Keçmiş rektor prorektorun qətlini sifariş verməkdə təqsirləndirilir

Keçmiş rektor prorektorun qətlini sifariş verməkdə təqsirləndirilir

17-11-2023 12:50 / Bu xəbər 1123 dəfə oxundu

Baş Prokurorluq 12 ildən sonra işin üstünün acıldığını deyir

Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyev həbs olunub.

Eyni zamanda, institutun nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri olan Müşfiq Atakişiyev 12 il əvvəl baş vermiş qətl hadisəsində təqsirləndirilir.

Söhbət Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsindən gedir.

Təfəkkür Universitetinin rektoru olmuş Müşfiq Atakişiyev prorektorun qətlini sifariş etməkdə ittiham olunur.

1942-ci il təvəllüdlü Tariyel Əhmədovun meyiti 2011-ci il sentyabrın 16-da yaşadığı binanın yaxınlığında tapılıb.

Uzun müddət cinayətin üstü açılmayıb.

12 il sonra – 2023-cü ilin aprelində 1977-ci il təvəllüdlü Dəyanət Quliyev bu cinayəti törətməkdə təqsirləndirilərək həbs olunub.

İddia edilib ki, Dəyanət Quliyev prorektoru tamah məqsədilə öldürüb.

İndi isə iddia olunur ki, Tariyel Əhmədov o dövrdə Təfəkkür Universitetinin rektoru olan Müşfiq Atakişiyevin sifarişiylə qətlə yetirilib.

Baş Prokurorluğun yaydığı məlumatda iddia olunur ki, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətlə birlikdə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində bu məsələ aydınlaşıb.

İttihama görə, Müşfiq Atakişiyev Tariyel Əhmədovu işgüzar nüfuzuna, rektor vəzifəsində qalmasına maneə kimi qəbul edib, buna görə də onun qətlini sifariş verib.

Baş Prokurorluğun məlumatında iddia edilir ki, Müşfiq Atakişiyev qisas məqsədilə prorektorun öldürülməsini öz qohumu Dəyanət Quliyevə pul müqabilində sifariş verib.

Dəyanət Quliyev isə bu işi həmkəndlisi Samir Quliyevlə birlikdə görüb. Həm Müşfiq Atakişiyev, həm də Samir Quliyev bugünlərdə həbs olunub. Onlara Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham verilib.

Tariyel Əhmədovun qətlinə görə həbs olunan şəxslərin onlara qarşı irəli sürülən ittihama münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub.

2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

"Təfəkkür” Universiteti 2016-cı ildə fəaliyyətini dayandırıb.