İranda saxlanılan azərbaycanlı tələbənin anası Prezidentdən kömək istədi
01-06-2023 22:36 / Bu xəbər 1471 dəfə oxundu
"Ümid edirəm ki, Azərbaycan öz vətəndaşını orada çarəsiz vəziyyətdə qoymaz”
İrana gedəndən sonra ailəsinin xəbər ala bilmədiyi azərbaycanlı tələbə Fərid Səfərlidən xəbər var.
Anası Dilarə Əsgərova Meydan TV-yə bildirib ki, o bu gün oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktub alıb.
Həmin məktubda Fərid Səfərlinin cəsusluq ittihamıyla İranda həbs edildiyi bildirilir.
Ana bundan sonra Azərbaycanın Təbrizdəki konsulluğu ilə əlaqə saxlayıb.
Ona Fərid Səfərli ilə telefonla danışdıqlarını, sağ-salamat olduğunu bildiriblər.
Dilarə Əsgərova deyir ki, oğluna qarşı irəli sürülən ittiham saxtadır.
O, Azərbaycan-İran münasibətlərinin gərginliyinin qurbanıdır: "Əlbəttə, mənim oğlum cəsus deyil. İqtisadiyyatı bitirib, yəni heç siyasi fəaliyyəti belə olmayıb. Düzdür, dünyada baş verənləri xəbərlərdən izləyir, sadəcə, bu qədər. Hər normal insan kimi yaşadığı planetdə nə baş verdiyini bilmək üçün xəbər oxuyur. Onun siyasətlə yaxından uzaqdan əlaqəsi, sadəcə, budur. Cəsusluq ittihamı absurddur. Mən əminəm ki, son zamanlar İran-Azərbaycan əlaqələrinin kəskinləşməsi səbəbindən mənim oğlum orada saxlanılıb. Bir növ bizim ölkəmizə göz dağı verilir. Ümid edirəm ki, Azərbaycan öz vətəndaşını orada çarəsiz vəziyyətdə qoymaz”.
Dilarə Əliyeva hələ oğlunun harada olduğunu bilməyəndə İranda ona vəkil də tutub.
Həmin vəkil dövlət idarələrinə məktublar yazaraq Fərid Səfərlinin taleyi barədə məlumat almağa çalışıb.
Ana bildirir ki, hazırda onun vəziyyəti çox pisdir, qorxur. Çünki İranda bu maddə ilə ittiham olunanların taleyi barədə oxuduqca, daha da pis olur.
Dilarə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edir.
Bildirir ki, onlar valideyn kimi onu çox yaxşı anlayarlar. Oğlunun hansı halda olduğunu bilməmək, onun orada nə hisslər keçirdiyini bilməmək onu hər gün on il geri atır: ”Mehriban Əliyavaya üzümü tuturam. O, anadır, məni çox yaxşı anlayar. Özü də oğlum Fərid onun oğlu Heydərlə yaşıddır. Onlar eyni dönəmdə, ADA universitetində oxuyublar, tələbə yoldaşı olublar. Xahiş edirəm, mənə kömək edin. Oğluma qovuşmam üçün əlinizdən gələni əsirgəməyin. Fərid bilir ki, casusluq ittihamı ilə həbs edilənləri hansı cəzalar gözləyir. Onun nə hisslər keçirdiyini düşünəndə ürəyim parçalanır. Heç olmasa, görüşməyimə şərait yaradılsın, onu qucaqlayım və əmin edim ki, hər şey yaxşı olacaq”.
Almaniyanın Jena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün deyil.
Anası Meydan TV-yə bildirib ki, o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.
Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.
Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.
O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.
Bu ilin yanvarında Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum olub.
Nəticədə bir nəfər ağır yaralanıb, bir nəfər isə ölüb.
Bu səbəbdən yanvarın 29-da Azərbaycan İrandakı səfirliyində çalışanları ölkəyə təxliyə edib.
Beləliklə, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.
Tehrandakı Azərbaycan səfirliyi diplomatik fəaliyyətini tam dayandırsa da, bu, Təbrizdəki Baş konsulluğun fəaliyyətinə şamil olunmayıb.
Həmin vaxt XİN məlumat yayaraq ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı etmişdi.
Bildirmişdi ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı "terror aktı” nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.












