Kollegiya vəkildən prokurorluğa şikayət edib

Kollegiya vəkildən prokurorluğa şikayət edib

17-12-2019 01:44 / Bu xəbər 1407 dəfə oxundu

Bu günlərdə Vəkillər Kollegiyasından çıxarılmış Şəhla Hümbətovaya qarşı cinayət işi açıla bilər.

Bu barədə vəkil özü feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, əvvəlcə prokurorluq Vəkillər Kollegiyasına yazıb cəzalandırılmasını istəsə də, indi bu qurumun Rəyasət Heyəti Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Kollegiya keçmiş üzvünün haqqında araşdırma aparılmasını istəyib.

Şəhla Hümbətova deyir ki, onun Kollegiyadan xaric olmağı nə üzvlük haqqını vaxtında ödəməməsi, nə də vətəndaşın əsassız şikayəti ilə bağlıdır.

Şəhla Hümbətova deyir ki, bunu kollegiyanın prokurorluq orqanına barəsində araşdırma aparılması üçün müraciət etməsi bir daha təsdiq edir: "Başqa sözlə, Vəkillər Kollegiyasının rəhbərliyinin hazırki funksiyası insan hüquqaları vəkillərini cəzalandırmaq və başqalarını çəkindirməkdir. 

Bu gün - 16 dekabr 2019-cu ildə Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən mənə zəng edib, araşdırma ilə bağlı baş idarəyə dəvət etdilər. Sabah saat 15:00-da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedib Kollegiyanın təqdimatı ilə bağlı izahat verməliyəm.

Təqdimat mənim Kollegiyadan çıxarılmağıma səbəb olmuş əsaslardan biri – guya məhkəməyə saxta qəbz verməyim iddiası ilə bağlıdır. Belə iddianın heç bir hüquqi əsası yoxdur. Hər hansı cinayət ittihamı və ya vəkillikdən uzaqlaşdırma ilə nəticələnə biləcək fəaliyyətim və hərəkətimdən söhbət gedə bilməz”.

Şəhla Hümbətovanın fikrincə, bu, hazırda siyasi motivlə təqib edilən şəxsləri müdafiə edən vəkillərə qarşı aparılan genişmiqyaslı repressiya siyasətinin tərkib hissəsidir: "Mehman Hüseynovun işində vəkillik fəaliyyətimə görə təzyiqlər nəticəsiz qalsa da, bu gün baş verən misilsiz repressiyanın məqsədi məni Gəncə işindən uzaqlaşdırmaq və vəkillik fəaliyyətimə görə cəzalandırmaqdır”.

"Son bir ayda Gəncə işində müdafiçi olan üç vəkilin - mən, Elçin Sadıqov və Nemət Kərimli haqda birdən intizam icraatının başlanılması "Gəncə işi”nin əsas fiqurantlarını müdafiəsiz qoymaq və işdəki ciddi qanunsuzluqları cəmiyyətin diqqətindən kənarda qoymaqdır”, - deyə Şəhla Hümbətova bildirib. 

Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.

Toplum.Tv