“Həmsədrləri XİN-in qarşısında görəndə, elə bil, nənəmin “oynaşları”nı görürəm…”

“Həmsədrləri XİN-in qarşısında görəndə, elə bil, nənəmin “oynaşları”nı görürəm…”

24-09-2019 12:24 / Bu xəbər 1669 dəfə oxundu

Yazıçı Seyran Səxavətin müsahibəsi

– Bu il 73 yaşınız tamam oldu. Bəs həyatınızda hansı dəyişikliklər baş verdi?
 
– 73 yaşım oldu? Vallah heç xəbərim yoxdu. Mübarək olsun. Dəyişiklik o oldu ki, yeni yaşım tamam oldu.
 
– Deyirsiniz ki, Qarabağla bağlı əsər yazmağın yox, artıq döyüşməyin vaxtıdı. Bu cür əsərləri qəbul etmirsiniz?
 
– Demirəm qəbul etmirəm. Artıq Qarabağ haqqında əsər yazmağın vaxtı deyil, hücum edib torpaqları işğaldan azad etmək lazımdır. Azərbaycan Yazıçılar Birliyinin iki min üzvü var. Məsələn, elə mən özüm fantaziyam da, istedadım da var. Bir obraz yaradaram ki, qıra-qıra Yerevana gedib çıxaram. Mənə kitabda, şeirdə, romanda, poemada alınan Qarabağ lazım deyil, real həyatda alınan Qarabağ lazımdır. Romanda alınan Qarabağa gedə bilərəmmi? Qarabağ haqqında ən yaxşı əsəri isə bizim Ali Baş Komandan yazmalıdır, Müdafiə Nazirliyi ilə xalqla birlikdə. Ona görə də "Qarabağ şikəstəsi” oxunanda mən özümü pis hiss edirəm. Axırıncı dəfə Şuşaya Sergey Suşa adlı bir rus şairini qonaq aparmışdım.
 
– Bəs torpaqların işğalından artıq 27 il keçir və siz bu haqda nə fikirləşirsiniz?
 
– Artıq bunu yuvarlaqlaşdıraq, otuz il keçir. 30 il danışıq aparmaq olar? ATƏT-in Minsk qrupu gəlib Xarici İşlər Nazirliyinin qarşısında gülə-gülə maşından düşəndə elə bir nənəmin "oynaşların” görürəm. Bununla bağlı şeirim də var.
 
"Mənə elə gəlir ki,
onların muşduluğu
təkəmseyrək sevinci
gen şərin də.
Yenə gülə-gülə
düşdülər maşından
Xarici işlər Nazirliyinin
qənşərində…”
 
Yəni dünya və bizim ölkəmiz başda olmaq şərtilə Qarabağ məsələsinə son dərəcə biganə yanaşır və ona görə də məsələ uzanır.
 
– Yəni biz sabah o torpaqda 27 yaşı tamam olan erməniyə deyə bilərikmi ki, bur bizimdi, çıx torpağımızdan?
 
– Əlbəttə, bu da və 27 il Şuşadan qaçqın düşən adama da çətin olacaq bu sözləri demək. Bu gün məcburi köçkünlərimizə ev veriləndə təşəkkür edib deyirlər ki, bizə torpağımızı verin, biz öz evimizə getmək istəyirik. Xalq öz torpağını istəyir. Qarabağı olan adam heç vaxt Bakı deyilən neft qoxulu yerdə qalmaz. Bakılı dostlarım məni bağışlayaralar.
 
– Bu gün məktəblərimizdə ziyalılarımızla görüşlər keçirilmir. Sizcə buna səbəb nədir?
 
– Bəli, keçirilmir, çünki lazım deyil. Sovet vaxtında çox gözəl ənənə var idi, ali və orta məktəblərdə yazıçılarla möhtəşəm görüşlər olurdu. O cür görüşlər indiki azad cəmiyyətin heç babasının da yuxusuna girməz. İndi bunu etmirlərsə, məncə qəsdən etmirlər. İstənilən yetkiliylə bununla bağlı depata çıxıb deyə bilərəm ki, niyə buna imkan vermirsiniz?
 
Ordunun özündə də yazıçılarla görüşlər təşkil olunmalıdır. Bir dəfə özüm gedib çıxmışdım əsgərlərin yanına. Orda əsgərlərlə görüşüb bir-bir adlarını soruşdum. Azərbaycanın hər bir bölgəsindən orda uşaqlar var idi. Telefon nömrəmi də verdim. Olara sevgi şeirləri də oxudum. Dedim ki, məni toyuna çağırmayan kişi deyil, gəlməyən də ikiqat kişi deyil.
 
– Sizinlə keçirilən bir görüşdə dediniz ki, mənə Xalq şairi fəxri adı verilməsi artıq gecdir və vaxtında verilsəydi, pul müfakatıyla gözəl xanımları yeyib-içməyə dəvət edərdim. Sizin üçün kişilərlə yeyib-içmək artıq bu qədərmi maraqsızdı?
 
– Bu da bizim həyatımızın bir parçasıdır. Hərdən dostlarla yeyib-içməyə gedirik. Həmişə yeyib-içəndə hamı bir-birini tərifləyir. Onlara dedim ki, yığışdırın da bu tərifi bizim gözəl, savadlı xanımlarımız var, qoy onlar da gəlsin bizim məclisimizə rəng qatsın.
 
"Buna görə də mükafatın verilməsinə imkan vermədim…”
 
Qaldı ki, açığını deyim ki, bundan sonra fəxri ad mənə lazım deyil və belə də başa düşülə bilər ki, "pişiyin ağzı ətə çatmayanda, deyər murdardı”. Amma mən heç belə də demirəm. Mənə bu adı 45-50 yaşında verəydilər. 1988-ci ildə 42 yaşım var idi, Sahib Ələkbərov onda Azərbaycan komsomol mərkəzi komitəsinin birinci katibi idi. Onda eşitdim ki, bunlar mənə "Lenin komsomolu” mükafatı vermək istəyirlər. Gedib S.Ələkbərovla görüşüb dedim ki, çox sağ olun, amma 42 yaşında komsomol olmaz, bunu cavanlara verin. Buna görə də mükafatın verilməsinə imkan vermədim.
 
Allah bu ad verənlərin ətin töksün. Musa Yaqubun bir ayağı yox e, iki ayağı gordadı, əzizimdi, canımdı, 6 dəfə gedib ona baş çəkmişəm və bir yerdə də şəkil paylaşmamışam ki, Musaya dəyməyə getmişdim. Musa Yaquba indi necə başa salaq ki, sənə Xalq şairi fəxri adı veriblər. Onun 83 yaşı var. Bu adları ölkə başçısına təqdim edənlər indiyə kimi hardaydı? Musa Yaqub bu adı 45-50 yaşında almalıydı. Son zamanlar siyasətlə bağlı ikili standart deyilən bir termin var və bu ədəbiyyata da, mədəniyyətə də yol tapıb. İyirmi beş yaşında uşağa Xalq artisti fəxri adı verirlər və başqa birisi Xalq artistidi, amma heç bilmir ki, Azərbaycanın dövləti himninin sözlərinin və musiqisinin müəllifi kimdir. Azərbaycanda bizim hörmətli mədəniyyət nazirimizin dediyinə görə 1300 nəfərə qədər Əməkdar və Xalq artisti var. Bəs bu adları yazıçlara verəndə niyə can çəkirlər. Əslində Musaya bu yaşda Xalq şairi fəxri adı vermək onu ələ salmaqdı mənim aləmimdə. Bir dəfə Ramiz Rövşənlə Vaqif Bayatlı AYB-də söhbət edəndə mən də gəldim. R.Rövşən dedi ki, tanış olun. Dedim ki, Vaqifi tanıyıram. Ramiz dedi ki, Vaqif məndən güclü şairdi.
 
– Azərbycanın ən möhtəşəm futbol azarkeşlərindən birisiniz. "Barselona” ya azarkeşlik edirsiniz və hesab edirsiniz ki, Messi sizin oğlunuzdu…
 
– Bəli. Elə bilirəm ki, Messi mənim belimdən gəlib. Görün o, nə qədər mədəniyyətlidi, o, dünyanın bütün prezidentlərindən daha məşhur və sevimlidi. Çox zəhmətkeş uşaqdı, uşaqlıqda xəstə olub.
 
– Bəs bizdə niyə futbolçularımız bir-birinə pas verməyi xoşlamırlar?
 
– Biz ümumiyyətlə, nə futbolda, nə həyatda, nə də sənətdə bir-birimizə pas verməyi xoşlamırıq. Millət olaraq kollektiv oyunlar bizdə alınmır, fərdilik daha möhtəşəm olur.
 
– "Qarabağ”ın oyununa baxırsınız?
 
– Əvvəllər baxırdım və indi baxmıram. Çünki Q.Qurbanov da bu komandada çox ləngidi. "Barselona” kimi nəhəng bir komandanın məşqçisi komandadan getdi. Q.Qurbanov isə uzun illərdi bir komandadır. Əslində heç Qurbanı əvəz edəcək adam da yoxdu. Buna görə də düşünürəm ki, Azərbaycanda heç vaxt futbol olmayacaq. Mənim yadımdadı "Neftçi” komandası Yaponiyanın yığma komandasına Bakıda 10:0 qalib gəldi. İndi bizə futbola elə adam başçılıq edir ki, heç özü də bilmir futbol nədir. Ümumiyyətlə, futbolun inkişafı üçün pul lazımdı və bu da var. Amma baxır o pulu kim, hara, necə xərcləyir. Bu gün o pulu azərbaycansayağı xərcləyirlər və nəticədə göz qabağındadır.
 
– Deyirsiniz ki, yaxşı muğam ifaçısı olmusunuz. Bəs səsinizə nə oldu ki, belə vəziyyətə düşdünüz?
 
– Mən qəfildən ciddi xəstələndim. Sonra Allah elədi ki, sağaldım. Özümün muğamla bağlı xeyli zapislərim var. Öz altmış illiyimdə də muğam ifa etmişəm. Bizim tayfa muradxanlı tayfasıdır. Muradxanlı böyük tayfadır orda hamının səsi var. Onlardan təkcə Əvəz Muradov (Bahar Muradovanın atası) xanəndə oldu.
 
– Bəs bu gün hansı musiqiləri dinləyirsiniz?
 
– Bu gün ancaq muğam dinləyirəm, Xəyyam Mirzəzadənin "Gəzinti” əsəri var onu çox sevirəm. F.Əmirovun, Q.Qarayevin simfoniyasına qulaq asıram. O, simfoniyalarda aşıq elementlərindən də istifadə olunub.
 
– Gənc yazarlardan kimləri oxuyursunuz?
 
– Hamısını oxuyuram. Çox vaxt onları müdafiə etmişəm. Mənə kitablar da bağışlayırlar. Xoşuma gələnləri oxuyuram, gəlməyənləri yox. İndi bizim çoxlu istedadlı xanım yazarlarımız var.

moderator.az