Arı olmaq istəyən adam...

Arı olmaq istəyən adam...

07-12-2021 12:45 / Bu xəbər 5905 dəfə oxundu

Elmin Bədəlov: "Stanislavski məktəbi istedadsızlar üçündür”

İnsan həyatı səkkiz mərhələdən ibarətmiş. Erich Erison adlı psixoanalitstin  nəzəriyyəsi belə deyir. Nəinki insan, bütün canlıların həyatında mərhələlər mövcuddur. Arıların belə...

Əziz oxucu, bu gün biz arı olmaq istəyən adamın geniş bioqrafiyasını sizə təqdim edəcəyik. Həyatında keçdiyi mərhələlər haqqında danışmaqla yanaşı, onunla dünyada və incəsənətdə baş verənlərə baxmağa çalışacağıq. 

Qonağım aktyor Elmin Bədəlovdur. 

- Bədəlov Elmin Mehman oğlu 1989-cu il iyulun 15-i Biləsuvarın Bəydilli kəndində anadan olub...

- Daş düşəydi o günə…

- Hansı günə?

- İyulun on beşinə… Üzr istəyirəm, sadəcə, bu gün Apelyasiya Məhkəməsinin şikayətinə baxırdım. Orada öz doğum günüm, daha sonra ADO-nun yarandığı gün, sonunda isə küçə performansını keçirdiyim gün vardı. Hamısı da 15 iyul. Əslində, ADO-nun yarandığı gün 25 apreldi sadəcə 15 iyula saxlayıb, özümü teatra hədiyyə etmişəm…

 - 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmusan. Amma jurnalist kimi fəaliyyətə başlamısan, təhsil aldığın ali məktəb haqda tənqidi yazılar yazmısan. Buna görə də 2010-cu ilin yanvarında səni həmin ali məktəbdən xaric ediblər...
 
- Əslində, ADNA-ya qəbul olmağım mənim istəyim deyildi. Uşaqlıqdan incəsənətə meyilli olmuşam. Şeirlər yazmışam. Anam deyirdi ki, şeirlə arvad saxlamaq olmaz, məzələnirdilər mənimlə. Neft Akademiyasını bitirən qohumumuz var idi, imkanı yaxşı idi. Anam da istəyirdi ki, mən ondan geri qalmayım.

Bazar günlər gizlicə Rayon Mədəniyyət evinə "Səməndər” ədəbi məclisinə gedirdim. Evə deyirdim, riyaziyyat üzrə əlavə hazırlığa gedirəm. Məclisdə iştirak edib, şeirlərimi oxuyurdum, hətta məclis təşkilatçıları kitabımı çap etmişdi. Bir gün atamın əmisi oğlu kitabımı görüb bizə gəlmişdi. Kitabımı masanın üstünə cırparaq "görün, oğlunuz nə işlərlə məşğul olur” deyərək valideyinlərimi danlamışdı.

- O hadisədən sonra valideyinlərinlə münasibətiniz pozulmuşdu?

- Xeyr, bizim aramızda heç vaxt inciklik olmur. Çünki mən həm anama, həm də atama oxşamışam. Onlarla danışanda məni çox gözəl anlayırlar. Sadəcə, bəzən qohum-qonşu anamı qazlayıb, üstümə göndərirlər. Mən isə onunla danışmağa başlayıram, hiss olaraq o, məni çox gözəl başa düşür. Hətta tamaşalarıma gəlməyə başlayır, mən depressiyada olanda dəstək olur. Təkcə anam yox, atam da, bacı-qardaşım. Onlara başa salmağa calışıram ki, dəyişkən birisiyəm. Bəli, onların mənə qoyduğu bir ad var, amma mən onlara göstərirəm ki, mənim içimdə çoxlu Elminlər var. Və onların bunu başa düşməsi vacibdir.

- Biləsuvar haqqında danışa bilərsən? Uşağlığın, xatirələrin, ümumiyyətlə hər şey?

- Özümü tanıyandan mən nə rayonumuzu, nə də ki, kəndimizi sevməmişəm. Daima oranı tərk etmək arzusu ilə yaşayırdım. 17 yaşımda oranı tərk edəndə, başımı avtobus pəncərəsinə söykəyib, bir daha oralara gəlməyəcəyimi düşünürdüm. Sonralar anamın təziyiqləri ilə xeyir və şər işlərinə məcburi qayıdırdım. Oralar heç vaxt mənlik olmayıb, özümü heç bir zaman oraya aid hiss etməmişəm. Quraqlıq, səhraya bənzəyən təbiəti, yaşıllığı olmayan bir yerdi. Xüsusən, pandemiya dövründə Biləsuvar və orda keçən uşaqlıq xatirələrim tez-tez gözümə gəlirdi. Çünki qazandığım travmaların çoxusunu ordan almışam. 

Ailədə üç uşaq idik, bacım, qardaşım və mən… Amma valideyinlərimiz bizim uşaqlıq haqqında danışanda ən çox Emiş haqqında danışıblar, yəni  məndən, heç elə bil, o birilər uşaq olmayıblar. Yadımdadır, bir dəfə atam məni maşının arxasında sürümüşdü…

- Nəyə görə? Bu bir cəzalandırma növü idi yoxsa başqa bir səbəbi var?

- Atamın heç xəbəri yox idi. Günah özümdə idi. Mübarizə ruhu məni uşaqlıqdan izləyir, bəlkə, ona görə indiki fəaliyətimdə təslim olmaq istəmirəm… Bir gün atama dedim ki, nənəm gilə qonaq getmək istəyirəm, atamın işləri çox olduğu üçün məni başqa səfər aparacağına söz vermişdi. Mənim ağlayıb, yerdə sürünərək tələblərimi ciddiyə almayıb, sadəcə yatmağa yollamışdı.Yataqda olduğum müddət plan qurmuşdum ki, atamın yük daşıyan maşının arxasında gizlənəcəm, nənəm gilə keçən yolda düşüb gedəcəyəm istədiyim yerə. 

Səhər hamıdan tez oyanıb, hamıdan gizlin evdən çıxdım, tez maşın tərəfə gedib "kuzasına” çıxdım. Yarım saat sonra atam gəldi, maşını işə saldı. Özümü yerə sıxaraq, gözə görünməməyə calışırdım. Maşın qızandan sonra atam siqaretini kənara atıb, kabinə mindi və maşın hərəkətə keçdi. Qələbə ruhu məni ayağa qaldırdı, lakin maşın hərəkətdə olduğu üçün sürüşüb kuzadan aşağı düşdüm, kuza ilə yerin arasında məsafənin az olmasına baxmayaraq əllərimi buraxıb özümü yerə atmadım, asılı vəziyyətdə gərəzli şəkildə əlimi sıx tutmağa davam edirdim. Gözüm-başım, dizim, dirsəklərim qan içində idi. Amma bu halım, ağrılarım məni qorxutmurdu. Ancaq məqsədimi düşünürdüm, nənəmgilə getmək… Mənzərəni görən kənd sakinləri atama əl edərək, maşını saxladılar. Atam maşını saxladıqdan sonra məni gördü. Beləcə, nənəmgilə getməyi bacarmışdım.

- Travma sözü işlətdin, bu hadisə sənin üçün travmadır?

- Xeyr əksinə, bu hadisə mənim ilk mübarizəm olub… Travmalarım ördəklərlə bağlı idi. Uşaq idim, yaşım yadımda deyil. İndi o ördəklərin gözləri yenidən məni izləməyə başlayıb. Gözümü yumanda, boğub öldürdüyüm ördəkləri görürəm. Bunu mənə qonşu uşaq öyrətmişdi. Həyətimizdə çoxlu ördək vardı. O, onları bir-bir tutub boğurdu, mənə də öyrətmişdi. Prossesi o qədər dəqiq bilirdim ki, artıq ördək boğmaqda peşakara çevrilmişdim. Anam deyir ki, evdən çıxmağınla beş-altı ördəyin öldürməyin eyni anda alınırdı. Çox peşmanam bu hərəkətimə, amma, düşünürəm ki o travmalar olmasa idi, indi mən incəsənətlə məşğul ola bilməzdim… Çünki ancaq depressiv hallarımda yeni bir tamaşa hazırlayıram…

- Bölgədə böyüyən birinin paytaxta köçüşü  necə baş tutdu? 

- Qeyd etdiyim kimi, özümü heç vaxt rayona aid hiss etməmişəm. Ali təhsil oranı tərk etmək üçün ən gözəl yol idi. İncəsənətə istəyirdim, amma valideyinlərimin təziyiqi ilə Dövlət Neft Akademiyasına sənəd verməli oldum. Doğma kəndim Bəydilini sevməməyim səbəbi oranın sakinləri idi. Qəribə insanlardı. Təsəvvür elə, bir uşaq ali təhsil üçün hazırlaşır, valideyin müəllimlərə hazırlıq üçün pul ayırır, uşaq gecə, gündüz bilmədən oxuyur, amma son mərhələni kənddəki falçı həll edirdi. Kağıza bir dua yazdırıb, həmin duanı bir vedrə suda qarışdırıb, başından aşağı əndərməli idin. Sonra verdiyin bütün imtahanlardan keçirdin. İmtahanlardan keçən uşağı heç vaxt təbrik edəni görməmişəm, bu xəbəri alan kimi valideyinlər təbrik və təşəkkürü gedib həmin falçıya edirdi. Falçıya pul, şirniyyat aparırdılar. Anam məni də bu ritualdan keçirtmişdi, bəxtimdən həmin gün evdə heç kim yox idi. Mən dua yerləşən bir vedrə suyu hamamın "trap"ına süzmüşdüm. Təbii ki, onlar gələndə hər şeyi qaydasında etdiyimi söylədim… Lakin iki ildən sonra universitetdən sonra qovulanda anama o duanı başımdan rədd etdiyimi söylədim, anam isə qovulma səbəbini o hərəkətimdə görmüşdü. Gedib bunu falçıya da danışmışdı…

- Rayon üçün darıxırsan?

- İndi ancaq əmim üçün darıxıram. Onu çox istəyirəm, hər zaman mənə dayaq olub, rayonda saç uzadırdım, hamı məni danlayanda bircə o məni müdafiə edirdi. O da məni çox istəyirdi. Ümumiyyətlə, xasiyyətcə çox "dəli” adamdır, içib gəlirdi bizə, maşın sürmək öyrədirdi. Yol boyu qarşımıza nə çıxırdısa, üstünə sürməyimi istəyirdi - əyri duran dirək, ördək sürüsü və s.  Səhər də oyanıb maşına baxıb gülürdü ki, nə hala salmışıq...

- 2012-ci ildən 2017-ci ilə qədər jurnalistika fəaliyəti ilə məşğul olmusan. Hazırda ADO Theatre - Collective`in qurucusu olmaqla yanaşı aktyor və rejissor kimi çalışırsan. İncəsənətə marağın nə vaxtan başlamışdı? Və incəsənət qala-qala niyə jurnalistika ilə məşğul oldun?

- Jurnalistika fəaliyyətimi bəzən həyatımdan silmək istəyirəm. Qeyd etdiyim kimi, səkkizinci sinifdən rayonda mədəniyyət evlərinə gedirdim. Orada kiçik tamaşalar quran uşaqları seyr edəndə, özüm də bu işlə məşğul olmaq istəyirdim. Bakıya ilk gəldiyimdə dövlət teatrların tamaşalarına getmişdim, orada oynayan aktyorları görəndə məni gülmək tutmuşdu.  Düşünürdüm ki, bunlar yaşlı-başlı adamlardı, niyə belə gülməli danışırlar? Niyə əzilib-büzülürlər tamaşa vaxtı? Mənə bu heç vaxt çatmırdı. Jurnalistika isə mənim üçün bir növ artistliyə çevrilmişdi. Bölgə müxbiri olanda dağlıq ərazidə maşın palçığa batanda, maşından düşüb arxasından itələyəndə özümü tam bir aktyor kimi, hansısa bir film qəhrəmanı kimi hiss edirdim. Jurnalistika fəaliyyətimin mənə verdiyi aktyorluq duyğusu, öyrətdiyi artistlik Dövlət teatrlarından çox idi. Məhz bunun üçün öz teatrımı yaratmağa qərar verdim. O teatrı ki sən orda bütün qayda- qanunları poza biləcəksən. Harda ki tamaşacı ilə aranda sərhəd yoxdur, harda ki tamaşaçı heç vaxt əlinə telefon alıb, başını qatmayacaq. Əksinə tamaşaya qatılıb vaxtın necə gəlib keçdiyini hiss etməyəcək. Əlavə olaraq jurnalistika mənə böyük imkanlar yaradırdı, yeni tanışlıqlara, baş verən hər şeyi müşahidə etməyə…

- STOP, Ağ-Qara, GOTT, Fırfıra tamaşalarının müəllif və rejissorusan. Bir neçə tamaşada rol almısan. "İkinci güllə" adlı filmdə baş rolu ifa etmisən. Bir çox sosial video-roliklərdə çəkilib. Eyni zamanda, müxtəlif qurumlarla mədəniyyət tədbirləri həyata keçirmisən. Bəzən sənin tamaşalarını tənqid edənləri görürəm, buna səbəb nədir? 

- Sadəcə, başa düşmürlər, amma başa düşəcəklər... Gec başa düşəcəklər, amma zaman keçir. Azərbaycanlılar elə bilirlər ki, bunlar dünyanı tutub, gedirlər və ən gec bunlar öləcək. Çox unikal millətik, tələsmək lazım olan yerdə tələsmirik, tələsməmək lazım olanda tələsirik. Gec-tez hamı məni başa düşəcək.

- Aktyor olmaq üçün təhsil almamısan, K.S.Stanislavski məktəbinin tənqid edirsən, buna səbəb nədir?

- Bizi aldadıblar. İndiyə kimi aktyorluq haqqında eşitdiyimiz hər şey yalandır. Sadəcə, bunu anlamağınızı istəyirəm. Mənə görə aktyor olmaq üçün heç bir xüsusi təhsilə ehtiyac yoxdur. Yetər ki, özün kimi olasan. Orqaniklik vacibdir. Məsələn, uşaqlar kimi, uşaqlar ən gözəl aktyordu, biz onlardan öyrənməliyik çox şeyi, sevgini, dostluğu, həyata baxış bucağımızı. Stanislavski məktəbi isə, istedadsız adamlar üçündür. 
                                                
- Niyə arı olmaq istəyirsən?

- Məsələ arı olmaqda deyil,  tək arı olmaq istəmirəm, ümumiyyətlə uçmaq istəyirəm. Arı kiçik bir nümünədir. Nə vaxt özümü xoşbəxt hiss etmişəmsə, o vaxt qanadlarımın olmasını istəmişəm. Məsələn, arılar kimi daimi bal içində olum, ana arı olum, bütün gün pətəktə oturum bal yeyim, başqa arılar mənə qulluq eləsin. Mənsə kefim istəyəndə uçum gedim özüm üçün. Sonra mən uçan zaman məni gözəl bir quş ovlasın, yesin və mən o quşa çevrilim. Daha yüksəklərə uça bilim…
 
Bu məsələni dostlarıma o qədər danışırdım ki, axırda dostlarımın biri atasına müraciət etdi. Atası da astrofizika ilə məşğul idi, mənim üçün uça biləcək cihaz hazırlayacaqdılar, sadəcə, maddi imkan olmadı və məsələ sonraya qaldı, daha sonra isə, kişi rəhmətə getdi…

Əlavə qeyd edim ki, bu istək əvvəllər daha çox olub, son zamanlar bu istəyi dilimə gətirmirəm, çünki, əvvəlki kimi xoşbəxt deyiləm…

- Arzuların var?

- Uşaqlıqdan nə arzulayırdımsa, hamısı baş tutub. Bakıya köçüb rol almaq istəyirdim, oldu. Yaratmaq istəyirdim, onu da edirəm. İnsan yaşadıqca arzu və istəkləri də artır. Məndə də elədir. Arzular olmasa, insan yaşamaz...

Müsahibəni hazırladı: İlqar Aydın
                                                        
Müsahibə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən "Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində hazırlanıb