Həkim izlənildiyini deyir: "...ilişdirmək istəyirlər"

Həkim izlənildiyini deyir:

12-03-2024 00:58 / Bu xəbər 784 dəfə oxundu

Həkim Aydın Əliyev izlənildiyi barədə açıqlama yayıb. 

O, sosial media hesabında yazıb ki, məlumatı etibarlı mənbələrdən əldə edib.

Həkim qeyd edib ki, onu izləyirlər, hansısa bir şər, böhtan, qarayaxma, qəza və s. ilə "ilişdirmək” istəyirlər: "Bəri başdan sizə bilgiləndirmək istəyirəm, mənimlə bağlı hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın! Bilin ki, bu, mənim vətəndaş mövqeyimə görədir”.

Vaxaşırı səhiyyə sistemindəki problemləri qabardan, tənqid edən həkim paylaşımında heç kimlə şəxsi qərəzliyinin olmadığını yazıb: "Tənqidlərimi də bir ziyalı borcu olaraq xalqın maariflənməsi, haqq-ədalətin öz yerini alması üçün etmişəm”.

Aydın Əliyev həm də media hüququ üzrə ekspert, hüquqşünas, "Toplum TV”-nin təsisçisi Ələgər Məmmədlinin qayınıdır. Ələsgər Məmmədli "Toplum TV”-yə qarşı açılmış cinayət işi ilə bağlı həbs edilib. 

Aydın Əliyev onun həbs olunduğu görüntüləri öz "Facebook” hesabından paylaşıb. 

"İstanbul” klinikasına müayinəyə gedərkən üzü maskalı şəxslər hüquqşünası saxlayaraq zorla maşına mindirib. Onların əynində polis geyimi olmayıb. 

Ehtimal edilir ki, Aydın Əliyev məhz bu görüntüləri yaydığı üçün təhdid olunur.