Kissincer vəfat edib

Kissincer vəfat edib

30-11-2023 13:07 / Bu xəbər 1965 dəfə oxundu

Onun Konnektikut ştatındakı evində öldüyü deyilir

Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Henri Kissincerin 100 yaşında vəfat etdiyi bildirilir.

Bu haqda məlumatı ona məxsus  "Kissinger Associates” təşkilatı yayıb.

Qalmaqallı Nobel sülh mükafatı laureatı, iki prezidentin vaxtında xidmət etmiş siyasətçinin yerli vaxtla noyabrın 29-da Konnektikut ştatındakı evində vəfat etdiyi deyilir.

"Reuters” yazır ki, Kissincer 100 illik yubileyindən sonra aktiv idi, o, Ağ Evdəki görüşlərdə iştirak edib.

O, liderlik üslubları haqqında kitab nəşr edib və Şimali Koreyanın yaratdığı nüvə təhlükəsi ilə bağlı Senat komitəsi qarşısında ifadə verib.

2023-cü ilin iyulunda o, Çin Sədri Si Cinpinlə görüşmək üçün qəfil Pekinə gedib.

Dünya mətbuatı Henri Kissinceri "diplomatiyanın böyük ustası” və "qlobal məsləhətçi” adlandırır.

2015-ci ildə "Foreign Policy” jurnalı onu ABŞ-da son 50 ilin ən effektiv dövlət katibi adlandırıb.

Hüquq müdafiəçiləri isə Kissinceri 1970-ci illərdə ABŞ kəşfiyyat orqanlarının dəstəyi ilə Argentina və Çilidə hərbi çevrilişlərdə və daha sonra bir sıra Latın Amerikası ölkələrində baş verən repressiyalarda əli olmaqda ittiham edir.

Henri Kissincer Nobel Sülh Mükafatı, Prezident Azadlıq Medalı, Britaniya İmperiyası Ordeni və İsrail Prezidentinin Medalı ilə təltif edilib.

O, 2009-cu ildə Münhen Təhlükəsizlik Konfransının "Ewald von Kleist” mükafatına layiq görülən ilk şəxs olub.

Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən "Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb.

2002-2006-cı illərdə Corc Buş bu fərmanı təkrarlayıb.