Kreml Baydenin danışıqlarla bağlı təklifi ilə razı deyil

Kreml Baydenin danışıqlarla bağlı təklifi ilə razı deyil

03-12-2022 02:34 / Bu xəbər 911 dəfə oxundu

ABŞ Prezidenti Rusiya ilə bir araya gəlmək üçün şərt irəli sürüb

"Kreml "Ukraynanı tərk etmək” şərti ilə ABŞ-la danışıqlara hazır deyil, lakin Rusiya lideri Vladimir Putin təmaslara açıq olaraq qalır”.

Bunu dekabrın 2-də Rusiya Prezidentin sözçüsü Dmitri Peskov ABŞ dövlət başçısı Co Baydenin "yalnız Putin Ukraynanı tərk etdikdən sonra” danışıqların mümkün olması barədə fikirlərinə cavabında deyib.

"Amma eyni zamanda, Prezident Putin təmaslara, danışıqlara açıq idi, açıqdır və qalır. Təbii ki, maraqlarımıza nail olmağın ən üstün yolu dinc, diplomatik yollardır”, – deyə mətbuat katibi vurğulayıb.

Peskovun sözlərinə görə, ABŞ hələ də Rusiyanın tərkibində yeni əraziləri tanımır və təbii ki, bu, hansısa qarşılıqlı zəmin, qarşılıqlı müzakirələr üçün mümkün zəmin axtarışını xeyli çətinləşdirir.

Dekabrın 2-də ABŞ Prezidenti Co Bayden deyib ki, o, Putinlə Ukraynada hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə etməyə hazırdır:

"Ancaq yaxın gələcəkdə belə təmasları planlaşdırmır və hesab edir ki, Moskva əvvəlcə müəyyən müvafiq qərarlar qəbul etməlidir”.

Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şolzla telefon danışığında bildirib ki, Qərbin dəstəyi Kiyevin danışıqlardan imtinasına gətirib çıxarır:

"Putin Şolzla söhbət zamanı Qərb dövlətlərinin, o cümlədən Almaniyanın destruktiv xəttinə, Kiyev rejimini silahla gücləndirməsinə, Ukrayna hərbçilərinə təlim keçməsinə diqqət çəkib. O deyib ki, Ukraynaya hərtərəfli siyasi və maliyyə dəstəyi Kiyevin danışıqlar ideyasını tamamilə rədd etməsinə gətirib çıxarır. Rusiya prezidenti Almaniya tərəfini Ukrayna hadisələri kontekstində öz yanaşmalarına yenidən baxmağa çağırıb”, – Kremlin yaydığı məlumatda belə qeyd olunub.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.