Hesablama Palatası Naxçıvanda nazirliyi yoxladı: milyonlarla mənimsəmə...

Hesablama Palatası Naxçıvanda nazirliyi yoxladı: milyonlarla mənimsəmə...

16-05-2023 20:01 / Bu xəbər 858 dəfə oxundu

Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevralın 15-dən martın 18-nə qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalar nəticəsində milyonlarla manat mənimsəmə aşkarlayıb.

Yoxlamalar 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri ilə bağlı olub.

Bu barədə Hesablama Palatası məlumat yayıb. 

"Qaynarinfo" isə xəbər yayıb ki, Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş kənd təsərrüfatı naziri Bəhruz Bayramov həbs oluna bilər. 

Bəhruz Bayramov nazir vəzifəsinə 2018-ci ildə Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə təyin edilib. 

Muxtar Respublikada yüksək vəzifələrə əsasən Vasif Talıbovun yaxın çevrəsinə daxil olan şəxslərin təyin edildiyi nəzərə alınsa, Bəhruz Bayramovun da keçmiş Ali Məclis sədrinin yaxın olduğunu düşünmək olar. 

Vasif Talıbovun istefasından sonra ona daha çox yaxın olan yüksək vəzifəlilərin işdən çıxarılmasına başlanılıb. 

Bildirilir ki, Bəhruz Bayramov da həmin məmurlardandır. O, bu ilin fevralında tutuduğu vəzifədən azad edilib. 

Muxtar Respublikanın kənd təsərrüfatı nazirinin müavini, müvəqqəti nazir vəzifəsini icra edən Xəyalə Dadaşova yoxlama ilə bağlı mediaya açıqlama verib.

"Əgər təhlillə yanaşsaq, Azərbaycanın digər regionlarına münasibətdə Naxçıvan Muxtar Respublikasında aqrar sahə çox geridə qalır. Sahəni inkişaf etdirməyə çalışırıq. Təbii ki, inkişaf tarladan, sahədən deyil, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinin özündən başlayacaq. Kənd Təsərrüfatı Nazirliyinin hazırkı strukturu imkan vermir ki, aqrar sahədə vahid idarəetmə sistemi olsun. Bu sahədə idarəetmə sistemi pərakəndə şəkildədir. Naxçıvan Muxtar Respublikasında bitkiçilik sahəsi inkişaf edib. Amma rayonların heç birində nazirliyin bu sahə üzrə fəaliyyət göstərən qurumu yoxdur. Yəqin ki, struktur dəyişikliyi aparılacaq. Dəyişiklik zamanı rayonlarda dövlət aqrar inkişaf mərkəzlərinin yaradılması məsələsinə baxılacaq”, - deyə Xəyalə Dadaşova "Naxçıvan” televiziyasına müsahibəsində bildirib. 

Xəyalə Dadaşova bu ilin fevralında nazir müavini təyin edilib. 

Bu təyinatdan sonra Naxçıvan MR KTN-də yoxlamalara başlanılıb. 

Xəyalə Dadaşova müsahibədində kadr və struktur dəyişikliyinə də ciddi ehtiyacın olduğunu deyib.

Hesablama Palatasının yoxlamaları zamanı həmçinin bəlli olub ki, qurum un subsidiyası üzrə 2021-ci ildə icra edilmiş 18 milyon 474 min 308,34 manat, 2022-ci ildə icra edilmiş 6 milyon 938 min 485,19 manat vəsait Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmayıb. 

Satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərinin yalnız 1 istehsalçı olmaqla "Gəmiqaya Holdinq”in istifadə etdiyi qeyd edilib. 

"Gəmiqaya Holdinq" isə Vasif Talıbovun ailəsinə məxsusdur.