Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olundu

Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olundu

12-01-2024 20:14 / Bu xəbər 1011 dəfə oxundu

İlham Əliyev bu barədə sərəncam imzalayıb

General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

Onun yerinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Bundan başqa, Azərbaycan ordusunun bir neçə vəzifəli şəxsinin ehtiyata və istefaya göndərildiyi bildirilir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Ancaq nazirlik hansı vəzifəli şəxslərin ehtiyata və istefaya göndərildiyini hələ ki açıqlamayıb.

Vəzifədən çıxarılan Ənvər Əfəndiyev kimdir?

Ənvər Əfəndiyev 1965-ci ildə Qax rayonunda anadan olub.

O, 1987-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib və Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat alıb.

Ənvər Əfəndiyev 1998–1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999–2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil alıb.

2015-ci ildən 2020-ci ilin iyun ayına qədər Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində xidmət edən Ə.Əfəndiyev 2020-ci ilin iyun ayından sentyabra qədər Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edib.

II Qarabağ müharibəsi zamanı 6-cı (ehtiyat) ordu korpusunun komandiri kimi döyüşlərdə iştirak edib.

2020-ci ildə "Vətən uğrunda" medalına layiq görülən Ə.Əfəndiyev bir il sonra Quru Qoşunların komandanı təyin olunub.

Hikmət Mirzəyevin qısa bioqrafiyası

Hikmət Mirzəyev 1968-ci ildə Biləsuvar rayonunda anadan olub.

I Qarabağ müharibəsində iştirak edən Hikmət Mirzəyev Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.

O,  2002-ci ildə general-mayor, 2020-ci ildə general-leytenant ali hərbi rütbəsi, həmçinin II Qarabağ müharibəsindəki xidmətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.