Navalnının anası Putinə müraciət edib

Navalnının anası Putinə müraciət edib

20-02-2024 23:07 / Bu xəbər 645 dəfə oxundu

Peskov Yuliya Navalnayanın ittihamlarını əsassız sayır

Kreml Yuliya Navalnayanın Vladimir Putinin ərinin ölümündə əli olması ilə bağlı ittihamlarını əsassız və iyrənc sayır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb.

O deyib ki, Vladimir Putin ərinin missiyasını davam etdirəcəyini bəyan edən Navalnayanın müraciətini görməyib: "Əlbəttə, bunlar Rusiya dövlətinin başçısına qarşı tamamilə əsassız, rüsvayçı ittihamlardır. Lakin Yuliya Navalnayanın, sözün əsl mənasında, bir neçə gün əvvəl dul qaldığını nəzərə alsaq, mən bunu şərhsiz qoyuram”.

Jurnalistlər həmçinin Peskovdan Navalnayanın hakimiyyətin zəhərli maddənin izlərini gizlətmək üçün əri Aleksey Navalnının cəsədini qəsdən qohumlarına verməmələri ilə bağlı sözlərinə də şərh verməsini istəyiblər.

"Düzü, həmin çıxışa baxmamışam. Bununla belə, əgər çıxışda belə sözlər varsa da, yenə də əsassız ittihamlardan başqa bir şey deyil. Təsdiq olunmayan bir şeyi də etik səbəblərə görə şərh edə bilmərəm”, – Peskov bildirib.

Fevralın 14-də Aleksey Navalnı Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyanın cəza kamerasına salınıb.

Üç gün sonra fevralın 16-da isə Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həmin koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Mərhumun həyat yoldaşı Yuliya Navalnaya ərinin ölümündən sonra onun işini davam etdirəcəyini bildirib.

"Üç gün əvvəl Vladimir Putin mənim ərim, Aleksey Navalnını öldürüb. Putin uşaqlarımın atasını öldürüb. Putin ən əziz və ən sevdiyim insanımı əlimdən alıb. Amma Putin Navalnını sizin də əlinizdən alıb. Haradasa uzaq şimalda, bitməyən qışda Putin, sadəcə, bir insanı – Aleksey Navalnını öldürmədi, onunla birlikdə ümidlərimizi, azadlığımızı, gələcəyimizi öldürmək istədi”, – Navalnaya deyib.

Fevralın 16-da həyatını itirən Aleksey Navalnının nəşi hələ də yaxınlarına verilmir.

Son iki gün ərzində 60 mindən çox insan Aleksey Navalnının cəsədinin ailəsinə qaytarılması ilə bağlı Rusiyanın İstintaq Komitəsinə müraciət edib.

Aleksey Navalnının anası Lyudmila Navalnaya isə siyasətçinin nəşinin təhvil verilməsi xahişi ilə Putinə müraciət edib.

Siyasətçinin öldüyü Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyanın yaxınlığında qeydə alınan videomüraciət "Navalnıy LIVE” kanalında yayımlanıb.

"Artıq beş gündür ki, oğlumun nəşini mənə vermirlər, hətta harada olduğunu da demirlər. Sizə müraciət edirəm, Vladimir Putin, məsələnin həlli yalnız sizdən asılıdır. Nəhayət, oğlumu görməyə icazə verin. Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, adam kimi normal dəfn edə bilək”, – mərhum siyasətçinin anası deyib.

Lyudmila Navalnaya həmçinin Putinə oğlunun nəşinin verilməsi tələbi ilə yazılı müraciət də edib.