İran ittiham, ABŞ rədd edir

İran ittiham, ABŞ rədd edir

04-01-2024 22:45 / Bu xəbər 819 dəfə oxundu

"The New York Times": Xameneyi hərbiyyəyə "strateji təmkin” əmri verib?

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi başqa İran rəsmiləri kimi yanvarın 3-də Kirman şəhərində törədilmiş bomba partlayışları ilə bağlı sərt bəyanat versə də, konkret ölkə adı çəkməyib.

"Qəddar canilər bilməlidirlər ki, biz bundan sonra onlarla sərt hərəkət edəcəyik", - o belə deyib. 

"The New York Times" isə yazıb ki, Xameneyi ABŞ və İsraillə hərbi eskalasiya istəmir.

Qəzet İran hakimiyyəti daxilindəki iki mənbəyə istinadla yazır ki, ali rəhbər ölkə hərbiyyəsinin başçılarına "strateji səbir” nümayiş etdirməyi və Suriya və İraqdakı ABŞ bazalarına proksilərin hücumlarının məhdudlaşdırılması da daxil ABŞ-la böyük hərbi eskalasiyadan çəkinməyi tapşırıb.

Xəbərdə qeyd olunur ki, İran kəşfiyyatının İsraili birbaşa ittiham etməməsinə baxmayaraq, başqa İran rəsmiləri Kirman partlayışlarına görə İsrail və ABŞ-ın məsuliyyət daşıdığını bildirmişdilər.

***

İran prezidentinin köməkçisi yanvarın 3-də azı 84 nəfərin həyatına son qoymuş partlayışlara görə İsraili və Birləşmiş Ştatları ittiham edib.

ABŞ Dövlət Departamenti isə bu ölkələrdən heç birinin dünənki qoşa partlayışlarda rolu olmadığını bildirib.

Partlayışlar dörd il öncə ABŞ-ın dron zərbəsi ilə öldürülmüş keçmiş İran komandirinin yas mərasimində törədilib. 

Bu insident regionda münaqişənin genişlənməsi ilə bağlı qorxuları gücləndirib. 

İsrail hazırda Qəzza zolağında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması ilə müharibəni davam etdirir. 

İranla müttəfiq, Yəməndə yerləşən husi yaraqlıları isə Qırmızı dənizdə kommersiya gəmilərinə hücumlar gerçəkləşdirirlər.

Kirman şəhərində 3 yanvar partlayışlarında azı 84 nəfərin həlak olduğu bildirilir. Hadisə günü ölü sayının 103, daha sonra 95 olduğu açıqlanmışdı. 

İzdiham İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) elit Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin yas mərasiminə yığışmışdı.

Ölkədə yanvarın 4-ü matəm günü elan edilib.

ABŞ təkzib edir

"Birləşmiş Ştatların buna heç bir aidiyyəti yoxdur, hər hansı əks fikir gülüncdür. İsrailin bu partlayışda əli olmasına inanmağa səbəbimiz yoxdur", - Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib.

İran Prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi isə X platformasında yazıb ki, ABŞ və İsrail bu faciə üçün məsuliyyət daşıyır: "Aldanmayın. Bu cinayətə görə məsuliyyəti ABŞ və sionist rejimlər (İsrail) daşıyır, terrorçuluq sadəcə bir alətdir".

Ancaq Cəmşidi iddiasını əsaslandıracaq dəlil gətirməyib.

Rəisi isə deyib ki, bu qorxaq hərəkətin arxasında duranlar tapılaraq cəzalandırılacaq.

BMT-nin Baş katibi Antonio Quterreş partlayışları pisləyib.

Əvvəlki illərdə də Süleymaninin anım mərasimləri izdihamlı keçib.

2020-ci ildə onun dəfnində basabas yaranıb, azı 56 nəfər ölüb.

Bir vaxtlar İranın ən qüdrətli adamlarından biri və Tehranın regiondakı xarici siyasətin memarı sayılan general Süleymaninin ölümü ruhani rejim üçün ağır zərbə olmuşdu.

İİKK-nin xaricdə fəaliyyət göstərən Qüds qüvvələri Birləşmiş Ştatlar tərəfindən "terrorçu təşkilat" elan edilib.