Hakimiyyətin QHT və seçkilərlə bağlı yeni projesi işə salınır

Hakimiyyətin QHT və seçkilərlə bağlı yeni projesi işə salınır

04-08-2023 11:35 / Bu xəbər 1029 dəfə oxundu

Hakimiyyət seçkilərdə müstəqil QHT-lərin iştirakını zəiflətmək üçün yeni QHT koalisiyası yaratmaq planı üzərində işləyir 

Seçkilər yaxınlaşdıqca və ya gündəmdə seçki mövzuları olduqca hakimiyyət media, QHT-lər və siyasi partiyalarla bağlı xüsusi planları həyata keçirir. 

Məqsəd də seçki prosesində müstəqil medianın, siyasi partiyaların və müstəqil QHT-lərin iştirakını əngəlləməkdir.

"Arqument.az"a bir neçə mənbədən, o cümlədən hakimiyyətə yaxın QHT sektorundan daxil olan məlumata görə, hakimiyyət bununla bağlı yeni planlar üzərinə işləyir.

İddia edilir ki, əslində 2020-ci il növbədənkənar parlament seçkiləri öncəsi buna bənzər fəaliyyət olub. 

Mehdiyevin vurulmasından sonra ilk seçkiyə gedən hakimiyyət vəziyyəti nisbətən yumşaltmaq və hətta tənqidçilərə də şərait yaratmaq yolunu tutmuşdu. 

Yeni namizədlərin ortaya çıxması, seçki müşahidəçiliyində xeyli sayda gəncin qoşulması təsadüf hesab ola bilməzdi. Halbuki bundan bir neçə ilə öncə hətta müşahidəçilərə də təzyiq edilirdi. 

"Regionda, o cümlədən Qarabağ ətrafında baş verən proseslərin Azərbaycanda keçiriləcək seçkilərə ciddi təsirləri olacaq. Bu səbəbdən də hakimiyyətin bu seçkilərə əvvəlki seçkilər kimi yanaşmır, ona görə də ehtiyat tədbirlərini indidən görməyə başlayıb. Hətta vəziyyətin nisbətən yumşaldılması, hakimiyyət iddiasında olmayan alternativ şəxslərə "yaşıl işıq" yandırılması planları mövcuddur”, - deyə mənbə bildirir.    

Deyilənə görə, bu proseslərin fonunda hakimiyyətin planlarından biri də budur ki, üzdə müstəqil görünən, yerli və beynəlxalq ictimaiyyətdə müstəqil kimi qəbul edilən, amma gizli olaraq hakimiyyətə bağlı olan vətəndaş cəmiyyəti formalaşdırsın. Eyni zamanda, seçki proseslərində fəal olan həqiqi vətəndaş cəmiyyətini marginallaşdırıb sıradan çıxartmaq istəyir. Əslində, bu prosesə artıq bir neçə ildir ki, start verilib.

Mənbə qeyd edir ki, seçki məsələsinə görə, hakimiyyət yeni yaratmağa başladığı QHT icmasından seçki prosesində də yararlanmaq istəyir. 

Məqsəd seçki ilə məşğul olan müstəqil QHT-lərə alternativlər yaratmaq, onların şəbəkəsini əla almaq və prosesdən kənarlaşdırmaqdır. 

Vaxtilə AVCİYA və QHT Şurasının nəzarətində buna bənzər birliklər yaradılıb. Ancaq onlara hazırda yerli və beynəlxalq səviyyədə etimad yoxdur. Buna görə də yeni koalisiyanın və ya birliyin yaradılmasına ehtiyac var.  

Bunun üçün isə son illər meydana çıxmış təşəbbüs qruplarından, QHT-lərdən, ictimai-siyasi proseslərə cəlb edilmiş gənclərdən ibarət koalisiya yaradılması planlaşdırılır. 

Mənbənin dediyinə görə, artıq bu məsələnin konturları cızılıb, üzərində işlər gedir, sadəcə, zaman məsələsi var. Yəni yeni yaradılacaq koalisiyanın elan olunma tarixi referendumun, sonrakı parlament seçkilərinin vaxtının müəyyən edilməsindən asılıdır.

Bildirilir ki, hakimiyyətin yaratmaq istədiyi koalisiya əsasən gənclərdən ibarət olacaq və elə gənclər seçiləcək ki, ictimaiyyətdə onlara qarşı inam olsun. 

Hakimiyyət yeni formalaşdırdığı QHT təmsilçilərinin sosial şəbəkədə, mediada aktiv olmasına, ölkə rəhbərliyi istisna olmaqla digər mövzularda tənqidlər etməsinə də "yaşıl işıq" yandırıb. 

Bundan başqa, hakimiyyətin nəzarətində olan köhnə QHT-lər arasında narazılıqlar getdikcə artır. 

Bir tərəfdən hakimiyyətin onlara maliyyə dəstəyi azalıb, digər tərəfdən isə hakimiyyətin (yeni komandanın) yeni QHT icması yaratması prosesləri onları narahat edir. 

Əli Həsənovdan qalan bacarıqsız, beynəlxalq imici olmayan, Biləcəridən o tərəfdə tanınmayan QHT şəbəkəsi, nisbətən nufuzu olan, gənc, xarici dildə danışan, beynəlxalq şəbəkələrə nüfuz etmiş yeni komanda ilə əvəz edilir.