İlham Əliyev yeni ədliyyə naziri təyin edib

İlham Əliyev yeni ədliyyə naziri təyin edib

27-02-2024 12:53 / Bu xəbər 663 dəfə oxundu

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev fevralın 27-də sərəncam imzalayıb.

Növbədənkənar prezident seçkilərindən sonra - fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə and içib. 

Andiçmə mərasimindən sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.  

Kabinetin yeni tərkibində 2000-ci il aprelin 19-dan 2024-cü il fevralın 14-dək ədliyyə naziri vəzifəsində çalışmış Fikrət Məmmədov yer almayıb.

Fevralın 16-da həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə olunub.
 
Bəs yeni nazir Fərid Əhmədov kimdir? 

"Report"un yazdığına görə, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub.

 2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 

2003-cü ildə "Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 

2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 

2015-2017-ci illərdə "Azərbaycan” Universitetinin rektoru olub. 

2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. 

Prezident İlham Əliyevin 2022-ci il 24 may tarixli sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdi.