gələcəyi necə olacaq? Elə narahat olmaqlarında da haqlı idilər. Qorxduqları başlarına gəlmişdi. Moskvada oxumaq adı ilə evdən çıxandan bəri valideynlərini ancaq pul lazım olandan-olana axtarar, pulu əlinə alandan sonra növbəti istəyə qədər onları unudardı. Yazıqlar neçə dəfə kənddən gedən dost-tanışlarla, məktublar yollamaqla ondan gəlməsini xahiş etsələr də, nəticəsiz qalmışdı. 

Elə həyat yoldaşı Bəstinin xəstəlik tapmasının, vaxtsız ölümünün səbəblərindən biri də oğullarının bu laqeydliyi, belə davranışları olmuşdu. Artıq 8 ildən çox idi ki, ondan heç bir xəbər yox idi. Bircə illər əvvəl ən son ordan gələn bir həmkəndlilərinin dediyindən onu bilirdilər ki, bir rus xanımla ailə qurub, bir qız övladları var. Bundan başqa heç nə bilmirdilər. Heç anasının ölümü belə daşlaşmış vicdanını əritməyə yetməmiş, o zaman belə gəlməmişdi. Xəbəri alanda verdiyi reaksiya ürəklər dağlamışdı. Çünki gəlməsə belə, üzülmək yerinə: "Ay kişi, boş dünyada yaşayırıq, hamımız öləcəyik vaxtı çatanda. Kim dünyanı tutub duracaq ki?  Anam da vaxtı çatıb, köç edib dəə... Guya mən getsəm, diriləcək? Allah rəhmət eləsin. Yaranmışıq ölmək üçün. Əgər onlar yaxşı ata-ana olsaydı, mənimçün ev, maşın, təhsil, yaxşı şərait, imkan təmin edərdilər. Bu gün də mən yanlarında olardım, indi məndən ayrı qalmış olmazdılar", - deyib hər kəsi məəttəl qoymuşdu. Halbuki bir zamanlar Bakıda Neft Sənayesi İnstitutuna qəbul olduğu halda,  əvvəl özü sevərək seçmiş olduğu ixtisasdan imtina etmiş, tərbiyəsiz bir sinif yoldaşının ağlına uyub Moskvada qiyabi oxuyaraq, həm işləyib pul qazanmağa, həm də oradakı rus qızları ilə rahatca  əylənməyin eşqinə ailəsini qoyub getmişdi. Peşmanlıqları özünə həzm etdirə bilmədiyi üçün bu gün ən asana qaçaraq hər şeydə ata-anasını günahlandırmaqla özünü təsəlli etmək idi tək bacardığı. 

Mahmud kişi bu səbəbdən də tək-tənha yaşayırdı. Bu yaşda işləməyə məcbur qalmışdı. Çalışırdı ki, son nəfəsinə kimi canında nə qədər hal var, kimsəyə möhtac qalmasın, yük olmasın. Ona görə də bu yaşda belə işdən əl çəkmirdi. Ehtiyaclarını ödəməyə çalışırdı. İş yerində çox sevilirdi. Hər kəs ona "Əmi" deyə müraciət edirdi. Cavanlar hörmətini saxlayar, lazım olanda ondan məsləhət alardılar. Öz oğlundan övladlıq görməsə də, işlədiyi yerdə mənəvi övladları az deyildi. Ona yaşamaq üçün bir az da işlədiyi yer, qazandığı bu sevgi güc verirdi. 

İsmayıllının Sumağallı kəndinin cənnət kimi gözəl, yaşıllıqlar içində yerləşmiş "Yaşıl ev” istirahət mərkəzinin işçiləri artıq 4 il idi ki, ona dogma ailəsini əvəz edirdi. Onun işi istirahət otaqlarının qarşısında yığılmış  zir-zibili toplamaq, atmaq, təmizliyə nəzarət etməkdən ibarət olsa da, peşəsini çox sevir, məsuliyyətlə yanaşırdı. Həmişə gənclərə də məsləhət verəndə deyirdi ki, fərq etməz hansı peşəyə sahibsiniz. Əsas olan odur ki, məsuliyyətli, halal olun, işinizi vicdanla icra edin, peşənizi sevin. İşin pisi-yaxşısı, böyüyü-kiçiyi olmaz. Onu icra edənin vicdanı, peşəsinə sevgisi, dəyəri, yanaşması o işi gözəlləşdirər, sahibi qədər işin özünü də dəyərli, hörmətli edər. 

Adı "Yaşıl ev” olsa da, bu məkanın qışı da ən az yazı, yayı, payızı qədər füsunkar idi. Buranın qışı da ayrı möcüzə ilə ağuşuna alardı insanı qış gəlincə. Ağacların yaşıl donunu ağ sırsıralar əvəz edər, ən az yaşılın sehrindən pay alıb daha qürurlu duruş sərgilərdi qışın sərtlik qarışıq ilıqlığı da həyata təkbaşına meydan oxuyan yalnız insanlar kimi. Mahmud kişi o səbəbdən bu məkana qarşı başqa bir doğmalıq, yaxınlıq hiss edərdi içdən-içə.

İşə getmək saatı yaxınlaşırdı. Samovarın pıkkıltı səsinin şirin ahəngi ocağın çırtıltı ilə yanıb alovları rəqs etdirdiyi ahənglə səsləşirdi, həsrəti vüsala çevrilmiş sevgililərin eşq nəğməsi kimi. Havada sakit bir qəm, buludlarda ağlamağa dolmuş kövrək uşağın gözlərində yanağı aşağı süzülüb getməyə hazır olan yaş misalı əmrə müntəzir qaranlıqlıq vardı. Hava da qəribə qoxurdu bu sabah. Anlamaq olmurdu nə qoxusudur? Həsrətmi, vüsalmı, kədərmi, dinclikmi, hüznmü, hüzurmu? Niyəsə bu gün həmişəkindən fərqli olan təkcə hava deyildi, elə Mahmud kişi də heç tələsmirdi bu sabah işə… 

Qəribə bir hiss vardı içində, ilk dəfə idi ki, işə getmək istəmirdi. Düşünürdü eləcə, niyə getmək istəmirəm, axı orda məni ailəm gözləyir?! Mənim bu komada otursam da, qalsam da, illərlə qapımı açmağını gözlədiyim kimsə yoxdur axı. Xatirələrim və quru canımdan başqa nəyim var ki, burda? Niyə istəmirəm bu gün bu evdən ayrılmağı? Yoxsa əslində, hər gün belə idi, mənmi fərqinə varmırdım? Hər gün getmək istəmədiyimi heç önəmsəmədən, özümü getmək istədiyimə inandırdığım üçünmü hiss etməmişəm əsl düşüncələrimi? Varmı bir ümidim, bir gün mütləq o gələcək deyə? Ya inanıb, yanılmaqmıdır əsl hisslərimi, istəklərimi dəfn edən? Aman Allahım, bu nədir? Mənə nə olub bu sabah? Gözlərimin yaşı süzülür… Onlara mane olmaqda acizəm,  özümü toparlamalıykən olmayan bir duaya amin demək mənlik deyildi axı… İndi nə baş verir?

Taxta pilləkənlərin içindən yeyib bitirən qurdların səsi ilə qapının cırıltısı üst-üstə düşdü… Qalxıb qapıya sarı getmək istəsə də, bacarmadı. Cırıltı səsi qəribə bir ifa kimi Mahmud kişinin qulaqlarında pərdə-pərdə dilləndi. Başının hərləndiyini, gözlərinin qaraldığını hiss edincə özünü stula çatdırıb oturmaq istədi, amma alınmadı. Kürəyində qəfil başlayan şiddətli sancı getdikcə artmağa başladı. Masadan dəstək almaq istəyi də boşa çıxdı. Armudu stəkana süzdüyü xoruzquyruğu çaydan içdiyi bir qurtum sonuncusu oldu. Özünü ayaqda saxlaya bilməyib döşəməyə sərildi. Ağrı içində qıvrıla-qıvrıla nəfəsi kəsilməyə başladı. Bütün həyatı lent kimi keçdi gözlərinin önündən. 

İlahi, mən  bunları tək-tək yaşamağa ömrümün 68 ilini vermişkən, indi necə saniyələrə yerləşdi 68 il? Hər şeyi hər kəsə izah etmək, açıqlamaq mümkün olar, məncə. Sən Allahsan, səndə məni təəccüb dənizində tərk edən bu sualın da cavabı var, əminəm. Mənim əsl qayğım, təəssüfüm başqadır. Mən çox yox, bir damcı möhlət daha istərdim səndən. Bəlkə də, bir az daha fürsətim olsaydı, özümə etiraf etməkdən qorxduğum bir gerçəkliyi qəbul edərdim ki, nə qədər dilim "Elə övladı silmişəm, ölüb mənim üçün, sağ ikən basdırmışam" desə də, ürəyim hələ də onun gələcəyinə ümidlidir, onun üçün çox darıxıram. Mənə ayrılan zamanın sonuna gəlmişəm artıq, bilirəm, amma çarəsizlik məni əcəlimdən qabaq öldürür. 

Səmazən adlı gəncin sanki mənim taleyimdən yazdığı bu misralar beynimi zəbt etdiyi gündən suallar aləmində itib-batmışam: "Bu qarışqa ömrün bir də fil boyda darıxmağı var” deyirdi misralarda… 

Bəs mən qarışqa ömrümü dünya boyda darıxmaqla keçirdiyiməmi üzülüm, yoxsa bu qarışqa ömrümə fil boyda darıxmağı yerləşdirə bildiyim üçün sevinim?  

…Bu, Mahmud kişinin son çırpınışı oldu… Daha bir həyat çırağı söndü bu dünyada gözlərinin çökəklərində... Amma qarışqa boyda bir ömrə dünya boyda darıxmaq yükünü yükləyə bilmiş qocaman bir çıraq göylərdə ulduza çevrildi o gecə…