Küçə təmizlikçisi: "Daxmada qalıram, yardım etmirlər"

Küçə təmizlikçisi:

18-03-2023 22:46 / Bu xəbər 1665 dəfə oxundu

56 yaşlı Kifayət Orucova küçə təmizlikçisidir. 

13 ildir ki, dolanışığı bu işdən çıxır. 

Uzun illərdir ki, ailəsi ilə Neftçilərdə - Çobanzadə küçəsi-35 ünvanda, binaların arasında bir tərəfi daşla, bir hissəsi isə karton, taxta və dəmirlə tutulmuş yarımçıq bir daxmada məskunlaşıb.

Taxta və dəmir qalıqlarından tikdiyi bu evdə iki övladıyla birgə yaşayır. Yaşamaq demək olarsa, burada dözülməz bir yaşayış var: torpaq üstünə sərilmiş tol, daroşka və kartonun üstündə yaşayırlar…

"Daxmada qalırıq, hər yerə yazmışam, kömək etmirlər. İcra Hakimiyyətinə də getmişəm, yardım etmirlər. Siçuvollar da bir tərəfdən evə doluşur. Yağış yağanda bütün buralar su içində olur. Uşaqlar balaca idi, yorğanın altında isinirdilər. İşıqlar yananda sevinirdilər. Zülmlə böyütmüşəm onları, mən burada zülm çəkmişəm. İki əsgər böyüdürəm, heç olmasa, onlara yansınlar. Mənə yanmırlar, yanmasınlar. Heç olmasa, iki uşağıma yansınlar”, - deyir Kifayət Orucova. 

Həyat yoldaşı pensiyaçıdır, əmək qabiliyyətini itirib. 

Bir oğlunu bu nəmişkən evdə böydüb əsgər yola salıblar, xidmətdədir, ikincisi də 11-ci sinifdə oxuyur. 

Kifayət Orucovanın indi tək istəyi isti ev, normal gəlirli işə sahib olmaqdır.

Ailənin durumunu Meydan TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz: