Fahişə

Fahişə

03-02-2024 18:26 / Bu xəbər 2761 dəfə oxundu

(Hekayə) 

Oteldən çıxanda səhər saat 5-ə işləmişdi. Sakit bir gecə idi. Ara-sıra uzaqdan gələn it səslərindən və  gecənin sakitliyini inadla pozmaq istəyən bayquşun boğuq səsli ulamasından başqa səs eşidilmirdi. Küçədə bir ins-cins gözə dəymirdi.

Mən üst-başım tər, viski və siqaret iylərinə bulaşmış halda, cənnət qoxulu balamın yanına gedirdim. O, dünyanın bütün pisliklərindən, çirkinliklərindən xəbərsiz, uzaq məsum mələk kimi yatırdı. Evə gedən kimi hamama girib yuyunacaq, üstümdəki iyrənc qoxuları sabunun gül iyini andıran qoxusu ilə əvəzləyəcək, bədənimdəki bağışlanmaz günahın ləkələrini təmizləyəcəyəm. Bu, artıq mənim ənənəvi həyat tərzimdir. Yol boyu bunları düşünürəm...

Bəs  ruhum? Vicdanım? Onları necə təmizləyəcəyəm? Hər dəfə balamın yanına uzanıb, onu qucaqlayanda vicdan əzabı çəkirəm. Elə bilirəm, öz çirkli bədənimlə və günahkar ruhumla onu da murdarlayıram. Bəzən elə olur ki, üzünə baxa bilmirəm, utanıram. Onun gələcəyi necə olacaq? O, məndən nə tərbiyə və əxlaq öyrənə bilər ki? İndi uşaqdı heç nə anlamır, bəs böyüyəndə necə olacaq? Axı hər şeyi anlayacaq, anasının necə bir qadın olduğunu öyrənəcək. Dostlarının yanında mənə görə utanacaq, əzab çəkəcək. Ya böyüyəndə məni örnək götürsə, mənim kimi olsa, necə...

İlahi, bu düşüncələr yol boyu məni necə də əzir və dözülməz əzablar verirdi.

Bu düşüncələrlə gəlib küçəmizin döngəsindəki məcidin yanına çıxdım. Anidən yüksələn azan səsi məni diksindirdi, düşüncələrimdən ayrıldım. Azanın təsirindən bütün bədənim titrədi. Bir neçə addım qapıya doğru irəliləsəm də, qəfil dayandım, çünki bu qədər günah və mundarlaşmış bədənlə müqqədəs yerə girə bilməzdim. Birdən başım hərləndi, yıxılmamaq üçün məscidin alcaq hasarına söykəndim, özümü saxlaya bilmədim və yerə çökdüm. Daxilimdən gələn, özümün də ayırd edə bilmədiyim bir hissin təsiri ilə hönkür-hönkür ağlamağa başladım. Sonuncu dəfə qucağımda uşaq ailəmin yanına getdiyim və qapıdan qovulduğum zaman belə ağlamışdım...

***

Başımı əllərimin arasına alıb, düşünməyə başladım. Artıq ağlamırdım, sakitləşmişdim. Bütün həyatım gözümün qarşışında film lenti kimi gəlib-keçirdi. Necə olmuşdu bu yola düşmüşdüm? Niyə özümə belə iyrənc həyatı rəva görmüşdüm? Əslində, hər şey ondan ayrılandan sonra başladı. Biz onunla sevib-evlənmişdik. Universitetdə eyni fakültədə oxuyurduq, amma o,  məndən yaşca böyük idi, əsgərlikdən sonra qəbul olmuşdu. Bəzən onların qrupu ilə bəzi dərslərdə birləşirdik. Çox ağıllı, savadlı, mədəni idi. Dərslərini də yaxşı oxuyurdu. Yaraşıqlı demək olmazdı, amma eybəcər də sayılmazdı. Deyib-gülən, əyləncəli idi. Bütün bu saydığım xüsusiyyətlərinə görə hamının diqqətini çəkirdi. Bütün qızlar onun ətrafında dolanır, özlərini ona bəyəndirməyə çalışırdılar. Amma onun diqqəti və bütün nəzəri mənim üzərimdə idi. Hiss edirdim ki, məndən xoşlanır. Bir gün yeməkxanada oturub kofe içirdim. Yanıma gəldi, əlində tutduğu yasəmən gülünü arxasında gizlətmişdi. Əlləri titrəyə-titrəyə gülü mənə uzatdı. Üzü qızarmışdı, dili dolaşırdı, sözləri seçib deyə bilmirdi. Onda mən cəsarətli çıxıb gülü ondan almış və oturmaq təklif etmişdim. O da bu jestimdən sonra özündə cürət tapmışdı...

Sən demə, neçə ay imiş ki, məndən xoşlanır, amma deməyə ürək etmir, utanırmış. Məndən cavab gözləyən, sual dolu baxışlarını üzümə dikib oturmuşdu. Mən ondan yasəmən gülünü sevdiyimi kimdən öyrəndiyini soruşduğumda o, cavabında: 
- Mən, sənə aid olan hər bir şeyi bilirəm, - dedi, - oxuduğun kitablardan, sevdiyin filmlərdən, xoşladığın kofe növündən tutmuş hər şeyi...

Onunla hər şey elə bundan sonra başlandı. Bütün qızların başına dolandığı, universitetin ən sevimli tələbəsi mənə aşiq olmuşdu. Elə bu fikirlə də ona sehirləndim və aşiq oldum. Demək olar ki, bütün günü  vaxtımızı bir keçirirdik, bir-birimizə çox bağlanmışdıq. Onu görmədiyim bir gün mənə bir əsr kimi gəlirdi. Bütün varlığımla, ruhumla özümü ona aid hiss edirdim. Onun sevgisi məni sanki bu dünyadan qoparmışdı, sevgi dünyasında məst olmuşdum, gözüm ondan başqa heç nə görmür, heç nə hiss etmirdim. Ehh insan sevəndə gözü  kor olur və bu korluğu ancaq evlillik müalicə edə bilər...

Artıq 4-cü kursda idik, universiteti bitirməyimizə 3 ay qalırdı. Evlillik qərarı almışdıq. Amma ailəm razı deyildi, məni dayım oğluna vermək istəyirdilər. İki dəfə elçi göndərsə də, ailəm razı olmurdu. Çox zaman düşünmüşəm, əgər ailəmin sözünü dinləsəydim, bunlar başıma gələrdimi? Məncə, gəlməzdi, çünki dayım oğlu savadsız olsa da, mərd, vicdanlı və dürüst biriydi. Biz qızların bədbəxtliyi də ondadır ki, zahiri görünüşə, adi bir qayğıya, diqqətə, aldadıcı, bəzək-düzəkli sevgi vədlərinə tez aldanırıq. Bu sözlərin altında yatan xəbis, çirkin niyyətləri görə bilmir, ya da görmək istəmirik. Görəndə isə gec olur...

Ailəm razı olmadığından qoşulub qaçmışdıq. 6 ay idi ki, evli idik. İlk aylar hər şey çox yaxşı idi. Amma sonra mənim sevdiyim adamın içindən canavar çıxmağa başladı. İlk mübahisəmiz işləmək üstündə oldu. Ona işləmək istədiyimi deyəndə çox hirsləndi. Amma artıq məsələ təkcə bu da deyildi, münasibətlər qısa zamanda təhqir və işgəncəyə qədər gedib çıxmışdı. "Sənin bir saçının telinə qıymaram" deyən adam o gecə məni möhkəm döymüşdü. Səhərə qədər yataqda ağrılarımla birgə sızıldamışdım. Səhərə qədər düşünüb çıxış yolu axtarmışdım, arada çevrilib ona baxanda diksinir, "ola bilməz" deyirdim, amma bu, o idi: uğrunda ailəmi belə qarşıma aldığım adam... 

Beləcə həyatımın ağır və dözülməz anları başlamışdı. Bəzən qəlbimin ağrısı bədənimin ağrısını unutdururdu. Çünki artıq məni döymək, söymək adət halını almış, ən adi şey böyük bir davaya çevrilirdi. Həyatım zəhərə dönmüşdü. Hər gün özümü günahlandırır, sorğulayırdım ki, necə oldu aldandım, harada səhvə yol verdim?
Bütün bu həngamənin ortasında bir də hamilə olduğumu öyrəndim. İlk əvvəl aldırmaq istədimsə də, sonra qıya bilmədim. Atasının günahını ona yükləyə bilməzdim.  O, bu xəbəri eşidəndən sonra bir az yumşalmışdı, mənim də içimdə ümid toxumları gücərməyə başladı. Artıq məni döymürdü, mülayim idi. Amma qızım doğulandan sonra yenə əvvəlki vəhşi xislətinə qayıtdı...

Yenə döyülmələr, alçalmalar. Stressdən südüm də kəsilmişdi. Qızıma görə məcbur dişimi sıxıb, dözürdüm ta ki, o müdhiş gecəyə qədər. İçkili idi, evə bir fahişə gətirmişdi. Onu bizim yatağımıza salacaqdı. Başım hərləndi, özümü itirdim. Artıq gözüm heç nə görmürdü. Əsəbdən ona və qıza hücum çəkmişdim, əlimə nə keçmişdisə, atmışdım və beləcə gətirdiyi fahişəni evdən qovmuşdum. Haradan biləydim ki, az müddətdən sonra mənim özümü də "fahişə" deyə barmaqla göstərəcəklər.

O gecə məni uşaqla birgə evdən qovdu. Taksi tapıb atamgilə getdim. Düşünürdüm ki, onlar məni bağışlayıb, nəvələri onları yumşaldar, mənə sahib çıxarlar. Axı mən onların tək qızıydım. Amma onlar məni qapıdan qovdular. Özün getmisən, canın çıxsın, döz, - dedilər. Qucağımda uşaq qışın soyuğunda qapıda qaldım. Həyət qapısının yanında artıq dözə bilmədim, qucağımda qırxı yeni çıxmış qızımla birgə yerə çökdüm hönkür-hönkür ağladım. O gecə ruhum öldü. Qatilləri isə cəzasız qaldı...

Həmin gecə bir rəfiqəmin evində qaldıq. Lakin onlarda da çox qala bilməzdim. Balaca, şəraitsiz evdə bütün ailə birgə yaşayırdı, onlara yük ola bilməzdim. Səhər tezdən qızımı rəfiqəmə tapşırıb, çıxdım. Yaxınlardaki zərgər dükanına girib, üstümdə nə qədər zinət əşyası vardısa, hamısını dəyər-dəyməzə satdım. Maklerin köməyi ilə ev kirayələdim. Bir otaq və mətbəxdən ibarət, təmirsiz, baxımsız çox balaca ev idi. Otaqların suvaqları rütubətdən qopuq-qopuq olmuş, mətbəxdə mebellər sökülüb, dağılmışdı. O biri otaq daha pis vəziyyətdə idi, divarlar nəmişlikdən yarıyacan qaralmışdı. Əşya adına köhnə, yayları çıxmış divan və Allah bilir necənci ildən qalma, narahat  bir çarpayı vardı. Bu evdə it bağlasan, durmazdı, amma mən yaşamağa məcbur idim...

Evə köçəndən bir həftə qədər sonra iş axatarmağa başladım. Əlimdəki az miqdarda pul bitmək üzrəydi, özüm cəhənnəm, körpəmin ac qalmağına dözə bilməzdim. Rəfiqəmlə danışmışdım, mən işdə olanada qızıma o, baxacaqdı. Ondan çox şirkətə CV göndərdim, amma heç biri geridönüş etmədi. Ola bilsin ki, səbəb təcrübəmin olmaması və dil bilməməyim idi. Başımı mənasız sevgi oyunları ilə məşğul edib, evlənmək xəyalları qurmaqdansa, öz üzərimdə işləyib, dil öyrənib, təcrübə yığsaydım, indi bu vəziyyətə düşməzdim. 

***

Şirkətlərdən bir şey çıxmayacağını yəqin etdikdən sonra qapı-qapı gəzib mağazalarada, restoranlarada iş axtarmağa başladım. Geyim mağazalarının birində gözüm satıcı elanına sataşdı. İçəri daxil oldum. Adi geyim mağazasıydı. Məni satıcı qız qarşıladı. Başdan-ayağa məni süzdü və ikrah dolu nəzərlərlə üzümə baxdı.  Ona iş elanı üçün gəldiyimi dedim, müdrinə xəbər vermək üçün ikinci mərtəbəyə qalxdı. Mən bir az irəli gədib künc tərəfdə qoyulmuş böyük güzgünün qarşısında dayanıb, özümə baxdım. İlahi, insan necə qısa müddətin içində qocalarmış. Son 6 ayda başıma gələn müsibətlər, əsəb, stress məni nə hala qoymudu. Arıqlamışdım, rəngim solmuşdu, gözümün ətrafında qırışlar əmələ gəlməyə başlamışdı. Bir müddət yerimdə donub qaldım. Bu mən idimmi? O, günəşin səhər şəfəqləri kimi bərq vuran, gözəlliyi ilə dillərə düşən, şən, qayğısız, evin nazlı qızı hardaydı bəs? Amma bütün bunlara baxmayaraq, hələ də gözəl sayıla bilərdim. Həmişə öz gözəlliyimlə fəxr etmişdim, onu, qadın üçün ən önəmli məziyyət sayırdım. Amma hardan biləydim ki, fəxr etdiyim gözəlliyim başıma böyük bəlalar açacaq. 

Həyatda hər şeyin medalyon kimi iki üzü olur. Bizim sevincimizə səbəb olan, fəxr edib, qürur duyduğumuz şeylər bəzən zamanla ən böyük bədbəxtlik səbəbimiz olur.

Satıcı qız aşağı enib, müdirin məni gözlədiyini söylədi və məni yuxarı müdirin otağına apardı. Qapını açıb, məni içəri ötürdü, özü isə çöldə gözlədi. 

İçəri daxil oldum. Adi iş otağı idi. Divarlarının rəngi açıq cəhrayıya çalırdı, bu da insana qeyri-adi bir rahatlıq verirdi. Künclərdə hündür kitab şkafları qoyulmuşdu. Bunların birində bəddi kitablar, o birində isə iş qovluqları səliqə ilə düzülmüşdü. Sol divarın başında ərəbcə yazılmış bərəkət duası və qurandan bir çox ayələr çərçivəyə salınıb-asılmışdı. Düşündüm ki, ola bilsin, dindar adamdır, həm də kitab oxuyandır pis biri olmaz. Otağın qurtaracağından ucuz ağacdan düzəlmə iş stolu və qarşısına iki stul qoyulmuşdu. İş stolunun arxasında orta yaşlı, saçları daz, çopur sifət dolu bir kişi əyləşmişdi. Başını kompüterdən qaldırdı, eynəyəni çıxarıb üzümə ötəri bir nəzər saldı. Başı ilə oturmağımı işarə etdi. Onunla üzbəüz olan stulların birində əyləşdim. Kişi məni çox diqqətlə süzürdü. Bir müddətdən sonra sözə başladı. Adımı, yaşımı və buna bənzər adi suallar verdi. Sonra evli olub-olmadığımı soruşdu. Ayrıldığımı dedikdən sonra kişinin halı dəyişdi, çox mülayimləşdi, dodağında saxta, riyakar gülüş əmələ gəldi.  Onun üzünə çox diqqətlə baxdım. Gözlərinin ifadəsi dəhşət idi. Bəbəklərinin dərinliyində  heyvani bir ehtirası asanlıqla sezmək olurdu. Üzünün ifadəsi şikarının üzərinə atlamağa hazırlaşan bir yırtıcını andırırdı. Çox narahat idim, qorxurdum. Qalxıb yavaş-yavaş yanıma yaxınlaşdı. Arxama keçdi, məni qucaqlamaq istəyəndə, onu qabaqladım, cəld qalxıb onu itələdim və sürətlə çıxıb oradan uzaqlaşdım. 

Yol boyu ağlaya-ağlaya rəfiqəmgilə gəldim, qızımı ona tapşırmışdım. Başıma gələnləri ona danışandan sonra məni sakitləşdirdi. Qohumunun balaca bir şirkəti olduğunu, orada mənə iş düzəldə biləcəyini dedi. Çox sevinmişdim. Çox xoşbəxt bir halda qızımı götürüb, mağazaya getdim, son qalan pulumu bazarlığa xərclədim. Qızım üçün yemək aldım. Səhər tezdən rəfiqəmin dediyi şirkətə getdim. Qohumu məni çox səmimi və mülayim qarşıladı. İnsan adama bənzəyirdi. Məni öz katibəsi olaraq işə götürdü. Sabahadan işə başlayacaqdım. Oradan çox şad və xoşbəxt bir halda çıxdım. Sevincimdən sanki yerimirdim, buludların üstü ilə uçurdum. Sonunda həyat mənim də üzümə gülürdü, qızımla birgə yeni, tərtəmiz bir səhifə açacaqdım özümə.

Rəfiqəmdən bir az borc pul alıb, qızımı da götürüb onlardan çıxdım. Sabah ilk iş günüm idi, çox həyacanlı idim. Səhərə qədər gözümə yuxu getmədi. Səhər hazırlaşıb, içimdə böyük ümidlərlə işə yolladım. Amma fəlakətimin başlanğıcına ilk addımlarımı atdığımdan xəbərsiz idim... 

Bir aya yaxın idi ki, orada işləyirdim. Müdirimə gəldikdə isə, çox mülayim, səmimi , yaxşı insan idi. Məni tez-tez yanına çağırırdı, birgə dərdləşirdik. Həyatım yoluna düşməyə başlayırdı. Yeni ev kirayələmişdim. O birisindən qat-qat rahat, genişiydi. 

Bir gün yenə məni öz yanına çağırdı. Divanda oturmuşdu, mənə əlli ilə yanında yer göstərdi, keçib yanında oturdum. Bir az ordan-burdan danışdı sonra qalxıb qapını arxadan bağladı. Mən bunun səbəbini soruşanda dedi ki, qoy bizi narahat etməsinlər. Gəlib yanımda əyləşdi və gözəlliyimi, bədənimin fiqurasını tərifləməyə başladı. "Belə gözəl bir qadının yoxsulluq içində yaşaması rəvamıdır", - deyə saçıma sığal çəkməyə başladı. Mən məsələnin nə yerdə olduğunu anladım. Tez qalxıb, getmək istədim, ancaq gec idi, o məni qucaqladı və boynumdan, dodaqlarımdan öpməyə başladı. Bir yandan da əl atıb döşlərimi sıxırdı. Mən onun qucağında tora düşmüş balıq kimi çabalayırdım. Çıxılmaz vəziyyətdə idim, çox qorxurdum. Birdən mənə güc gəldi, onu var gücümlə itələdim və qapıya cumdum, amma qapı bağlıydı. 
Arxadan saçımdan tutub məni divanın üstünə atdı və söyməyə başladı:
 – Ay qəhbə, bu halınla sən kimə lazımsan? Kim sənə yiyə duracaq? İndi qulağını aç, mənə yaxşı qulaq as. Səni iti qovan kimi qovaram, maaşını da vermərəm. Sən də, o bicin də açından ölərsiniz, - dedi.

Ordan necə çıxıb, özümü çölə atdığımı, rəfiqəmgilə necə gəlib çıxdığımı xatırlamıram. Özümdə deyildim, dünya başımda hərlənir, heç nə hiss etmir, heç nə eşitmirdim. Rəfiqəm məni o halda görüb özünü itirdi, dartıb içəri saldı, su verdi. Handan-hana özümə gələndən sonra məsələni ona açdım. 

Gözlədiyimin tam tərsi olaraq, o, qohumunun tərəfində durdu:
- Çox gözəlsən də, ay canı yanmış, yazıq neynəsin? Ağlını başına yığ, indi namus, əxlaq zamanı deyil, onlar qarın doydurmur, - dedi. Otaq sanki başıma hərləndi, körpəmi də götürüb, başılovlu oradan çıxıb, kirayələdiyim yeni evimə gəldim.  Sonradan rəfiqəmin məni öz qohumuna min manat qarşılığında satdığını və tora saldığını öyrəndim. Mən onların aldadıb, tora saldığı ilk qadın deyildim...

Qızımı yatızdırıb, divanda oturub düşünürdüm. Cəmiyyətin, insanların əsil üzünü görmüşdüm, həyat dərsindən isə sinifdə qalmışdım. İnsanlara qarşı güvən duyğum ölmüşdü. Bu düşüncələr məni əzirdi, həm də çox yorulmuşdum. Məni ən çox yoran şey, cəmiyyətin boşanmış qadına olan rəftarı idi. Əgər boşanmışansa, heç kimə lazım deyilsən, sənin bir həyatın ola bilməz. 

***

Qalxıb, hamama gedib, yuyundum və gəlib divanda uzandım. Yuxu düşüncələrimə qalib gəldi, məni dünyadan qoparıb çox uzaqlara apardı. Həmin  mundar hadisədən sonra işə getməmişdim, həm necə gedə bilərdim ki? O, şərəfsiz mənə mesaj yazmışdı. Elə bil mənə kobud rəftar edən o adam deyildi. Çox mədəni bir üslubla axşam məni otelə dəvət edirdi. Əlimdə qalan bütün pullar bitmişdi. Uşağa yemək alınmalıydı, amma son bir manatım qalmışdı, evin kirayəsini də verməliydim. Mağazaya gedib, bir manata bir banka süd aldım, heç olmasa, uşağın başın onunla qata bilərdim. Özümə isə mağazada kasıblar üçün ayrılmış boyat çörəklərdən birini götürüb evə gəldim...

İndi mən taleyindən küsmüş halda içimdə özüm-özümə savaş açmışdı. Hamıdan, hər şeydən, bütün dünyadan, insanlardan iyrənirdim. Özümdən də... Bu qədər saf, axmaq olduğum üçün... Bütün dəyərlər içimdəki yekə bir boşluqda itib-getmişdi. Özümü öldürmək istəyirdim, amma qızım gəlib, gözümün önündə dururdu. O, tək-tənha, bu iyrənc dünyada necə yaşayacaqdı?

Bu minvalla səhərə qədər düşündüm, çırpındım, amma uduzdum. Axşam otelə onun yanına gedəcəkdim. Dediyim kimi, artıq gözümdə məsum körpəmdən başqa heç neyin dəyəri yox idi, ona görə bütün fədakarlıqlara hazır idim. Bədənimi satmağa belə...

***

Axşam az qalırdı, yuyunub, təmiz paltarlarımı geyindim. Qızımı qonşuma tapşırıb, evdən çıxdım. Bir neçə dəqiqədən sonra otelin qarşısında idim. İçəri addım atmağa tərəddüd edir, addım atan kimi də geri çəkirdim. Yenə qızım gözümün önünə gəldi. Hər şeyə lənət oxuyub, otelə doğru addımladım. Otelin foyesində məni gözləyirdi. Yuxarı otağa qalxdıq. Sanki pilləkənlər sirat körpüsüydü və mən cəhənnəmə doğru addımlayırdım. Otağa çatdıq, qapını açıb, içəri girdik... 

Saat 5-də evə gəldim. Gecənin bütün çirkabını üstümdən atmaq üçün qalxıb, hamama girdim. Ağlaya-ağlaya bədənimi bərk-bərk sürtdüm. Amma çifayda, artıq ruhum çirklənmişdi və onu da heç bir şeylə təmizə çıxara bilməzdim. Sonra mğazaya gedib verdiyi pulla qızıma ən bahalı yeməyi aldım, evə də bazarlıq etdim. 
İki gündən sonra, məni yenə həmin otelə çağırmışdı. Getdim, otağa  daxil olanda orada  başqa bir kişinin də olduğunu gördüm. 
Sual dolu nəzərlərlə üzünə baxdım.  
-  Bu gecə onun ixtiyarında olacaqsan, - dedi. Artıq hər şey aydın idi və mən insan alverçilərinin alıb-satdığı, heç bir mənəvi dəyəri olmayan varlığa çevrilmişdim. Başqa çıxış yolum da qalmamışdı. Bundan sonra özümü hər gecə başqa-başqa kişilərin qucağında tapırdım. Əvvəllər vicdan əzabı çəksəm də, zamanla öyrəşdim. İnsanın çox iyrənc təbiəti var, hər şeyə, ən ağlasığmaz vəziyyətlərə belə öyrəşə bilir...

***

Hava aydınlaşmağa başlayırdı. Saata baxdım, 8-ə işləyirdi. Düz iki saat məcidin qarşısında oturub düşünmüşdüm. Bir anda tövbə edib, bu yoldan qayıtmağa qərar verdim. Normal iş tapacaqdım, qızımla birgə özümə yeni, təmiz dünya quracaqdım. Beləcə, özümdə qətiyyət tapıb evə getdim. Qızım qonşu qadınla birgə divanda yatmışdı. Mən yuyunub çıxanda artıq oyanmışdılar. Qonşu qadının pulunu verib, yola saldım. Gədib qızımı qucaqlayıb, qoxladım. 

Göz yaşları içində, - sənə söz verirəm qızım, gözəl təmiz gələcəyin olacaq, heç nədən utanmayacaqsan, - dedim. Həmin günü evdə qızımla keçirdim, oynadıq, əyləndik. 

Axşam mesaj gəldi, imkanlı bir müştəri məni istəyirdi. Başım hərləndi, pəncərinin önünə gedib səmaya baxdım, özümdə cəsarət tapmağa çalışırdım, qızıma söz vermişdim. 
- Yox, getməyəcəyəm, - dedim. 
Dünən günahlardan tövbə edib arındırdığım bədənim tir-tir əsirdi. İçimə yenə qəfil bir qorxu və təsəvvürəgəlməz hiss kədər doldu.
Sonra evə göz gəzdirdim, qızımın yeməyi və evin ərzaqı tükənirdi. 
Qəfil yerimdən durub qapıya getdim və qonşu qadını çağırıb otelə yollandım...
 

Nərmin Rza