İsrailin Livan və Qəzzada ağ fosfordan istifadə etdiyi bildirilir

İsrailin Livan və Qəzzada ağ fosfordan istifadə etdiyi bildirilir

13-10-2023 15:48 / Bu xəbər 1078 dəfə oxundu

"Human Rights Watch” (HRW) insan haqları təşkilatı İsrail qüvvələrinin oktyabrın 10-da və 11-də Livan və Qəzzadakı hərbi əməliyyatlarda ağ fosfordan istifadə etdiyini bildirir.

Təşkilat bildirir ki, bunu təsdiqlənmiş video və şahid ifadələri əsasında müəyyən edib. 

Ağ fosfor artilleriya mərmilərində, bombalarda və raketlərdə olur. Oksigenə məruz qaldıqda alovlanan kimyəvi maddədir. 

Kimyəvi reaksiya 815 dərəcə Selsi istiliyi yaradır. İnsan bədənini sümüyədək yandıra bilir və həmin yanıqlar çox gec sağalır.

Təşkilatın əldə etdiyi videoda Qəzza şəhəri limanı və İsrail-Livan sərhədi boyunca yerləşən iki kənd ərazisi üzərində artilleriyadan atılan ağ fosforun çoxsaylı hava partlayışları yer alıb. 

Silah kimi istifadə edilən ağ fosfor ağır yanıqlara səbəb olur. Sağ qalanlar üzərində uzunmüddətli təsirləri olur və mülki əhaliyə zərər vurma potensialı var.

HRW bildirir ki, Qəzzanın sıx məskunlaşma olan ərazilərində fosfordan istifadə beynəlxalq humanitar hüququn tələbini pozub. 

Təşkilat qeyd edir ki, münaqişə tərəfləri mülki şəxslərin xəsarət alması və insan tələfatının qarşısını almaq üçün bütün mümkün tədbirləri görməlidirlər.

HRW bildirir ki, İsrail daha öncə də Qəzzada ağ fosfor silahlarından istifadə edib.

İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, ordusu mərmilərdən yalnız tüstü pərdələri yaratmaq üçün istifadə edib. 

"Human Rights Watch” isə qeyd edir ki, görünən məqsədləri nə olursa olsun, sənədləşdirilən altı insidentdə onlarla mülki itki var. 

Ağ fosfor mərmiləri məktəb, bazar, humanitar yardım anbarı və xəstəxana da daxil olmaqla, mülki tikililərə də ziyan vurub.(Meydan TV)