“Təsəvvür edirsinizmi, rektor müəlliməyə “başınıza oyun açacam“ deyir”

“Təsəvvür edirsinizmi, rektor müəlliməyə “başınıza oyun açacam“ deyir”

22-01-2020 17:01 / Bu xəbər 2224 dəfə oxundu

Pərvin Mürsəlova: Azərbaycanda yazılan elmi işlər beynəlxalq standartların tələblərinə cavab vermir

Artıq bir neçə aydır Azərbaycan Dillər Universitetindən çıxarılan Pərvin Mürsəlova ilə rektor Kamal Abdulla arasında məhkəmə çəkişməsi gedir. Meydan TV-yə işdən çıxarılmasının səbəblərindən danışan P.Mürsəlova rektor haqqında sərt ittihamlar səsləndirir...

- Pərvin xanım, gələn ay Dillər Universitetindən çıxarılmanızın bir ili tamam olacaq və bununla bağlı məhkəmə prosesi hələ davam edir. Ona görə də əvvələ qayıdaq, universitetin rektoru ilə probleminiz nədən başladı?

- Hələ 2018-ci ilin dekabrında mən və çalışdığım Filologiya fakültəsinin adını çəkmək istəmədiyim əməkdaşı Təhsil Nazirliyinin "qaynar xətti”nə şikayət ünvanladıq. Səhəri günü rektorun elmi işlər üzrə müşaviri Seyfəl müəllim bizi izahat yazmağa çağırdı. Səbəbini soruşduqda, dekanın kabinetindən fakültə şurasının protokolu sənədinin itdiyini söylədi. Halbuki, administrativ işlərdə çalışmadığım üçün belə bir sənədin hansı formada olduğunu belə bilmirdim. Seyfəl müəllim bizim sənəddən xəbərimiz olub-olmadığımız barədə izahat yazmağımızı tələb etdi.

- Ümumiyyətlə, universitetdə işlədiyiniz dövrdə belə hadisə ilə rastlaşmışdınızmı?

- 2006-cı ildən müəllimlik karyerama başlamışam. 2014-cü ildən isə ADU-da çalışırdım. Amma belə hadisə ilə ilk dəfə idi rastlaşırdım. Mən Seyfəl müəllimdən həmin sənədin hansı formada olduğunu soruşduqda isə böyük bir qovluq olduğunu bildirdi. Məsələ ondadır ki, dekanın kabineti qarşısında iki kamera var, (dekan otağının qarşısında və dəhlizdə) ona görə oradan sənəd götürülsəydi, mütləq kameraya düşərdi. Sual yaranır; niyə "qaynar xətt”ə şikayətimizdən sonra bizi rektorluğa sənəd oğurlamaqla bağlı izahat verməyə çağırdılar? Əlbəttə imtina etdik və bunun qarşılığında şiddətli töhmət aldım. Ardınca bizə Təhsil Nazirliyindən xəbər gəldi ki, rektorun qəbuluna gedin. Məsələ ondadır ki, bizim "qaynar xətt”ə göndərdiyimiz məktub rektora göndərilmişdi, vəkilim Elçin Sadıqov məhkəmədə bununla bağlı vəsatət qaldıranda, Kamal Abdullanın vəkili məktubun rektora göndərilməsinin mümkünsüzlüyünü dedi. Amma biz rektorun qəbulunda olanda, məktubu onun əlində gördük, hətta "baxın məktubunuz məndədir” deyə nümayiş də etdirdi. Ardınca rektor bizi təhqir etdi, imkan vermədi ki, şikayətimizin detallarını açıqlayaq. Nəhayət təhqir və təhdidləri bitdikdən sonra, nə demək istədiyimizi soruşduqda, "məktubda yazmışıq” söylədik. Buna cavab olaraq, rektor niyə onun qəbuluna gəldiyimizi soruşdu, biz Təhsil Nazirliyinin "qaynar xətt”ə ünvanlanmış şikayət məktubuna cavab olaraq göndərilmiş bildirişə əsasən gəldiyimizi söylədik. Amma Kamal Abdulla yenə bizi təhdid etdi.

- Nə deyirdi?

- Deyirdi ki, başınıza oyun açacam. Təsəvvür edirsinizmi, rektor, alim-yazıçı müəlliməyə nə deyir?!

- Yəni sizi heç dinləmədi?

- Nəinki dinləmədi, təhdid etməyə başladı.

- Bu təhdidlər nədən ibarət oldu?

- Töhmət aldım, ardınca jurnal mənə verilmədi və ümumi işlər üzrə prorektor Tural müəllim çağırıb dedi ki, tələbələrin səndən şikayəti var. Guya, mən tələbələri iğtişaşa qaldırmışam, anlaya bilmədim bu iğtişaşın mənasını. Haqqımda universitetin rəsmi saytında "Tələbələrin qənimi” başlıqlı yazı dərc olundu. Bu yazıda Təhsil Nazirliyinə göndərdiyim məktubdan imtahanla bağlı yazdığım qüsurlar olan hissəsi kəsilib nəşr edilmişdi.

- Məqsəd nə idi?

- Göstərmək istəyirdilər ki, mən ağır şərtlərlə imtahan götürülməsinin tərəfdarıyam. Dünyanın ən qabaqcıl universitetlərində imtahan sistemi tələbələrin bilik və bacarıqlarının müəyyənləşdirilməsi üçün təşkil edilir. İmtahanda nəinki tələbələrin nəticələri, eləcə də müəllimlərin tədris etmə vərdişləri sınağa çəkilir. Şühbəsiz peşəkar müəllimin imtahanında nəticələr yüksək olur və mən şəxsən həmişə bir müəllim kimi tələbələrimin imtahan nəticələri ilə qürur duymuşam. Lakin Kamal Abdullanın imtahan "islahatlarından” sonra tələbələrim arasında olan haqlı narazılıqlar məni narahat edirdi. Tələbələr imtahanda hədsiz səs-küydən, qatmaqarışıqlıqdan şıkayət edirdilər. İmtahanda 3 saat müddətində tələbələrin sualları və müəllimin bu sualları cavablandırması, lüğətdən istifadə, proqramın otaq boyu tələbələrin əllərindən-əllərinə keçməsi və tələbələrin mövzunu proqramdan köçürməsi, lüğətin eyni qayda ilə tələbələrin əllərində fırlanması, imtahan vərəqəsinə düşmüş mövzuya tələbənin bir dəfə baxmaq icazəsi və sair. İmtahanda sakitlik dünyada qəbul edilmiş bir standartdır, yuxarıda sadaladığım hallarda imtahan otağında sakitlik ola bilərmi? Təhsil Nazirliyinə ünvanladığı məktubda bu halları qeyd etmişdim. Yuxarıda sadaladığı hallar səbəb olurdu ki, bütün semestr boyu əziyyət çəkən tələbə də, həftəlik materiala qəti hazırlaşmayan tələbə də imtahan sonunda oxşar qiymətləndirmə ilə rastlaşırdı. Bu isə tələbələr arasında narazılıq doğururdu və ən əsası savadlı, çalışqan tələbənin motivasiyası məhv olur, gələcəkdə isə həmin tələbələrdə anoloji müftə qiymət almaq yolunu seçə bilərdilər və ya əksər tələbələr artıq bu yolu seçmişdilər. Nəticədə müəllimin semestr müddətində tədrisinin mənasızlığı tələbələrə sübut edilmiş olurdu və tədricən keyfiyyət sıfıra enirdi. Bu hal isə məni hədsiz qorxudurdu, çünki mən öz müəllimlik fəaliyyətimin lüzumsuzluğunu dərk edirdim. Mənə çox pis təsir edirdi ki, niyə biz müəllimlər tələbələrə imtahanda kömək etməliyik və onların qarşılarındakı imtahan vərəqələrində olan suallarına cavab verməliyik?! Məgər semestr ərzində müəllim materialı tədris etməklə məşğul olmurmu? Tələbələrə edilən bu "hörmət” rektorun tamamilə tədrisdən xəbərsiz olduğunu, Təhsil Nazirliyinin tədrislə bağlı qanunlarından bixəbər olduğunu sübut edirdi. Rektorun tamamilə Azərbaycan gəncliyinin müqəddəratını düşünmədiyini sərgiləyirdi, rektora sanki plan doldurmaq lazım idi, keyfiyyət isə sıfır və tələbələr arasında saxta "tələbələrin dostu” olan rektor imici yaradırdı. Tələbələrin əksəri isə anlayırdı ki, bu dost imici onlara universiteti bitirdikdən sonra ixtisaları üzrə iş tapmaq perspektivi vəd etmirdi. ADU məzunları və ya tələbələrinin əksəriyyəti dil kurslarında müəllim kimi fəaliyyət göstərmək əvəzinə, həmin dil kurslarında ixtisas hazırlıqlarına tələbə kimi pul ödəyirlər.

- Bu vəziyyət yalnız sizin çalışdığınız fakültədə idi, yoxsa universitetdə?

- Ümumi universtetdə bu problem yaşanırdı, çalışdığım müddətdə. Ümumiyyətlə, mən Kamal Abdulla rektor təyin olunandan sonra baş verən dəyişikliklərlə bağlı dəfələrlə narazılığımı bildirmişdim.

- Nədən ibarət idi dəyişikliklər?

- Birincisi, imtahan sistemini şouya çevirdi. İmtahanda müəllim tələbələrin suallarına cavab verməli, imtahan zalında lüğət olmalıdır. Dil imtahanında lüğətmi olar, biz hansı dövrdə yaşayırıq ki, belə şeylərə yol verilsin?! XXI əsrdə kimin əlində lüğət var, hamı telefona baxır. Yaxud proqrama 3 dəfə, materiala 2 dəfə baxmaq olar, yəni gördüyümüz imtahan bir səs-küylü bazar idi və tələbələr özləri də narazılıqlarını ifadə edirdilər ki, imtahan sakit keçmir, səsdən yaza bilmirlər. Mən imtahanın o cür keçməsinə imkan vermirdim, tələbələrimə də sual ünvanlamağa qadağa qoymuşdum. Semestr boyu tələbəni ona görə öyrədirəm ki, imtahanda nəticə görüm.

- Bəs bu barədə toplantılarda danışırdınızmı?

- Bəli, buna görə hamı məni narazılığımı tez bildirən müəllimə kimi tanıyırdı, yəni "demoqoq”

- Və Kamal Abdulla da şikayətlərinizi eşidirdi?

- Bəli.

- Reaksiyası necə idi?

- Birinci reaksiyası dissertasiya işimdə problem yaratdı, seminara buraxmadı. Ümumiyyətlə, rektor üçün problemli insanlar öz hüquqlarını qoruyan və ya tələb edən adamlardır. Nəticədə mən elmi işimi dayandırdım.

- Pərvin xanım, söhbətin əvvəlində universitetin saytında haqqınızdakı məqalədən danışdınız. Bəs tələbələr sizi müdafiə etdimi?

- Bəli, mən istəməsəm də, tələbələr məndən icazəsiz rektorun qəbuluna getmişdilər. Kamal Abdulla onları akt zalında qəbul edəcəyini dedi, amma yalandan uşaqlara söylədi ki, Pərvin müəlliməni də dəvət etdi, amma gəlmədi. Bunu bilən tələbələr mənə xəbər verdilər və özümü akt zalına çatdırdım. Rektor haqqımda tənqidi fikirlər səsləndirəndə, tələbələrim etiraz etdilər ki, niyə "Tələbələrin qənimi” başlıqlı məqalə yazılıb. Ajiotaj ondan başladı ki, tələbələr sosial şəbəkədə çox ciddi etiraz kampaniyasına başladılar, buna cavab verən Kamal Abdullanın trollarına sərt şəkildə münasibət göstərdilər. Rektor toplantıda onları sakitləşdirmək istəyəndə də, tələbələr məni müdafiə edərək dedilər ki, müəlliməni təhdid etməyə haqqınız yoxdur. Çünki müəllimədən narazılıqları olmayıb. Bununla belə, tələbələrdən xahiş etdim ki, rektorla mənim konfliktimə qarışmasınlar, çünki başqa xoşagəlməz məsələlər çıxacağını hiss edirdim. Elə də oldu, tələbələrin valideynləri bir-bir universitetə çağırıldı, onlar təhdid edildi, qorxuduldu, hətta bəzi valideynlərə deyildi ki, bu, siyasi məsələdir, uşaqlarınıza deyin bu məsələlərə qarışmasınlar, "Facebook”da heç nə yazmasınlar, əks halda töhmət veriləcək, ya da qovalanacaqlar. Yəni Kamal Abdulla əvvəlcədən mənim təhsillə bağlı narazılığımı siyasiləşdirdi. Həmişə açıq şəkildə deyirdi ki, "mən "Prezident tərəfindən təyin olunmuşam, sənin mənə qarşı çıxış etməyin Prezidentə qarşı çıxış etməyindir”. Akt zalında da tələbələrin qarşısında mənə dedi ki, universitetdə qoyduğum qanunlar belədir, bəyənmirsən, çıx get! Tələbələrim onun bu sözünə etiraz etdilər. Mən də cavab verdim ki, bura dövlət universitetidir, şəxsi əmlakınız deyil. Mən orda da imtahanın bu şəkildə keçirilməsinin yolverilməz olduğunu qaldırdım.

- Beləliklə, bütün bunların nəticəsi sizin işdən çıxalmağınız oldu?

- Əvvəla, universitetdə mənim Təhsil Nazirliyinə yazdığım məktuba görə komissiya təşkil olundu ki, məsələ araşdırılsın. Komissiyaya sədrliyi isə rektor Ələddin müəllimə tapşırmışdı və "obyektivlik” nümayiş etdirmək üçün professor, dosent heyət, dekanların bu komissiyada iştirakı rektor tərəfindən təmin edildi. Hətta "kölgə”, yəni Kamal Abdullanın trol tələbə ordusu da iştirakçı və müşahidəçi və sair qisimlərdə komissiyada iştirak edirdilər. Təsəvvür edin ki, onlarla yaşlı müəllim çıxış edib bizi təhqir edirdi. Konkret olaraq, rektor məktubu cümlə-cümlə oxuyub, yazılanlardan əsəbləşib, məni təhqir edirdi. Bütün bunlar məhkəməyə təqdim edilib.

- Bəs tələbələr dəvət olunmuşdumu?

- Bəli. Xəlifə seçilən və ya "Kölgə” adlanan tələbə qurumları, daha doğrusunu desək, rektorun tələbə trolları iştirak edirdilər. Komissiyanın gedişatı ərzində mənim qətiyyən tələbə kimi tanımadığım trol dəstəsinin üzvlərinə söz verən rektor onlara mənim sosial şəbəkədə ADU və Kamal Abdulla ilə bağlı yazdığım şərhləri tənqid və məsxərə etməyi tapşırmağı da unutmamışdı. Mən məktubda yazmışdım ki, bu cür imtahan sistemində iştirak etməyi müəllim qüruruma sığışdırmıram. Rektor isə bu cümləni oxuyub özündən çıxdı, "sən şəxsiyyətsizsən, ləyaqətsizsən, qürursuzsan” söyləyərək qışqırdı. Bu cümləni rektor iki dəfə təkrar etdi. Amma məhkəməyə vəsatət kimi təqdim ediləndə, bu sözləri iclasın protokolunda görmədik, çıxartmışdılar. Əlbəttə, komissiyanın iclasında prezidentin çıxışlarında mütəxəssislərə ehtiyacımız olduğunu xatırladaraq dedim ki, əgər Dillər Universitetində tələbələrə xarici dil öyrətmək istəmirsinizsə, buranı şouya çevirəcəksinizsə, mütəxəssisləri hardan tapacağıq? Komissiyanın gedişatında müzakirə elə şəkil aldı ki, iclasın sonunda hətta professor heyətinin bəzi üzvləri "belə ağıllı savadlı qızsan, niyə belə bir məktub yazmısan Təhsil Nazirliyinə” deyənlər də tapıldı. Amma "özünüzü polisə salmayın” "gəncsiz, xanımsız” deyənlər də var idi, bu, əslində təhdid idi. Hətta Kamal Abdullanın vəkili yazdığım məktuba görə mənim cinayət məsuliyyətinə cəlb olunacağımı bəyan etdi. Sonda peşman olduğumuzu bir daha soranda, etiraz etdik ki, xeyr, yazdıqlarımızın arxasındayıq. Qərar qəbul olundu ki, bizim kimi müəllimlərin auditoriyaya buraxılması yolverilməzdir. Hətta universitetin Həmkarlar Təşkilatı və nümayəndələri izahatlarında rektoru müdafiə etdilər. Onların izahat məktubları oxundu, deyilirdi ki, əgər Kamal Abdullaya qarşıyıqsa, deməli, Prezidentə qarşı çıxırıq. "Pərvin kimilər dövlətçiliyə, Prezidentə qarşı çıxan ünsürlərdir”

- Amma Həmkarlar Təşkilatı adətən işçinin hüququnu müdafiə edib, Dillər Universitetində isə fərqli mənzərə yarandı və müəllim heyətindən sizi müdafiə edən oldumu?

- Qətiyyən müdafiə edən olmadı. Hansısa müəllimə məni müdafiə etsəydi, işini itirəcəkdi. Hətta belə bir hadisə baş verdi, laborantlardan birini çağırıb demişdilər ki, Pərvin Mürsəlovanın sənəd götürdüyü haqqında izahat yaz. O da etiraz edəndə, ərizəsini yazmaqla hədələdilər. Nəinki məni müdafiə etmək, bir-bir çağırıb əleyhimə izahat yazdırırdılar, yazanları da mükafatlandırırdılar. Məsələn, dosent adını alan oldu, başqa biri doktoranturaya qəbul edildi, sadəcə həmin xanımların adlarını xatırlatmaq istəmirəm.

- Hazırda şikayətiniz Ali Məhkəmədidir, əgər əvvəlki instansiyaların qərarı təsdiqlənsə, Avropa Məhkəməsinə şikayət edəcəksinizmi?

- Bəli, mütləq.

- Sizin tələbiniz - işinizə bərpa olunmaq yerində qalırmı?

- Prinsipial məqsədim artıq işə bərpa olunmaq deyil. Çünki təhsil adına rəzalətlərin yaşandığı universitetə qayıtmaq istəmirəm. Əmək kitabçam bərpa olunacaq, amma bir gün də orda işləməyəcəm.

- O zaman bu qədər mübarizə nə üçün idi?

- Sadəcə, sübut etmək istəyirəm ki, əgər haqlısansa, hətta Azərbaycanda belə haqqını müdafiə etməlisən. Mənə deyirlər ki, bura Azərbaycandır, kimə nəyi sübut etmək istəyirsən? Haqsız şəkildə universitetdən qovuluramsa, mənə ora qayıtmaq lazım deyil. Gələcək perspektivim, iş və elmi fəaliyyətimi xaricdə görürəm. Çünki Azərbaycanda dəyərləndirilmirəmsə, başqa çıxış yolum qalmır.

- Siz universitetdə rəzalətin yaşandığını dediniz. Hansı arqumentlərlə ifadənizi əsaslandıra bilərsiniz?

- Birinci, Dillər Universiteti də daxil olmaqla əksər təhsil ocaqlarındakı elmi işlərin yüksək faizinin elmi çəkisinin həddən artıq aşağı olduğunu düşünürəm. Məsələ ondadır ki, Azərbaycanda yazılan elmi işlər beynəlxalq standartların tələblərinə cavab vermir, söhbət yaxşı bələd olduğum humanitar sahələrdən gedir. Biz elmi iş yazmazdan öncə onun Azərbaycan, eləcə də beynəlxalq perspektivləri üzərində düşünməliyik. İkinci, yazılan dissertasiyalara akademik, professor heyəti tətəfindən verilən rəylər hətta "hörmətlə” əldə olunur, təşkil olunan seminar, kafedra müzakirələri, müdafiələrin əksəriyyəti şou proqramdır, elmi işlərdə total şəkildə plagiatlıq hökm sürür. Seminar müzakirələrində "yazdığı” elmi işi üzündən höcələyən elmlər namizədlərimiz, dosentlərimiz var. Məsələn, Kamal Abdulla akademik adını alıb, amma xarici dillərdən yalnız rus dilini bilirsə, necə akademik olur?! O, uzun müddət Multikulturalizm Mərkəzinin sədridir, amma onun bu yöndə mühazirələrini dinləmişəm, orda multikulturalizmdən söhbət getmir. Çünki bu sahəyə bələd deyil, multikulturalizm haqqında qətiyyən heç nə bilmir, öz hərəkətləri və idarəetməsi ilə bunu aydın şəkildə sübut edir. Belə bir akademik, xalq yazıçısı bizi dünyada təmsil edir və çıxışlarında şablon multikulturalizm terminlərindən ibarət söylədiyi fikirlər isə onun bu sahədə olan savadsızlığını bir daha sübut edir və sosial şəbəkələrdə lağ obyektinə çevrilir. Yaxud Britaniya, Amerika ədəbiyyatından elmi iş yazan alim ingilis dilini bilmir. Başqa bir misal, Avropa folklor ədəbiyyatından dissertasiya müdafiə edir, amma "köhnə qitə”nin dillərini bilmir. Yalnız rus dili vasitəsilə Avropa folklorunu mütaliə edən dosent, professor, akademik ordumuz var bizim. Bu şəkildə necə ciddi elmi iş müdafiə etmək olar? Necə titullar qazanmaq olar? Mən uzun illər Amerika ədəbiyyatını tədris etdiyim və bakalvr, magistr elmi işlərimi bu sahədə araşdırdığım üçün bu ədəbiyyatdan olan növbəti mövzunu təsdiqlətdim və ciddi araşdırma aparırdım, hətta bu sahəni daha geniş araşdırmaq, tərcümələr etmək üçün tələbələrdən ibarət dərnək də təşkil etdim və uğurlu tərcümələrimiz və nəşrlərimiz həyata keçdi. Amma Azərbaycanda ingilis dilini orta səviyyədə belə bilmədən Amerika ədəbiyyatından müdafiə işləri yazırlar, doktor, professor adı alırlar. Ancaq bu adamların bir məqaləsini xarici elmi nəşrlərdə tapmazsınız. Başqa bir məqam, dissertasiya işlərinin müdafisəsi üçün kafedra müzakirələri, seminarlar təşkil olunur. Bəzi seminar üzvləri çıxış edərək, utanmadan dissertantlara bildirirlər ki, "sənin elmi işini oxumamışam, elə indi burda vərəqlədim, ədəbiyyat siyahısında rəqəmdən sonra vergül niyə qoymamısan, yaxud niyə rus yox, daha çox ingilis mənbələrindən istifadə etmisən?”. Əvvəla, dissertasiyanı oxumamısansa, onda niyə toplantıya qatılmısan? İkinci, elmi iş Amerika ədəbiyyatıdırsa, və ya Britaniya ədəbiyyatıdırsa, niyə rus mənbələrindən çox istifadə edilməlidir? Halbuki, bu adamlar özləri elmi işlərində qədim, artıq yararsız olan sovet mənbələrindən istifadə etməklə, elmi bərbad vəziyyətə salıblar. İndi də gəncləri öz vəziyyətlərinə salmaq istəyirlər. Əslində, mənim kimilər onlar üçün təhlükədir. Bu adamların əksəri vikipediya materialı ilə tələbələrə dərs keçirlərsə, indi vəziyyəti özünüz təsəvvür edin. Təəssüf ki, bu cür dərs keçənlər bütün yaş qruplarından olan müəllimlər sırasında var. Mənim savadlı tələbələrim ona görə universitetdə qalmadılar, birinci səbəb onların orda qalıb təhsillərini davam etdirməsi və ya hər hansı bir fəaliyyəti üçün əngəl olan müxtəlif bürokratik səbəblər var. İkinci səbəb də özlərini daha perspektivli yerlərdə sınamaq istəyirlər və təhsilin ali perspektivlərini isə qətiyyən ADU-da görmürdülər. Ancaq dərs keçdiyim tələbələr arasında möcüzəli yollarla imtahanlarını yola verən, semestr ərzində davamlı qayıb alan, lakin imtahana yenə də möcüzəli yollarla giriş icazəsi alan tələbə və ya gənclər təşkilatının nümayəndələri, heç bir elmi işıq, perspektiv vəd etməyən, universiteti diploma görə oxuyanlar universitetdə işçilər kimi sonradan fəaliyyət göstərirlər, əsasən isə trol dəstəsi üzvləri universitetdə işçi qalmaqla mükafatlanırlar. Bununla bağlı çoxlu faktlar da var, hətta məhkəməyə də vəsatət kimi təqdim olunub.

Redaksiyadan: Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallı Meydan TV-yə deyib ki, bu məsələ onlar üçün qapanıb, ona görə də Kamal Abdulla deyilənlərə münasibət bildirməyəcək.
 
Müəllif: Natiq Cavadli
Mənbə: Meydan.Tv