Məhkəmə jurnalistin həbsini cərimə ilə əvəzlədi

Məhkəmə jurnalistin həbsini cərimə ilə əvəzlədi

16-01-2024 23:54 / Bu xəbər 692 dəfə oxundu

Jurnalist azadlığa buraxıldı

Yanvarın 15-də həbs olunan jurnalist, siyasi icmalçı Şahin Rzayev bir gün sonra azadlığa buraxılıb. 

Yanvarın 16-da Bakı Apelyasiya Məhkəməsi onun haqqında 15 günlük həbs qərarını dəyişib. Onun cəzası 50 manat cərimə ilə əvəzlənib və məhkəmə zalından azadlığa buraxılıb.

Meydan TV-nin Bakı Apelyasiya Məhkəməsindən əldə etdiyi məlumata görə, Şahin Rzayevin işinə yanvarın 16-da axşam saat 18 radələrində hakim Ramin Qaraqurbanlı baxıb: "Məhkəmə belə nəticəyə gəlib ki, Şahin Rzayev haqqında Suraxanı Rayon Məhkəməsinin çıxardığı qərar İnzibati Xətalar Məcəlləsinin 31-ci (inzibati tənbeh tətbiq etmənin ümumi qaydaları) maddəsinin tələblərinə ziddir. Bu əsasla da həmin qərar dəyişib və həbs cərimə ilə əvəzlənib”.

Şahin Rzayev İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddələrilə ittiham olunurdu. 

İddia edilir ki, Şahin Rzayev küçədə söyüş söyüb, polislər ondan intizamlı olmasını tələb etsə də, əhəmiyyət verməyib. 

Bu üzdən saxlanılaraq, Suraxanı rayonu, 31-ci polis bölməsinə gətirilib.

Şahin Rzayev özü də "Facebook” hesabında azadlığa buraxıldığını yazıb. Lakin o, həbsinin səbəbi və s. təfərrüatları haqda ətraflı məlumat verməyib: "Azadlıqdayam. Dəstəyiniz üçün təşəkkürlər. İndi dincəlim, sonra daha ətraflı yazaram…”.

Yanvarın 15-də onun həbsindən sonra yaxınları Şahin Rzayevin "Facebook” hesabındakı paylaşımına görə cəzalandırıldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, Şahin Rzayev yanvarın 15-də günorta saat 14 radələrində mağazaya gedəndə polislər onu saxlayıb. 

Onu Suraxanı rayonu, 32-ci polis bölməsinə aparıblar. 

Daha sonra Suraxanı Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb və ona 15 sutka inzibati həbs cəzası kəsilib. 

Həmin qərardan da apelyasiya şikayəti verilib.