Hüquqşünas və seçki eksperti: “Müəllimin işdən çıxarılması qanunsuzdur”
20-09-2024 01:21 / Bu xəbər 629 dəfə oxundu
Təhsil eksperti isə bunu pedaqoji deyil, siyasi cəza sayır
2024-cü il sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində 82 saylı İmişli-Saatlı seçki dairəsindən namizəd olmuş ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın işdən çıxarılması qanunsuzdur.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı deyir ki, Seçki Məcəlləsi deputatlığa namizədin işdən çıxarılmasını qadağan edir: "Namizədlik statusu isə Konstitusiya Məhkəməsinin qərarınadək qüvvədədir. Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz. Ezamiyyətə göndərilə, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir”.
"Qeydə alınmış namizəd Seçki Məcəlləsinin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir”, – Bəşir Süleymanlı bildirib.
Hüquqşünas Xalid Ağəliyev Meydan TV-yə deyir ki, Milli Məclisə seçkilər zamanı namizədlər qeydə alınandan Konstitusiya Məhkəməsinin seçki ilə bağlı yekun qərarına qədər həmin statusu daşıyırlar: "Həmin müddətdə namizədlər müəyyən imtiyazlara sahibdirlər. Bu işdə belə görünür ki, namizədin ona qanunla verilmiş imtiyazlarına qanunsuz müdaxilə baş verib. İlk növbədə müdaxiləyə məruz qalmış şəxsin müvafiq seçki qurumlarına və məhkəməyə müraciət etməsi lazımdır. Qanun aydın mətnlə yazır ki, namizəd işdən çıxarıla bilməz. Bu aydın və dəqiq göstərişin işığında məhkəmə, müdaxiləyə məruz qalan şəxsi qorumalıdır. Seçki qurumlarının da dolayısı ilə seçki prosesinin iştirakçılarını qorumaq vəzifəsi var. Seçki qurumları da qeyri-qanuni müdaxilənin aradan qaldırılması üçün təşəbbüskar olmalıdırlar”.
Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə bildirib ki, son zamanlar təhsil müəssisələrində artan qalmaqal, mübahisə və davalar hamısı seçki ilə əlaqəlidir:
"Məktəbləri artıq çoxdan siyasi təşkilata çeviriblər. Bu gün hansısa müəllim işdən çıxarılırsa, bu, seçki ilə bağlıdır, siyasi məsələdir. İstər aktiv seçki hüququ ilə qoşulanlar, istərsə də passiv seçki hüququ ilə iştirak edən müəllimlərin çoxuna cəza veriblər. Bəzilərini işdən çıxarıblar. Bəzilərinin isə dərs saatlarını azaldıblar. Müxtəlif yollarla onları cəzalandırıblar. Bu, pedaqoji deyil, siyasi cəzadır”.
İmişlinin Aranlı kəndi Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin keçmiş ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva bu il ölkədə keçirilən parlament seçkilərində 82 saylı İmişli-Saatlı seçki dairəsindən namizəd olub.
Bir neçə gün öncə, sentyabrın 16-da İmişlinin Aranlı kəndində 7 ay öncə inşa olunmuş yeni məktəbin Bilik Günündə istifadəyə verilməməsinə etiraz edən Leyla Nəcəfquliyeva sentyabrın 18-də işdən çıxarılıb.
Leyla Nəcəfquliyeva Meydan TV-yə bildirib ki, müvafiq seçki qurumlarına və məhkəməyə müraciət edəcək.
"Qanunsuz olaraq işdən çıxarılmağımla əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasına və namizədi olduğum dairəyə şikayət məktubu yollamışam”, – Leyla Nəcəfquliyeva deyib