Çingiz Əsədullayevi qoruyan vəhabi “mələk”

Çingiz Əsədullayevi qoruyan vəhabi “mələk”

23-11-2015 03:56 / Bu xəbər 2170 dəfə oxundu

2000-ci ildən Fransada yaşayan MTN-in keçmiş əməkdaşı Ramin Nağıyev "Yeni Müsavat”a müsahibəsində Eldar Mahmudovu Azərbaycanda vəhhabiliyin sələfi qolunun gücləndirməkdə ittiham edib. XəzərNews.az mövzunu araşdıraraq daha ilginc informasiyalar əldə edib. 

Belə ki, Eldar Mahmudovun spiker Oqtay Əsədovla yaxınlığı səbəbindən Çingiz Əsədullayev Milli Məclisdə Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna sədr "seçilir”. Sələfilərin əsas maliyyə dəstəkçilərindən olan Küveyt Fondu ilə əlaqə də elə məhz bu dostluq qrupunun vasitəsilə qurulur. Beləliklə, Fond vasitəsilə Azərbaycana maliyyə axını bərpa olunur. Niyə bərpa olunur, bəs nə zaman kəsilmişdi?

İddia olunur ki, əvvəllər Küveyt Fondundan gələn vəsaitlərə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevlə QMİ sədri Allahşükür Paşazadə nəzarət edib. Hətta, "İrşad” otel də həmin illərdə məlum vəsait hesabına tikilib. Lakin çox keçmir ki, həmin otel üstündə Şeyxlə Rafiq Əliyevin mübahisəsi yaranır. R.Əliyev oteli Şeyxdən ala bilsə də bir az sonra vəzifəsi ilə vidalaşmalı olur.

Amma E.Mahmudova da hesab gedirdi, əks təqdirdə Rafiq Əliyev şantaj olunar, çünki acgöz MTN şefi baş verənlərdən xəbərdar idi. Əlbəttə, bütün bunları Küveyt Fondu görür və məyus olurdu. Paşazadə-Əliyev qarşıdurması Azərbaycanda vəhabi-sələfi qruplarının inkişafına mane olurdu. Bu isə Fonda heç cür sərf etmirdi.

Küveyt Fondu Azərbaycanda dinə nəzarət edən iki qurumun münasibətlərindəki gərginliyi və hüquq-mühafizə orqanlarının vaxtaşırı təzyiqlərindən qurtulmaq üçün problemi kompleks həll edir. Bu həll variantı isə təbii ki, Eldar Mahmudovun vasitəsi ilə olur. Fond dərk edirdi ki, iradəsi zəif və pula həris MTN şefi ilə əlaqə qurmaqla Azərbaycanda istədiyi fəaliyyəti həyata keçirə biləcəklər. Elə də olur, yəni hər şey qaydası ilə gedir. O zamana qədər ki, "Əbu Bəkr” Məscidi partladılır və ölkənin üst qatında bu kimi təriqətlərə qarşı mübarizə tədbirlərinə start verilir, məscidin qapıları qıfıllanır.

Vəhhabilərin "Əbu Bəkr” Məscidindəki partlayışdan sonra fəaliyyətləri qadağan olunanda Küveyt Fondunun rəhbərləri təcili Bakıya gələrək Milli Məclisdə Azərbaycan-Küveyt Parlamentlərarası Dostluq Qrupunda görüş keçirirlər və xəbərdarlıq edirlər ki, əgər sələfilərin fəaliyyəti bərpa olunmazsa Fond maliyyə yardımını kəsəcək. Küveyt Fondunun xəbərdarlığından sonra rəhbərliyə müraciət olunur və sələfilərin məscidləri açılmasa da fəaliyyətlərinə icazə verilir.

Maliyyənin də Azərbaycana Eldar Mahmudovla Çingiz Əsədullayev və Oqtay Əsədovun şərikli qurduqları "AGBank” vasitəsilə daxil olduğu bildirilir. Çingiz Əsədullayev Azərbaycan-Küveyt Parlament Dostluq Qrupuna rəhbər təyin olunduqdan sonra Fondun gəliləri birbaşa MTN-nin nəzarətinə keçir. Hazırda "AG Bank”ın rəhbəri Ç.Əsədullayev deputat mandatından məhrum edilsə də Küveyt Fondundan gələn vəsaitə nəzarət edəcək adam tapılana qədər ona toxunulmayacaq.

Qeyd olunur ki, Ç.Əsədullayev artıq MTN-nin yeni rəhbərliyi ilə dil tapıb. Məhz ona görə də heç zaman mediaya danışmayan Əsədullayev son günlər mediaya palaz-palaz müsahibələr verir. Mətbuatda "AGBank”ın vəsaitlərini artıraraq uğurlu fəaliyyət göstərdiyi barədə materialların mediada yer almasına və onun rəhbəri Ç.Əsədullayevin "təmizə çıxarılması”na icazə verilib.

İndi zaman Ç.Əsədullayevin xeyrinə işləyir. Zamanın duracağı gün isə yəqin ki, çox da uzaqda da deyil. Xatırladaq ki, 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna gətiriləndən sonra Səudiyyə fondlar yenidən Bakıda nümayəndəliklərini açdılar, böyük maliyyə axını başladı, sələfilər ölkədə rahat, açıq fəaliyyətə keçdilər, ətraflarına çox sayda tərəfdarlar toplamağa başladılar. Qısa müddətdə təkcə Bakıda sələfilərin 15-20 min tərəfdarı yarandı.

Arqument.Az