Dostlardan bir addım irəlidə olan dost!

Dostlardan bir addım irəlidə olan dost!

08-01-2023 10:53 / Bu xəbər 1401 dəfə oxundu

Aydın Can
 


Jurnalistika sayəsində kifayət qədər insanla rastlaşırsan, təmas yaranır, dost olduqların da olur, dost olmadıqların da, yazının qəhrəmanına çevrilən də, sevdiyin də, düşmən olduğun da bəs qədər, fəqət... nadir hallarda tanış dosta, dost qardaşa çevrilir! 

Bəzən də jurnalistliyinlə bağlı uzaqdan-uzağa tanıdıqların sənin dostlarından və "qardaş” dediklərindən həyatda daha doğma, əziz olur, sən daha çox onların varlığından zövq alırsan, heç sənə fərq eləmir ki, səninlə dost, qardaş, həmkar deyil!

Bu tip adamlar, rus demiş, "vseqda na plavu”, üzdə olan adamlardır, daha doğrusu, siyasətdə və jurnalistikada "okolo da vokruq” olanlardır, yəni birbaşa proseslərin içində olmasa da, hər hansı siyasi partiya və mətbu orqan təmsilçisindən daha çox siyasətçi, daha çox jurnalistdir!

İxtisasları da həkimdən, müəllimdən, mühəndisdən ta hakimə, polisə, biznesmenəcən!

Başqaları dostlarına, həmkarlarına necə münasibət bəsləyir, necə yanaşır, mənə o qədər maraqlı deyil, amma mənə tanıdığım adamın həyatda ləyaqətli performansıdır!
Özüm üçün içimdə bal arısıyam – hər tanıdığımdan, dostumdan bir şirin pay yığıb oxucuma, xalqıma çatdırıram! Ki, övlad böyüdəndə, qız köçürəndə, gəlin gətirəndə, kürəkən sahibi olanda... nəzərə alsınlar! Yaxşıya düzlənə bilsinlər!

1985-ci ildən üzübəri mənim bu xalq üçün "Farağat! Yaxşılara düzlən!” deyib göstərə biləcəyim çox az İnsan Adam var: hərbçi polkovnik, polis generalı, istefada olan hakim, pensiyaya çıxan müəllim, fəaliyyətdə olan siyasətçi, xilaskar həkim... – hərəsindən bir nüsxə, bir ədəd, bir ekzemplyar... nümunə varımdı!

Azərbaycan xalqı o qədər də kasıb xalq deyil 26 millətli polietnik 10 milyonuyla!

Mən, adətən, milli-etnik mənsubiyyəti gözə almıram,  adam hapıtdır, avardır, talışdır, kürddür... fərq etmir, əsl və xas olan... onun dövləti təfəkkürüdür!
Ruslan Dadaşovda bu istisnanı etməyə məcburam!

Ruslan Dadaşova dost deyə bilmirəm – rəhmətlik Elçin Səlcuq demişkən, bir bax gör sənin dost saydıqların da səni dost sayırmı?

Amma Ruslan Dadaşov ölümünə belə dost olası, qardaş qəbul olunası üst düşüncə adamıdır!

Mən Ruslan Dadaşovu hətta əleyhimə danışsa belə, yenə də ürəyimdə tutduğum ucalıqda üstünə külək əsməsinə imkan vermərəm!

Yox, mən Ruslan Dadaşovun tonlarla və hektarlarla yaxşılıq etdiyi sadə azərbaycanlılardan deyiləm ki, bu, mənim üçün yaxşılıq borcu olsun vicdan borcundan da ötə! Mən, uzaqbaşı, Ruslandan bir dostun xanımı üçün notarial yardımdan, bir kəndçim üçün də tərcümə şəraiti xahişindən artığını etməmişəm, əgər  "digər” qrafasında olanları nəzərə almasaq!

Amma Ruslan Dadaşov özü o ucalığı qazanıb: tanıdığım 22 ildə mən adamı bir dəfə də olsun, heç bir epizodda görmədim ki, "obıvatel” azərbaycanlı səviyyəsində etdiyinə haqq qazandırsın ki, "balalarıma xatir...”

Bizim orbitdə, yəni öz ranqımızda (day ya lap kasıb, ya da lap varlı təbəqə yox da), ziyalı saydığımız kontingentin içində Ruslan Dadaşov ƏP sədrinin müavini Elxan Şükürlü, tovuzlu dostum-qardaşım Gülağa Ağazadə ilə birlikdə üçüncü adamdır ki, bu baxımdan istinad mənbəyimdir: 1998-ci ildə bir iş yoldaşım vardı, elə dinən kimi, "uşaqlar... uşaqlar” deyirdi, bir dəfə dözmədim, dedim ki, get bu gün evdə o uşaqlardan soruş gör, onlar sənin belə oğraşlıqla qazandığın çörəyi yemək istəyirlər, ya yox (düzdür, sonra həyat göstərdi ki, o uşaqlar elə o cür çörəyi yeməyi haqq ediblər – alma ağacından uzaq düşməyib)!?

Fəqət... 22 ildir mən bu üç insanın övladları üçün təmiz, saf çörək qazandığını, halallıqla, cəmiyyət üçün üst təbəqəyə layiq, ləyaqətli övlad böyütdüklərini gördüm!
Ruslan Dadaşov həm də əxlaqi baxımdan cəmiyyətin hər zaman arzuladığı imkan sahibidir!

Ruslan Dadaşov maddi, mənəvi, iqtisadi üstünlükləri üstündə heç vaxt manipulyasiya etməyib: səhər evindən mömin çıxdığı kimi, axşam da evinə mömin kimi qayıdıb!
Bu ikinci amildir ki, mən Ruslan Dadaşovu bizdən – dostlardan bir addım irəlidə saymışam, eləcə də cəmiyyətin bir addım irəlidə olan nümayəndələrindən!
Düşdüyü mühitin və maddiyyatın əxlaqını, xarakterini dəyişmədiyi ikinci tanıdığımdır şirvanlı Bəhruz Əzəmidən sonra!

Kəlbəcərli tələbə yoldaşım Şahin Əliyevdən sonra ikinci tanıdığımdır ki, bu günə qədər sonda üzr istəyəsi heç bir hərəkəti olmayıb – hamımızda o qədər belə yanlışlıqlar olub ki!

Əslən Qərbi Zəngəzurlu, Milli Məclisin Tərtərdən olan deputatı Sahib Alıyevdən sonra ikinci tanıdığımdır Ruslan Dadaşov... ilk gündən müdrikliyini nümayiş etdirib və elə müdrik də qalıb!

Ruslan Dadaşov həm də rəhmətılik Şakir Yaqubovdan sonra ikinci tanıdığımdır ki, heç zaman doğru sözün tərəfini verməyib, həmişə də doğru sözü deyib! Doğru sözü qoruyub – Ruslanın ikinci üzünü görən olmayıb Sözünə görə!

Bu fərqli xüsusiyyəti də hesab edirəm ki, elə Şakir Yaqubovla bir kənddən olmağı, bir torpağın suyunu içməyindəndir!

Ruslan Dadaşovu bizdən bir addım irəlidə saxlayan həm də Azərbaycanın və Astaranın ağırtaxta nəslinin nümayəndəsi olmasıdır!

Adam söz deyəndə eynən və eyzən köhnə kişilərin dediyi kimi olur: saqqal tərpədib söz deməyə bərabər, yəni!

Ruslan Dadaşovu daha bir paraleldə təqdim edim, fikrimi yekunlaşdırım: əgər məclisdə varamsa, Ruslan da ordadırsa, bütün tarixi, ədəbi, publisitik, siyasi  bilgilərimə baxmayaraq, mən danışmaq üçün haqqı Ruslana tanıyaram!

Ruslan Dadaşov təmkinlə, ağılla-müdrikliklə, pafossuz çatdırar, konkret istinad mənbələrini göstərər! Hesab edirəm ki, Ruslan Dadaşovla məclisdə olanda ayrı ağıllı, müdrik adamlar da belə edir!

Ruslan Dadaşov ummur onu özümüzdən bir addım irəli verməyi, əksinə, çalışır ki, onunla ayaqlaşa bilək!

Mən 22 il qabaq tanımışam Ruslanı, daha doğrusu, dostlar təqdim edib!

Bu 22 ildə mənim tanıdıqlarım, dost olduqlarım, çoxları ya elə "uşaq ağlında” o illərdə qaldılar, ya "öldülər”, ya "canlı meyit” kimi ildən-ilə keçdilər, ya da...
Amma Ruslan Dadaşov hər Yeni təqvim ilində növbəti ilə adladı – bunu onu tanıyanların hamısı və Yaradan arzuladı!

Böyüdü! Böyük böyüdü!

Ağırtaxta, sanballı, səngin kişilərdən oldu!

Və... bu gün müqayisəli təqdimatda bir məqsədim var: Ruslan Dadaşov... Azərbaycanın istənilən bölgəsinin ən yaxşısı saydığımın üzünə birlikdə çıxası dostdur, qardaşdır, tanışdır: kəlbəcərlinin də, naxçıvanlının da, şirvanlının da, Qərbi Zəngəzurlunun da, tovuzlunun da...

Ruslan Dadaşov öz "oblik”inə-simasına, düşüncəsinə, təfəkkürünə görə bütün azərbaycanlıların təqdirə və tərifəlayiq üzüdür... Talış vizit vərəqi ilə!
Belə Talış Azərbaycan üçün mükafatdır, lotereya uduşudur, milli-dini-etnik vəhdətin ən praqmatik nümunəsi-simvoludur!

Dövləti, onun ideoloji-siyasi tələblərini anlayan, anladan, dini-etnik körükləmələrin mənbəyini bilən, ona qarşı çıxan, amma milli kimliyinin dəyərini azaltmadan, rəxnə salmadan, özünə hörməti haqq edən, özgüvəni dövlətə, vətənə fayda ilə təsbit olunan bu ƏZİZ AZƏRBAYCANlını ad günü münasibəti ilə təbrik edirəm və təəssüfümü bildirirəm ki, bunu bir həftə gec edə bildim: səhhətim imkan vermədiyi üçün!

İstənilən halda, Aydın Can haçan təbrik edirsə, əsl təbrik elə odur! 

Sayğılarla və dərin rəğbət hissiylə, ƏZİZ VƏ BÖYÜK AZƏRBAYCANLI!
Müstəqil Azərbaycanın Astara rayonunun Bala Şahağac kəndinə təşəkkür və təzimlərlə...
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.