İsrail Qəzzanın sərhəddə yerləşən Rəfah şəhərinə havadan zərbələr endirib

İsrail Qəzzanın sərhəddə yerləşən Rəfah şəhərinə havadan zərbələr endirib

09-02-2024 18:33 / Bu xəbər 665 dəfə oxundu

İsrail cümə günü gecə saatlarında Qəzzanın cənub sərhədindəki Rəfah şəhərinə yenidən zərbələr endirib. 

Şahidlər və xəstəxana rəsmilərinin bildirdiyinə görə, zərbələr zamanı qadın və uşaqlar da daxil olmaqla, azı 8 nəfər ölüb. 

"Associated Press" xəbər verir ki, zərbələr Rəfahda yaşayış binası və mərkəzi Zuveydə şəhərindəki məktəb binasını dağıdıb.

Hücumlar ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahunun, Qəzzanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, 27 mindən çox fələstinlinin ölümünə səbəb olan hərbi kampaniyasını indiyədək ən kəskin şəkildə tənqid etməsindən bir neçə saat sonra baş verib.

Bayden cümə axşamı Ağ Evdə müxbirin sualını cavablandırarkən: "Bildiyiniz kimi, mən Qəzzada, Qəzza zolağında cavab tədbirlərinin həddən artıq aparıldığı qənaətindəyəm", - deyib.

Bayden bildirib ki, o, HƏMAS-ın saxladığı girovların və İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsi müqabilində müvəqqəti atəşkəsə "çox sərt şəkildə təzyiq göstərir". 

Çərşənbə günü İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın təklif etdiyi şərtləri "xəyalpərəst" adlandıraraq, rədd edib.

"Mən bu razılaşmanın əldə edilməsi üçün yorulmadan çalışıram", - deyə Bayden bildirib və bununla "müharibəyə davamlı fasilə" verilə biləcəyinə inandığını deyib.

O, Qəzzaya humanitar yardımı artırmağa çalışdığını da bildirib.

"Bildiyiniz kimi, Meksika prezidenti Sissi humanitar materialların içəriyə daxil olması üçün qapıları açmaq istəmədi”, - Bayden Misir prezidenti Əbdül-Fəttah Əl-Sissini nəzərdə tutaraq səhvən deyib. 

"Mən onunla danışdım. Mən onu qapıları açmağa inandırdım. Və İsrail tərəfinin də qapıları açması üçün Bibi ilə (Netanyahu) danışdım" - o deyib.

Rəfahla bağlı xəbərdarlıq

Cümə axşamı Ağ Ev İsrailə sərt xəbərdarlıq edərək, Netanyahu hökumətinə hərbi kampaniyasını Qəzzanın 2,2 milyonluq əhalisinin yarısından çoxunun sığındığı Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə daşımaması barədə xəbərdarlıq edib.

"Qəzzada bu miqyasda mülki əhalinin müdafiəsi tam şəkildə düşünülmədiyi halda, hazırda hərbi əməliyyatlar bu insanlar üçün fəlakət olardı və bu, bizim dəstəkləyəcəyimiz bir şey deyil", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi cümə axşamı Ağ Evdə keçirdiyi brifinqdə deyib.

Onun şərhləri BMT-nin Baş katibi Antonio Quterreşin cümə axşamı günü Rəfahda sıxışan fələstinlilərin "gedəcək yerləri olmadığı" üçün "nəhəng faciə" riski barədə xəbərdarlıq edən fikirlərini təkrarlayıb.

Kirbi, administrasiyanın İsrailin Rəfahda qaçılmaz hərbi əməliyyatlar keçirəcəyinə inanmadığını vurğulayaraq, buna dair "heç bir inandırıcı plan görmədiyini" söyləyib.

Bununla belə Netanyahu çərşənbə günü bildirib ki, onun hökuməti İsrail Müdafiə Qüvvələrinə onun "Həmasın son iki qalası" olaraq müəyyən etdiyiXan Yunislə yanaşı, "Rəfahda da əməliyyat aparmağı" tapşırdığını deyib.

Qahidə narahatdır

Misir Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı bildirib ki, Qahirə İsrailin Rəfaha irəliləyişinin qəzzalıların kütləvi şəkilhə sərhədi keçməyə cəhd etmələrinə səbəb ola biləcəyindən narahatdır.

Bar-İlan Universitetinin Siyasi Tədqiqatlar Departamentinin rəhbəri Conatan Raynhold bildirib ki, Vaşinqton münaqişənin Misirə yayıla biləcəyindən də narahatdır.

"Burada Misirlə münasibətdə nə baş verə bilər? Fələstinlilər Misirə girməyə cəhd etsələr nə olacaq? Bunu necə həll edəcəksiniz? Bunlar [ABŞ-ın israillilərə] verdiyi suallardır”, - Raynhold Amerikanın Səsinə bildirib.

ABŞ İsrailə getdikcə daha açıq şəkildə xəbərdarlıq etməsinə baxmayaraq, İsrailin HƏMAS-ı məhv etmək üçün apardığı hərbi kampaniyanın sadiq dəstəkçisi olaraq qalır.