BQXK avtomobillərinin Laçından keçidi dayandırılıb
11-07-2023 11:50 / Bu xəbər 750 dəfə oxundu
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandan Azərbaycana gələn avtomobillərində müxtəlif növ qaçaqmalın aşkarlandığı bildirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilir ki, artıq bir neçə dəfədir ki, BQXK avtomobilləri ilə Azərbaycana gələn Ermənistan vətəndaşlarında "Laçın" sərhəd-buraxılış məntəqəsində yoxlanış zamanı gizlədilmiş mobil telefonlar və onların ehtiyat hissələri aşkarlanıb.
Qaçaqmal sırasında siqaret və benzinin də aşkarlandığı qeyd olunur.
DSX faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıldığını bildirir.
Eyni zamanda, zəruri istintaq tədbirləri həyata keçirilənə qədər sözügedən buraxılış məntəqəsindən keçidin müvəqqəti dayandırıldığı vurğulanır.
BQXK-nın Azərbaycan nümayəndəliyindən bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Sərhəd-buraxılış məntəqəsi nə vaxt qurulub?
Apreldə Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.
Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.
Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.