Əfqanıstanda ikinci güclü zəlzələ
11-10-2023 14:23 / Bu xəbər 891 dəfə oxundu
Əfqanıstanda 2400 nəfərin həyatını itirdiyi ölümcül zəlzələdən bir neçə gün sonra Herat vilayətində 6,3 bal gücündə daha bir zəlzələ baş verib.
Zəlzələ oktyabrın 11-də, yerli vaxtla səhər tezdən baş verib. Hələlik tam təsirləri ilə bağlı məlumat verilməyib.
Herat qubernatorunun ofisi bildirib ki, əvvəlki zəlzələlər nəticəsində dağıdılmış ərazilərə yaxın rayonlarda "böyük itkilər” olub.
Talibanın başçılıq etdiyi İnformasiya Nazirliyinin sözçüsü Əbdül Vahid Rayan bildirib ki, bu zəlzələ nəticəsində azı 80 nəfər xəsarət alıb.
Həmçinin torpaq sürüşməsi baş verib, Herat-Torqundi magistral yolu bağlanıb.
Taliban rəsmilərinin bildirdiyinə görə, ölkədə son illərin ən güclü zəlzələlərində ən azı 2445 nəfər ölüb, minlərlə adam yaralanıb.
Xilasedicilər və könüllülər həftəsonundan bəri dağılmış kəndlərin xarabalıqlarından sağ qalanları və cəsədləri çıxarmaq üçün gecə-gündüz işləyirlər.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, son zəlzələdən azı 11 min nəfər təsirlənib.