İcra başçısının polis oğlu daxili işlər orqanlarından çıxarılıb

İcra başçısının polis oğlu daxili işlər orqanlarından çıxarılıb

13-09-2021 14:19 / Bu xəbər 917 dəfə oxundu

Şəhriyar Hüseynovun Yasamal hadisələri zamanı vətəndaşla kobud rəftarı onu tənqid hədəfinə çevirmişdi

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynovun daxili işlər orqanlarından çıxarıldığı deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə Şəhriyar Hüseynovun öz raportu əsasında işdən uzaqlaşdığını deyib.

Şəhriyar Hüseynov Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun kürəkənidir. 

O, 2020-ci ilin iyunun 8-də Yasamal hadisələrində vətəndaşlarla kobud davrandığı üçün sosial şəbəkələrdə tənqid olundu. 

Bundan sonra DİN açıqlama yayaraq, Şəhriyar Hüseynovun cəzalandırıldığını bildirdi. 

O, vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. 

Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.

Ötən ilin iyunun 8-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 13 saylı binanı mühasirəyə alıb, sakinləri evlərindən çıxaraq həbs ediblər. 

Polis bu addımını sentyabrın 7-də bir neçə gəncin karantin qaydalarını pozarkən saxlandıqları zaman mərtəbələrdən etiraz əlaməti olaraq onlara zibil atılması ilə izah edirdi.(Meydan TV)