İsrail 24 saat vaxt qoydu: “Qəzzanın fələstinli əhalisi cənuba köçürülsün”
13-10-2023 17:15 / Bu xəbər 1405 dəfə oxundu
BMT-nin Fələstin Qaçqınlara Yardım Agentliyi də ofisini köçürüb
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı bütün Fələstin əhalisinin 24 saat ərzində təxliyə edilməsi barədə BMT-yə xəbərdarlıq edib.
Təl-Əviv əhalinin Qəzzanın cənubuna köçürülməsi tələbini qoyub.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik "RİA Novosti”yə məlumatı təsdiqləyib.
O bildirib ki, eləcə də BMT əsgərlərinə gün ərzində cənuba köçmək əmri verilib: "Bu gün (12 oktyabr – red.), yerli vaxtla gecə yarısına az qalmış BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin və Təhlükəsizlik Departamentinin Qəzzadakı qruplarının rəhbərlərinə İsrail ordusundakı əlaqə zabitləri məlumat veriblər ki, şimal əhalisi yaxın 24 saat ərzində Qəzzanın cənubuna köçməlidir”.
"Eyni sərəncam BMT-nin bütün əməkdaşlarına və BMT agentliklərində, o cümlədən məktəblərdə, tibb mərkəzlərində və klinikalarda yerləşən şəxslərə şamil edilir. BMT hesab edir ki, bu cür hərəkət dağıdıcı humanitar nəticələrə səbəb olacaq”, – Dujarrik bildirib.
BMT-nin Fələstin Qaçqınlara Yardım Agentliyi (UNRWA) artıq əməliyyat mərkəzini və beynəlxalq heyətini Qəzza zolağının cənubuna köçürdüyünü bildirib.
İsrail-HƏMAS qarşıdurması
Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.
Kütləvi atəşlərdən sonra HƏMAS döyüşçüləri yəhudi dövlətinin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
HƏMAS-ın hərbi qanadı "Əl-Əqsa tufanı” əməliyyatını elan edib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında "Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə qarşı hava zərbələri endirməyə başlayıb.
Bundan əlavə, İsrail Qəzzanı tam blokadaya aldığını elan edib. Su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.