İranda zəlzələ: 50 ev dağılıb, 580 nəfər yaralanıb

05-10-2022 16:30 / Bu xəbər 1341 dəfə oxundu
"135 nəfər xəstəxanaya yerləşdirilib”
Oktyabrın 5-də İranın şimal-qərbində 5,7 bal gücündə zəlzələnin baş verdiyi bildirilir.
Zəlzələnin episentri İranın azərbaycanlılar yaşayan hissəsində – Xoy şəhəri yaxınlığında qeydə alınıb.
Böhranla mübarizə təşkilatının rəhbəri Məhəmməd Həsən Nami "İSNA” agentliyinə bildirib ki, zəlzələdə yaralananların sayı 580 nəfərə çatıb.
Məlumata görə, onlardan 135 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 5-i əməliyyat olunub.
"Xoşbəxtlikdən heç kim həyatını itirməyib”, – Həsən Nami belə deyib.
Xoy, Çayparas və Salmas şəhərləri ilə yanaşı, ölkənin 12 kəndinə ziyan dəydiyi bildirilir.
Qeyd olunur ki, təbii fəlakət nəticəsində 50 ev tamamilə dağılıb.