Çıxım Allahdan tutmağa...

Çıxım Allahdan tutmağa...

03-02-2024 01:10 / Bu xəbər 1103 dəfə oxundu

"Arqument.az" Elçin Məmmədovun yeni şeirini təqdim edir:

Günəş də doğmaq istəmir,
Daha sabahın üstünə.
Çıxım Allahdan tutmağa,
Ən hündür dağın üstünə...

Nə boydasan, bir tikə sən.
Nə göydəsən, nə yerdəsən.
Qara xətt tapıb çəkəsən,
Bütün günahın üstünə.

Hələ yanıb qaralmaq var,
Payız, xəzan...saralmaq var,
Son limana yan almaq var,
Düşmüşük axın üstünə.

Bir ruh, beş on kilo bədən,
Sonu ölüm, amma nədən,
O bəxt adlı xəzinədən
Düşə bir yığın üstünə.

Dərd olarmı bundan ötə,
Səbr catmaz qiyamətə.
Yığış, gedək şikayətə,
Göyə, Allahın üstünə.