Həkim: "Peyvəndlərlə bağlı tədqiqatlar gizli aparılmır ki, yan təsirləri gizlədilsin"
12-07-2021 17:42 / Bu xəbər 8669 dəfə oxundu
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, alim Nuran Abdullayev peyvəndlərlə bağlı gündəmdə olan bir çox suallara cavab verib.
O bu barədə "Toplum TV"yə danışıb:
- Nuran bəy, bir çox tibb ekspertləri deyirlər ki, "Sinovac” vaksini zəifdir, ondan istifadə edənlər üçüncü doza RNT vaksini də vurdurmalıdırlar. Bildiyiniz kimi, "Sinovac” Azərbaycanda ən işlək vaksindir. Belə çıxır ki, əksəriyyət yenidən üçüncü doza vurduracaq?
- Bu barədə elmi tədqiqatlar olmasa da, "Sinovac”dan müəyyən ölkələr istifadə edib və ikinci dozadan sonra, xüsusən "Delta" variantında yoluxma hallarına rast gəlinib. Amma insanların xəstəliyi necə keçirtmələri, "Sinovac”ın "Delta" variantının neçə faiz effektiv olması ilə bağlı elmi məlumat hələlik yoxdur. Üçüncü doza vaksinin isə "Sinovac”ın zəif olması ilə əlaqəsi yoxdur. Biz onsuz da bilirdik ki, bunlar birinci nəsil peyvəndlərdir və davamı olacaq. Sadəcə, məlumatsız şəxslər ictimaiyyətdə doğru olmayan fikirlər səsləndirmişdilər. Onlar insanları yanlış istiqamətə yönəltmişdilər ki, guya 2 doza peyvənd vurdurursan, bununla da hər şey bitir. Üçüncü dozanın başqa peyvəndlə vurulması məsələsində isə yeni yaranan ştamların, immunitetin daha yüksək olması faktorlarının rolu olacaq.
- Vaksin əleyhdarlarının başqa bir arqumenti də odur ki, peyvənd gələcəkdə ciddi fəsadlara səbəb olacaq. Xüsusilə, RNT-si olan peyvəndlər haqqında deyilir ki, insanın DNT-sini dəyişir. Hətta peyvəndlərin sonsuzluğa səbəb olduğunu, hamiləliyinin sonlanmasına gətirib çıxardığını iddia edənlər də var.
- Peyvəndlərlə bağlı tədqiqatlar gizli şəkildə aparılmır ki, yan təsirləri də gizlədilsin. Bütün bu tətbiq edilən peyvəndlər 4-cü faza tədqiqatların tərkib hissəsidir. Yan təsiri olan, ağırlaşmalar yaradan peyvəndlər barədə ictimaiyyət xəbərdardır.
- Məncə, insanlar siz deyən kimi bilgili deyillər. Xüsusilə də, yuxarıda sadaladığım məsələlər barədə narahatdırlar.
- Sonsuzluq və DNT dəyişməsi kimi ağırlaşmalara bugünə kimi rast gəlinmədiyi üçün o barədə elmi tədqiqatlar yoxdur.
- "Bəs yan təsirlər" dedikdə nəyi nəzərdə tutursunuz?
- Məsələn, "AstraZeneca” az faiz nisbətilə beyin damarlarında tromb əmələ gəlmə riski yaradır. "Biontech/Pfizer" peyvəndinin ürək əzələsinin ciddi iltihabına səbəb olması barədə elmi tədqiqatlar var. Ümumiyyətlə, "mRNA" peyvəndlərinin - "Biontech/Pfizer" və "Moderna"nın yan təsiri kimi ürək əzələsinin iltihabı məsələsi müzakirə olunur. Lakin hazırda istifadə olunan peyvəndlərin elə bir yan təsiri olmayıb ki, faiz etibarilə effektivliyindən üstün olsun. Amma əvvəl bəzi peyvəndlərin elmi tədqiqat mərhələsindəcə ağırlaşma yaratdığı aydın oldu və tədqiqatı dayandırıldı.
- İkinci doza vaksinini vurduran şəxslər hələ də risk altındadır?
- Hər kəs bilməlidir ki, bizim vurdurduqlarımız birinci nəsil peyvəndlərdir. Müşahidələr onu göstərir ki, peyvənd vurulandan 6 ay sonra selikli qişa immuniteti aşagı düşür. Bu da o deməkdir ki, müəyyən formada yenidən yoluxmalar olacaq. Sadəcə gözləmək lazımdır ki, yoluxma nə qədər ağır olacaq. "Risk altındadır" demək doğru deyil. Adamlar onsuz da virusa yoluxa bilər, sadəcə, gözlənilən odur ki, çox yüngül simptomlarla keçirsinlər. Bu da bu gün tətbiq edilən peyvəndlərdə yüksək effektivliklə sübut edilib.
- Belə çıxır ki, pandemiya bitmədiyi müddətcə hər 6-12 aydan bir peyvəndlənmək lazım gələcək?
- Bəli, bu gün bu ssenarini elmi cəhətdən heç kəs inkar edə bilməz.