Nərgiz Absalamova: “Deyirəm, vəkilimə zəng etmək istəyirəm, deyirlər, qadağandır”

Nərgiz Absalamova: “Deyirəm, vəkilimə zəng etmək istəyirəm, deyirlər, qadağandır”

22-02-2024 01:05 / Bu xəbər 520 dəfə oxundu

"Abzas Media” işi üzrə həbs edilənlərə ailə üzvləri ilə telefon zəngi və görüş qadağası aradan qaldırılsa da, onların vəkilləri ilə telefon danışığına qoyulan qadağalar hələ də qalır.

Fevralın 21-də "Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın vəkilinə zənglə bağlı tətbiq edilmiş qadağanın aradan qaldırılması üçün verilmiş vəsatət təmin edilməyib.

Bu məlumatı "Abzas Media”-ya jurnalistin vəkili Rövşanə Rəhimli verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onların əsaslandırmaları nəzərə alınmayıb.

"Bundan əvvəl Sabunçu Rayon Məhkəməsinə şikayət vermişdik ki, vəkillə telefon danışığına qoyulan şikayət qanunsuz hesab olunsun və aradan qaldırılsın. Eyni zamanda, Avropa Konvensiyasının bir sıra maddələri üzrə pozuntu halı tanınsın. Sabunçu Rayon Məhkəməsi şikayəti təmin etməmişdi. Biz Sabunçu Rayon Məhkəməsinin sözügedən qərarından apellyasiya şikayəti verdik. Bu gün şikayətə baxıldı və yenə təmin edilmədi”, – deyə vəkil bildirib.

Rövşanə Rəhimli deyib ki, vəkilə zəng qadağasının hansı qurum tərəfindən tətbiq edildiyi məlum deyil. İstintaq orqanları yalnız ailə üzvlərilə telefon zənginə qoyulan qadağanın olduğunu bildirib, amma bir neçə gün əvvəl isə bu qadağa aradan qaldırılıb. 

"Ancaq bu günlərdə istintaqın qoyduğu qadağa da ləğv olundu və həbs edilənlər ailələrilə danışa, görüşə bildilər. Biz məhkəmədə də bildirdik ki, dünənə qədər ancaq vəkillə danışmaq hüququ var idi və bu hüquq təmin edilmirdi”, – Rövşanə Rəhimli vurğulayıb.

Prosesdə çıxış edən jurnalist Nərgiz Abslamova da vəkilinin müdafiəsini dəstəkləyib: "Dəfələrlə vəkillə danışıq üçün müraciət edirəm, deyirlər vəkilə zəng qadağandır”

Ötən il noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini "Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. 

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.