Mədəniyyət Nazirliyi AKİ və “Cinema Plus”u hədələyir

Mədəniyyət Nazirliyi AKİ və “Cinema Plus”u hədələyir

26-05-2024 22:05 / Bu xəbər 767 dəfə oxundu

"Nazirlik bununla deyir ki, Kinematorqafçılar İttifaqı, siz kimsiniz "Cinema Plus”da film göstərirsiniz?”

Mədəniyyət Nazirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) və "Cinema Plus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadəyə sərt xəbərdarlıq etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə rejissor Elvin Adıgözəl danışıb.

O deyib ki, Mədəniyyət Nazirliyinin belə addım atmasına səbəb AKİ-nin "Cinema Plus” kinoteatrlar şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində nümayiş etdirdiyi filmlərə görə nazirlikdən yayım icazəsi almamasıdır: "Bu əməkdaşlıq çərçivəsində ssenari müəllifi və rejissoru olduğum "Biləsuvar” tammetrajlı bədii filmi AKİ-nin təşəbbüsü ilə "Cinema Plus”un "Azərbaycan” kinoteatrında nümayiş olunmalı idi. Öyrəndim ki, Mədəniyyət Nazirliyi həm AKİ-yə, həm də Zaur Darabzadəyə sərt xəbərdarlıq edib. Hətta Zaur Darabzadəyə bildirilib ki, yayım üçün lisenziya hüququ almamış hər hansı filmi göstərsələr, həmin kino zal şəbəkəsinin bir illik yayım hüququ ləğv ediləcək. Buna qədər isə AKİ-nin təşəbbüsü ilə yayımlanan filmlərə görə Mədəniyyət Nazirliyindən vəsiqə alınmırmış”.

"Ümumiyyətlə, Azərbaycanda kimsə film istehsal edirsə, mütləq Mədəniyyət Nazirliyinin nəzarətindən keçməli, bu qurumun bürokratik əngəlləri ilə rastlaşmalıdır. Mədəniyyət Nazirliyi bununla deyir ki, Kinematorqafçılar İttifaqı, siz kimsiniz "Cinema Plus”da film göstərirsiniz? Biz bilməliyik ki, siz nə göstərirsiniz”, – Elvin Adıgözəl bildirir.

Məsələ ilə əlaqədar "Cinema Plus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadədən münasibət öyrənmək mümkün olmayıb.

AKİ-nin katibi Əli İsa Cabbarov Meydan TV-yə baş verənləri təsdiqləyib: "Biz indiyə kimi hansısa filmin nümayişinin təsdiqi ilə əlaqədar Mədəniyyət Nazirliyinə müaciət etməmişik. Bizim kinoteatr ("Azərbaycan” kinoteatrı nəzərdə tutulur) da bizə deyib ki, bundan sonra yerli film nümayiş edəndə, yayım vərəqəsinin olması yaxşıdır. Yerli və xarici – fərq etməz – prokata çıxan bütün filmlər Mədəniyyət Nazirliyindən yayım vəsiqəsi almalıdır. Bu, 2006-cı ildən qəbul olunmuş qərardır. Bundan sonra hər hansı filmin nümayişini planlaşdıran zaman prodüserindən Mədəniyyət Nazirliyindən yayım vəsiqəsi almasını xahiş edəcəyik”.

Əli İsa Cabbarov hesab edir ki, yalnız bir dəfə nümayiş üçün nəzərdə tutulan və prokata çıxarılmayacaq filmlərə yayım vəsiqəsinin tətbiqinə ehtiyac yoxdur: "Yayım vəsiqəsi praktikası dünyada qəbul edilib. Çünki istənilən dövlət prokatında nümayiş olunan filmlərdən xəbərdar olmalıdır. Amma yenə də deyirəm, birdəfəlik nümayiş, premyera və festivalar üçün filmlərə daha yumşaq şərait olsa yaxşı olar. Bu yaxınlarda 1975-ci ildə ekranlara çıxmış "Tütək səsi” filmini nümayiş etdirdik. Buna baxmayaraq "Azərbaycanfilm” kinostudiyası Mədəniyyət Nazirliyindən yayım vərəqəsi aldı. Film yayım vərəqəsinə əsasən göstərildi”.

Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, filmlərə nəzarət 2006-cı ildə qəbul olunmuş "Filmlərin yayımı və nümayişi Qaydaları” əsasında reallaşdırılır.

"Məqsəd ölkədə pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınmasıdır”, – nazirliyin cavabında deyilir.

Mədəniyyət sahəsi üzrə ekspert, Prodüserlər Gildiyasına sədri Fikrin Bektaşi Meydan TV-yə deyir ki, filmlərə yayım vəsiqəsinin verilməsi üçün müstəqil komissiya yaradılmalı və onlar da filmləri qiymətləndirməlidirlər.

"2006-cı ildəki qaydalara görə, sən disk və hər hansı bir formada filmini göndərirdin, nazirlikdə ona bir-iki nəfər baxırdı, ya baxmırdı. Mədəniyyət Nazirliyi bu funksiyanı əldə saxlamaqla təbii ki, inhisarçı bir mövqedən çıxış edir. Bəzi hallarda bu, təbii ki, müəyyən bir qərəzə gətirib çıxarır. Burada balanslı və şəffaf mexanizm olarsa, meyar əsasında, yayım vəsiqəsi verilərsə, o zaman təbii ki, problem olmaz. Mövcud vəziyyətdə mən bilmirəm ki, təqdim olunan filmlərə kimlər baxır? Kim qərar verir? Ümumiyyətlə, Kino Agentliyində kino peşəkarı varmı ki, hansısa filmə yaş kateqoriyası müəyyən edə bilsin”.

Ekspert deyir ki, qaydalara görə, beynəlxalq festivallarda nümayiş olunmuş və ya uğur qazanmış filmlərlə bağlı yayım vəsiqəsinin verilməsi proseduru olmamalıdır: "Əgər kino sənayemizi inkişaf etdirmək istəyiriksə, təkcə istehsalı deyil, nümayişi də beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Ən qabaqcıl təcrübələri tətbiq etməliyik. Burada kino istehsalatında əngəl, pul almaqda problemlər var. Yayımda problemlər var. Bu problemlər olan yerdə kinonun inkişafından danışmaq olmaz. Hansısa filmin yayımına əngəl olmaqla məsələ bitmir. Biz ölkənin kino sahəsinin inkişafından danışırıqsa, burada daha çevik bazar yaratmalıyıq ki, həm maraq olsun, həm də pul axını da çox olsun”.

2016-cı ilin dekabrından "Cinema Plus” kinoteatrlar şəbəkəsinin tərkibində fəaliyyət göstərən "Azərbaycan” daha əvvəllər AKİ-nin keçmiş sədri, mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun adı ilə tanınıb.

Kinoteatrın fəaliyyəti Xalq yazıçısının siyasi fəaliyyətindən dolayı ölkəni tərk etməsindən bir müddət sonra dayandırılmışdı.