Nərgiz Absalamovanın iddiası təmin olunmayıb

Nərgiz Absalamovanın iddiası təmin olunmayıb

16-05-2024 14:23 / Bu xəbər 823 dəfə oxundu

Jurnalist 6 aya yaxındır "istintaq” adı altında 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır 

"Abzas Media”nin həbsdə olan əməkdaşı – jurnalist Nərgiz Absalamova növbəti dəfə ev dustaqlığına buaxılmayıb. 

Jurnalistin vəkilinin həbsi nəzərdə tutmayan qətimkan tədbirinin seçilməsilə bağlı verdiyi vəsatətə mayın 15-də Xətai Rayon Məhkəməsində baxılıb. 

Bu barədə jurnalistin vəkili Rövşanə Rəhimli məlumat verib. 

Nərgiz Absalamova ötən il noyabrın 30-da "Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə dindiriləndən sonra saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Sonradan bu müddət 3 ay daha uzadılıb. 

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən "Abzas Media”nın rəhbərliyi və əməkdaşları ötən ilin noyabrından etibarən "qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər. 

Hazırda media qurumunun 6 üzvü həbsdədir. 

Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları "Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.