İranda saxlanılan tələbənin anası nazirə müraciət etdi: "Oğlum vəkilsiz qalıb"

İranda saxlanılan tələbənin anası nazirə müraciət etdi:

18-07-2023 20:47 / Bu xəbər 1378 dəfə oxundu

İranda casusluq ittihamı ilə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.

Bu barədə Dilarə Əsgərova "Arqument.az"a məlumat verib. 

O, hazırda həbsdə olan oğlunun hüquqlarının pozulduğunu deyib: "4 aydan yuxarıdır ki, oğlum Fərid İranda günahsız yerə saxlanılır, hüquqları pozulur: məhkəmədə fars dilində dindirilir və s. Bu günə kimi Fərid nə Azərbaycan, nə də İran tərəfdən vəkillə təmin olunub. O, cinayətkar olduğuna görə həbs olunsaydı, heç kimə ağız açmazdım, deyərdim ki, zəhmət çəkib, cəzasını çəksin. Amma hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub". 

Ona görə də sizdən xahiş edirəm ki, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz: Fəridin vəkillə təmin olunmasi prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına - cəmi iki dəfə danışmışıq - , vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son telefon danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır)  və ən nəhayət, avqustda onunla görüşməyimə şərait yaradılmasina səy gostərəsiniz!" - deyə Əsgərova bildirib. 

O ümid edir ki, nazir onun çağırışına biganə qalmayacaq.

Fərid Səfərli nə vaxt və niyə saxlanılıb? 

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafzə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.