Blinkenin İordan çayının qərb sahilinə elan olunmamış səfəri

Blinkenin İordan çayının qərb sahilinə elan olunmamış səfəri

05-11-2023 22:28 / Bu xəbər 1414 dəfə oxundu

ABŞ Dövlət katibi Antoni Blinken bazar günü İordan çayının qərb sahilinə elan olunmamış səfər edib.

O, səfər zamanı Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb.

Blinken həmçinin İsrailin HƏMAS-a qarşı əməliyyatlarının davam etdiyi bir vaxtda ABŞ-ın Qəzzada həyat qurtaran humanitar yardım və əsas xidmətləri bərpa etmək öhdəliyini təsdiqləyib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, o, bazar günü Ramallahda keçirilən danışıqlarda da açıq şəkildə bildirib ki, fələstinlilər zorla köçürülməməlidir.

Miller deyib ki, Blinken və Abbas İordan çayının qərb sahilində sakitlik və sabitliyin bərpası, o cümlədən fələstinlilərə qarşı ekstremist zorakılığın dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi zərurətini müzakirə edib.

Abbas görüş zamanı İsraildən dərhal atəşkəs tələb edib.

Qəzzanın Səhiyyə Nazirliyi bir gecədə qaçqın düşərgəsinə endirilən zərbələr nəticəsində onlarla insanın öldüyünü bildirib.

Blinken İsrailin indiyədək rədd etdiyi humanitar fasilələrə çağırıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA xəbər verir ki, Abbas İsrailin Qəzzanı bombalamasını "soyqırım müharibəsi” kimi pisləyib və Blinkeni "onları bu cür cinayətləri dərhal dayandırmağa” çağırıb.

Dövlət Departamentinin məlumatına görə, ABŞ Dövlət katibi Antoni Blinken "İsraildə və Qəzza zolağında mülki insanların həyatının qorunmasının vacibliyini vurğulayacağı” danışıqlar üçün Türkiyədə olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib: "Biz 1967-ci il sərhədlərinə uyğun, ərazi bütövlüyü və paytaxtı Şərqi Qüds olan, Qəzzanın müstəqil Fələstin dövlətinin bir hissəsi olan dinc bölgə kimi görmək istəyirik".

Ankara həmçinin şənbə günü İsraildəki səfirini geri çağırdığını bildirib.

Ərdoğan ötən ay HƏMAS-ı azadlıq döyüşçüləri kimi təsvir etdikdən və ABŞ, İngiltərə və Qərbdəki digər ölkələrdən fərqli olaraq bu qruplaşmaya terror təşkilatı kimi baxmadığını dedikdən sonra İsrail Türkiyədəki elçilərini geri çağırıb.

ABŞ dövlət katibi Antoni Blinken İsrail-HƏMAS müharibəsi ilə bağlı danışıqlar üçün İsrailə səfərindən sonra şənbə günü İordaniyanın Əmman şəhərinə səfər edib.

Əmmanda Blinken İordaniya rəsmiləri, habelə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Qətərin xarici işlər nazirləri və Fələstin Azadlıq Təşkilatı icraiyyə komitəsinin baş katibi ilə görüşüb.

Onlar Qəzzada humanitar böhrana və İsraillə HƏMAS arasında müharibəyə son qoymaq planları tərtib etmək məqsədilə görüşlər keçiriblər.

Blinken həmçinin şənbə günü Livanın müvəqqəti baş naziri Nəcib Mikati ilə görüşüb.