Həkimin rüşvətalma görüntüləri: Qurumlar özlərini məsuliyyətdən kənarda tutur

Həkimin rüşvətalma görüntüləri: Qurumlar özlərini məsuliyyətdən kənarda tutur

27-03-2024 17:07 / Bu xəbər 721 dəfə oxundu

"Təkcə Şirvan xəstəxanasında deyil, əksər xəstəxanalarda vəziyyət eynidir”

Martın 17-də "Tik Tok” sosial şəbəkəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının onkologiya bölməsində həkimin rüşvət alması ilə bağlı iddiaların əks olunduğu video paylaşılıb.

Görüntülərdə həkim dərmanlara görə xəstə yaxınlarından pul alırdı. Görüntülərdən sonra onkoloji xəstələrin müayinə və müalicəsi, habelə dərmanlar üçün xəstələrdən pul alınması ilə bağlı məsələ yenidən gündəmə gətirilib.

2006-cı ildə "Onkoloji yardım haqqında” Qanun qəbul olunub. 

Həmin qanuna görə onkoloji xəstə olan Azərbaycan vətəndaşının müayinə və müalicəsi dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. 

2007-ci ildən onkoloji xəstəliklərlə mübarizə üzrə dövlət büdcəsindən vəsait ayrılır. 

Milli Məclisin iclaslarında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib. 

Əmiraslanov "2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib ki, onkoloji xidmətlər üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəsmi "Facebook” səhifəsi

Onkoloq-həkim Arif Məmmədov Meydan TV-yə bildirib ki, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”na uyğun olaraq onkoloji xəstələrə bir sıra dərmanlar pulsuz verilir. 

Siyahıya 250-yə yaxın dərman və dərman preparatı daxildir.

"Təkcə Şirvan xəstəxanasında deyil, əksər xəstəxanalarda vəziyyət eynidir. Dərmanlar çox zaman xəstələrə pulla verilir”, – A.Məmmədov qeyd edib.

Həkim bildirib ki, bu sahədə vəziyyəti görmək üçün Milli Onkologiya Mərkəzinə xəstə kimi müraciət etmək kifayətdir.

Həkim onkoloji xəstələrin müalicə və dərmanla təminatının icbari tibbi sığortaya daxil edilməsini təklif edir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov isə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, 2023-cü ildə 10 mindən çox şəxsə onkoloji xəstəlik səbəbindən əlillik təyin olunub.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Meydan TV-yə bildiriblər ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması iddiası ilə yayılmış video görüntülərin araşdırılması agentliyin səlahiyyətinə aid deyil.

TƏBİB-dən isə bildiriblər ki, görüntülərin qurumun tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aidiyyəti yoxdur. 

Onkoloji ambulator, stasionar, eləcə də poliklinik xidmət sözügedən xəstəxananın tabeliyində deyil. Xəstəxananın həyətyanı ərazisində digər səhiyyə qurumlarının da müəssisələri yerləşir.

Həmin xidmət Səhiyyə Nazirliyinin tabeliyindədir. Lakin nazirlikdən bununla bağlı sorğunu cavablandıran olmayıb.

Xəstəxadan isə sorğuya cavab verməkdən imtina ediblər, bildiriblər ki, araşdırma ilə bağlı yalnız müvafiq qurumlar açıqlama verə bilərlər.