Jurnalistlərin ailə üzvlərinin pensiya kartlarına blok: "...qanunsuzdur"

Jurnalistlərin ailə üzvlərinin pensiya kartlarına blok:

07-01-2024 12:38 / Bu xəbər 4194 dəfə oxundu

 

Kamran Mahmudov
 
Hüquqşünas: "Jurnalistlərin ailə üzvlərinin pensiya kartları üzərinə həbs qoyulmasının heç bir hüquqi izahı yoxdur”

"AbzasMedia” ilə bağlı həbs olunanlar – direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalının özlərilə yanaşı, onların yaxınlarının və bu cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin də bank hesablarının, əmlaklarının üzərinə həbs qoyulub, ölkədən çıxışı məhdudlaşdırılıb. 

Həmçinin onların vergi odənişləri və pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim edilməsi haqda qərar qəbul edilib.

"Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun ailə üzvlərinin bank hesablarına həbs qoyulub. 

Həyat yoldaşı Lamiyə Əzizovanın sözlərinə görə, Əziz Orucovun həm həyat yoldaşının bank hesabı, həm də anasının pensiya kartı bloklanıb.

"Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun həbsindən sonra Daxili İşlər Nazirliyi onun rəhbərlik etdiyi media orqanına girişin bloklanması məsələsini qaldırıb. 

Məhkəmə iddianı təmin edib və bloklanma qərarı verib.

Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülmüşdü. 

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.
 
Hüquqşünas Tural Ağayev həbsdə olan jurnalistlərə qarşı atılan bu addımların hüquqi baxımdan doğru olub -olmadığını ASTNA-ya izah edib.
 
Tural Ağayev

* * *

Sual: Tural bəy, həbs olunan jurnalistlərin, o cümlədən şəxslərin ailə üzvlərinin bank hesablarının dondurulması hüquqi baxımdan nə dərəcədə düzgündür?

Cavab: Təqsirləndirilən şəxslərin əmlakları, eləcə də bank hesabları üzərində qoyulan həbslə onların ailə üzvlərinin əmlaklarına qoyulan həbsləri fərqləndirmək lazımdır. Cinayət Prosessual Məcəlləsinin 248.2-ci maddəsi əmlakı üzərinə həbs qoyula bilən şəxsləri iki kateqoriyaya bölür: a) Təqsirləndirilən şəxs; b) üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər.

Deməli, təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulması qanunvericilikdə nəzərdə tutulub. Amma qanunvericilik üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin kimlər ola biləcəyini açıqlamır. Avropa Məhkəməsi Rafiq Əliyevlə bağlı qərarında bu müddəaya toxunub. Bəlli olan odur ki, həmin şəxslər təqsirləndirilən şəxsin əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər olmalıdır. Avropa Məhkəməsi bununla bağlı Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasından çıxarışlara istinad edib. Həmin kommentariyaya əsasən, aşağıdakılar üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər” hesab edilə bilər: təqsirləndirilən şəxsin işəgötürəni; vəzifəli şəxslərin hərəkətlərinə görə müvafiq orqanların maliyyə qurumları; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin, habelə fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslərin qanuni nümayəndələri və s. Göründüyü kimi bu kateqoriyadan olan şəxslər elə şəxslər olmalıdır ki, onların təqsirləndirilən şəxsin hərəkətləri ilə bağlı müəyyən məsuliyyəti olsun.

Ancaq jurnalistlərin ailə üzvləri bu kateqoriyadan olan şəxslər siyahısına daxil deyil. Qeyd ediən səbəblərdən onların əmlakı və bank hesabları üzərinə qoyulan həbs qanunvericilikdə nəzərdə tutulmayıb. Təkcə jurnalistlərin ailə üzvləri deyil, həmçinin "AbzasMedia”nın digər əməkdaşlarının əmlakı üzərinə qoyulan həbslərin də eyni səbəblərdən hüquqi əsası yoxdur. Yuxarıda qeyd edilən Rafiq Əliyev işində Avropa Məhkəməsi nəinki ailə üzvü, hətta şübhəli şəxs statusunda olan şəxsin əmlakı üzərinə həbs qoyulmasının qanunsuz olduğu qənaətinə gəlib.

Təqsirləndirilən şəxslər kimi "AbzasMedia” və "Kanal 13”ün həbs edilən əməkdaşlarının əmlaklarına qoyulan həbslərə gəlincə, qanunvericilik göstərir ki, əgər əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda həmin əmlak üzərinə həbs qoyula bilər. Demək, əmlak üzərinə həbs qoyulmasının ağlabatan əsasları olmalıdır. Yəni istintaq orqanının əlində elə fakt və ya sübut olmalıdır ki, bu həmin həbslərin tətbiq edilməsinə və ya blokların qoyulmasına əsas versin. Xüsusilə, bank hesablarına həbs qoyulması çox ciddi məhdudlaşdırıcı addımdır. İşin hallarında asılı olaraq, məsələn, yaşayış evi üzərinə həbs qoymaqla bank hesabına həbs qoymağın fərqli nəticələri olur. Əgər sən həmin evdə yaşayırsansa, həmin əmlak üzərinə həbs qoyulması sənin o evdən istifadəni faktiki olaraq məhdudlaşdırmır. Ancaq bank hesabı üzərinə həbs qoyulması isə səni faktiki olaraq gündəlik xərclərini qarşılamaq üçün maliyyə mənbəyindən məhrum edir və bu yolla yaşayışına ciddi şəkildə təsir göstərir. Ona görə də hətta qanunvericilikdə göstərilən kateqoriyadan olan şəxslərin bank hesabına həbs müstəsna hallarda tətbiq edilməli, tətbiq edilən addım qarşıya qoyulan məqsədə proporsional olmalıdır. Ümumiyyətlə, qeyd edilən media qurumlarının əməkdaşlarının işində onların ittiham olunduğu maddələrin tətbiqi belə mübahisəli olduğu üçün bu hal avtomatik olaraq əmlak üzərinə həbs qoyulması istintaq hərəkətininin də ağlabatanlığını şübhə altına alır.

Jurnalistlər qaçaqmalçılıqda ittiham olunurlar. Ancaq qaçaqmalçılıq cinayət əməli ilə bağlı önəmli bir nüans var. Avropa Məhkəməsinin yanaşması burada da fərqlidir. Belə ki, Avropa Məhkəməsi o fikirdədir ki, müəyyən əmlakı cinayət yolu ilə əldə edilən əmlaka çevirən faktor onun qazanılma şəklidir. Avropa Məhkəməsinin yanaşmasını hazırki işə tətbiq edək və fərz edək ki, həmin jurnalistlər müəyyən vəsaiti qaçaqmalçılıqla ölkəyə gətiriblər, belə halda ölkəyə gətirilmiş məbləğ cinayət yolu ilə əldə edilmiş vəsait hesab edilmir. Cinayət yolu ilə əldə edilmiş vəsait odur ki, vəsaitin özünün qazanılma şəkli cinayət əməli olmalıdır. Məsələn, əgər şəxs qaçaqmalçılıqla ölkəyə vəsait gətirirsə və bu vəsaiti ölkəyə keçirməyə görə kiməsə müəyyən məbləğ ödəyirsə, keçirilən məbləğ deyil, keçirmək üçün ödənilən həmin o məbləğ cinayət yolu ilə əldə edilmiş hesab edilir. Keçirildiyi iddia edilən vəsaitlər yalnız ölkədə cinayət törədilməsinə istifadə üçün nəzərdə tutularsa və ya istifadə olunarsa, o zaman üzərinə həbs qoyula bilər. Qeyd edilən səbəblərdən təqsirləndirilən şəxslərin əmlakı üzərinə həbs qoyulması qanunvericilikdə nəzərdə tutulsa da, bir tərəfdən ölkəyə keçirildiyi iddia edilən vəsaitin statusu və jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin ağlabatan şübhə əsasında olmaması, digər tərəfdən əmlak üzərində həbs qoyulması ilə bağlı məhkəmə qərarının əsaslandırılmaması və görülən tədbirin sərtliyi həmin qərarların qanuniliyini, eləcə də mütənasibliyini şübhə altına alır.

* * *

Sual: Ümumiyyətlə ittiham olunan, təqsirləndirilən yetkin şəxsə görə başqa şəxsləri ( ailə üzvü olsa da)  bu formada çətin vəziyyətə salmaq düzgündürmü? İnsan hüquqları baxımından bir şəxsə görə başqasını cəzalandırmaq olarmı?

Cavab: Bu kateqoriyadan olan işlərdə tərəflərdən biri dövlətdir. Digər tərəfdən bu işlərdə zərərçəkmiş şəxs də yoxdur. Belə hal dövlətin atacağı addımların əhatə dairəsini nisbətən daraldır. İctimai maraqlarla şəxslərin hüquqları arasında balans elə qorunmalıdır ki, şəxsi gərəksiz şəkildə əlverişsiz vəziyyətə salmasın. Jurnalistlərin işində qeyd etdiyimiz kimi onların ailə üzvlərinin, demək olar, gündəlik xərcləri bloklanıb. Belə olan halda hüquq mühafizə orqanları və ya məhkəmə belə bir məhdudlaşdırıcı addımı müstəsna hallarda və yalnız təqsirləndirilən və ya üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərlə bağlı ata bilər, bir şərtlə ki, atacağı addımı ciddi şəkildə əsaslandırmalı, bank hesablarına qoyulan həbsin hansı ictimai maraqlardan qaynaqlandığını sübutlarla göstərməlidir. Ancaq Azərbaycanda bir qayda olaraq, məhkəmələr çıxardığı qərarları əsaslandırmırlar ki, bu da sonra Avropa Məhkəməsi tərəfindən Avropa Konvensiyası ilə təminat altına alınan hüquqların, hazırkı halda digər hüquqlarla yanaşı mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Ailə üzvlərinin əmlakları üzərinə qoyulan həbsi əsaslandırmağa belə gərək yoxdur, çünki belə bir istintaq hərəkəti istənilən halda qanunsuzdur.

Sual: Ülvi Həsənlinin, Sevinc Vaqifqızının, Əziz Orucovun valideynlərinin pensiya kartı da məhdudlaşdırılıb. Pensiya kartları adətən birtərəfli olur. Yəni həmin kartlardan dövlətin ödədiyi pensiyanı  çıxarmaq mümkündür. Həmin kartlarla heç bir əməliyyat, tranzakzasiya etmək mümkün deyil. Belə olduğu təqdirdə həmin kartların da məhdudlaşdırılması nədən xəbər verir?

Cavab: Fərz edək ki, təqsirləndirilən şəxslərin ailə üzvlərinin əmlakına həbs qoyulmasına qanunvericilik imkan verir. Belə olsaydı belə, qanunvericilikdə açıq göstərilir ki, bütün əmlaklara deyil, cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olan əmlak üzərinə həbs qoyulur.  Pensiya kartı isə dövlətin sosial sferada vətəndaş qarşısında öz öhdəliklərinin icrasını asanlaşdıran bir vasitədir və bu hesaba vəsait ancaq dövlət tərəfindən köçürülür. Bu halda qeyd edilən jurnalistlərin ailə üzvlərinin pensiya kartı üzərinə həbs qoyulmasının heç bir hüquqi izahı yoxdur.

Sual: Bu vəziyyətlə üzləşmiş həbs olunan şəxslərin ailə üzvləri öz hüquqlarını necə bərpa edə bilərlər?

Cavab: Belə halla üzləşmiş şəxslərin ailə üzvlərinin müraciət edəcəyi səmərəli hesab edilən tək yol məhkəmə nəzarəti qaydasında müvafiq məhkəməyə müraciət etməkdir. Amma biz səmərəli ona görə deyirik ki, Avropa Məhkəməsi bu yolu səmərəli hesab edir. Amma reallıqda məhkəmə nəzarəti qaydasında verilən şikayətlərdə, xüsusilə hökumət tənqidçilərinin işlərində bu yol demək olar ki, səmərəsizdir, bu müdafiə vasitəsilə uğur qazanmaq şansı çox aşağıdır. Məsələn,  təqsirləndirilən şəxslərin ailə üzvlərinin əmlakına həbs qoyulması qanunvüricilikdə nəzərdə tutulmayıb və bu fakt təsbit edilər-edilməz, məhkəmə vəsatəti rədd etməlidir və ya istintaq orqanının çıxardığı qərarı qanunvericiliyə zidd hesab etməlidir. Bu faktın təsbitindən sonra əlavə araşdırmaya ehtiyac qalmır. Ancaq bizim məhkəmələrdə bu hal müşahidə olunmur. Ona görə də vəkillərin bu şikayət prosedurunu tükəndirməsinin də əsas səbəbi Avropa Konvensiyasının ərizə üçün yerli səmərəli hüquq müdafiə vasitələrini tükəndirmək tələbidir.

Sual: "Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun həbsindən sonra Daxili İşlər Nazirliyi onun rəhbərlik etdiyi media orqanına girişin bloklanması məsələsini qaldırıb. Məhkəmə iddianı təmin edib və bloklanma qərarı verib. 2017-ci ildə "Kanal 13”ün internet saytı bloklanmışdı. O vaxtdan kanal youtube üzərindən fəaliyyət göstərir. İndi məhkəmə nəyin bloklanması haqda qərar çıxarıb. Youtube kanalını ölkə ərazisində bloklamaq mümkündürmü?

Cavab: "Kanal 13”ün bloklanması ilə bağlı məhkəmə qərarı ilə birbaşa tanış olmamışam. Amma bildiyim qədərilə qərarda "Kanal 13” informasiya portalına blok qoyulduğu yazılıb. "Youtube” sözü işlənməyib. Amma təcrübədə "Youtube” kanalına blok qoyulması ilə bağlı məhkəmə qərarı olub. Amma bunun necə icra ediləcəyi sual altındadır. Bu sahədə ekspertlər daha dəqiq bilərlər, amma məncə belə qərar olduqda onun reallaşdırılması üçün son qərarı "Youtube” verməlidir.  Digər tərəfdən, sosial şəbəkələr, o cümlədən "Youtube” yalnız hökumət tənqidçilərinin deyil, həm də hökumətin özünün geniş şəkildə istifadə etdikləri platformalardır. Hətta bu platformalar daha da kommersiyalaşandan sonra onların verəcəyi fayda həm də onlara xərclənən maliyyə resursu ilə bağlıdır ki,  hökumət də resurs baxımından rəqiblərindən və tənqidçilərindən öndə görünür. Ona görə də "Youtube”a blok qoyulması nəzəri olaraq mümkün olsa da, praktikada "Kanal 13”ə görə belə bir addımın atılacağı  ağlabatan deyil. Çünki qeyd edilən səbəblərdən bu həm də hökumətin mənafeyinə zərbə vurmuş olar.

Sual: Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülmüşdü. Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib. Qanunsuz tikinti hara, qaçaqmalçılıq hara. Bütün bunlar nədən xəbər verir?

Cavab: Təbii ki, bir şəxs eyni anda və ya ardıcıllıqla iki fərqli ittihamla qarşılaşa bilər. Amma Avropa Məhkəməsi müəyyən iş üzrə Konvensiyanın 18-ci maddəsinin, yəni  Konvensiyanın tətbiqinə icazə verdiyi məhdudiyyətlərin nəzərdə tutulduğundan başqa hər hansı məqsəd üçün, başqa sözlə, siyasi motivlə tətbiq olunmasını qadağan edən normanın pozulub pozulmadığını müəyyən edərkən belə halları nəzərə alır. Jurnalistlərin işində belə hallar mövcuddurmu? Məsələn, həbslərdən öncə hökumətə yaxın media qurumlarında həbs edilən şəxslər əleyhinə reportajların verilməsi, həmin şəxslərin reputasiyasına zərər vuran kampaniyaların aparılması; bu kampaniyaların həbsdən sonra da davam etməsi; həmin media qurumları tərəfindən istintaq sirri hesab ediləcək məlumatların paylaşılması, dövlət qurumlarının və ya müəyyən şirkətlərin ekskluziv olaraq sahib olacağı məlumatların bu kampaniyalarda istifadə edilməsi; reportajlarda, dərc edilən məqalələrdə, törədildiyi iddia edilən cinayət əməlinin özünə fokuslanmadan şəxslərin dövlətçilik əleyhinə proyektlərdə yer aldıqlarının iddia edilməsi; aparılan kampaniyalarda həmin şəxlərin törətdikləri iddia edilən əməllərin yox, ittiham olunduqları cinayət əməli ilə əlaqəsi olmayan yönlərinin - onların peşəkar fəaliyyətinin hədəf alınması və s. hallar kontekstual sübut kimi 18-ci maddənin qiymətləndirilməsi aparılarkən nəzərə alınır. Əziz Orucovun da bütün bu qeyd edilənlərin baş verdiyi kiçik bir periodda öncə Cinayət Məcəlləsinin öncə 188.2-ci, daha sonra 206.3.2-ci maddəsi ilə ittiham edilməsi belə bir qiymtləndirmə aparılarsa, çox güman ki, nəzərə alınacaq. 

Mənbə: "Turan.az"