Ünvana çatmayan hədiyyə...

Ünvana çatmayan hədiyyə...

05-10-2022 10:50 / Bu xəbər 3644 dəfə oxundu

Məktəbin həyəti yavaş-yavaş əlində gül-çiçək dəstələri tutmuş şagirdlərlə dolurdu. Uşaqlar güllərini gah aşağı, gah yuxarı tutur,gah yoldaşından aralı durmasını istəyirdi ki,gülləri əzilməsin. Balacaların isə gül buketlərini valideynləri əlində saxlayırdı. Müəllimlər məktəbin pilləkənlərinə sıra ilə səliqəli şəkildə düzülmüşdü. 

Günün al şəfəqləri havada ilıq payız havasını təmin edərkən şagirdlərin saçlarına,yanaqlarına da sığal çəkir, bəzən balacalar kimi şıltaqlıq edib balacaların gözlərini də qamaşdırırdı. 

Dağların qoynunda yerləşən bu kiçik kəndin məktəbi də kiçik idi. Hər sinifdən bir dənə vardı bu məktəbdə. Şagird sayı da 200-dən az idi. Kənd əhalisi də yerlilərdən çox məcburi köçkünlər, ermənistandan gələn yeraz adlandırılan camaat və türklərdən ibarət idi. Hamı bir-birini yaxşı tanıyır, bir-birinin xeyir-şərinə yarayırdı. Duruca adlanan bu kəndin duru bulaqları, çayları kimi saf,dupduru sevgi ilə Vətənə bağlı igidləri də çox idi...

Payız sabahı hər kəsin məktəbin həyətində toplanması, gül-çiçək dəstələri əbəs yerə deyildi. Bu gün xüsusi gün idi müəllim adına layiq olan,bu şərəfli peşəni layiqincə yerinə yetirməyə çalışan hər bir müəllim üçün. Bəli, bu gün 5 oktyabr "Müəllim günü” idi. Məktəbin direktoru Qulu müəllim sözə başladı, bütün həmkarlarını ürəkdən təbrik etdi. 

Onların müqəddəs peşlərinin bütün öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olduqarını vurğuladı. Hər bir şagirdin məktəbdə də bir anaya,ataya sahib olduqlarını şagirdlərə hiss etdirmələrini müəllimlərinə  tövsiyə etdi. Qulu müəllim şagirdlərə də məsləhət verməmiş olmadı. Adəti üzrə şagirdlərə millətin layiqli davamçısı, uğurlu, fəxr ediləsi gələcəyi ola bilməkləri üçün daim çalışmalı, dərslərə daim hazır gəlməli, dərsləri yaxşı oxumalı olduqlarını dedi. 

Bildirdi ki, müəllimlərin,valideynlərinin əməyini itirməmək üçün əllərindən gələni etməli, özlərinə gözəl gələcək qurmalıdırlar. Qulu müəllim bütün tədbirlərdə,hər çıxışında deyərdi ki,qəpiklər manat əmələ gətirdiyi kimi oxumaq da bilik əmələ gətirir. Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir. Daim oxumağa ac olun, kifayətlənməyin. Çıxışını yekunlaşdırıb Qulu müəllim sözü məktəbin şagirdlərinə verir ki, müəllim gününə həsr etdikləri kompozisiyalarını təqdim etsinlər.
 
Tədbirin yekununda şagirdlər əllərindəki hədiyyələri və gül dəstələrini öz müəllimlərinə təqdim edib onları təbrik etdi. Bu tədbirdən əliboş, hədiyyəsiz ayrılan bircə Qəribə müəllim olur. Bu ilk dəfə deyildi baş verirdi. İllərdir ki, o bayramda kimsədən hədiyyə almırdı. Hədiyyə almırdı deyəndə müəllimlik fəaliyyətinin 32 ilini geridə qoymuşdu. Əvvəllər hədiyyə kimi yalnız gül qəbul edərdi. Amma sonradan bu günü heç gül belə götürmədi. Amma kimsə əsl səbəbi bilmirdi. Axı nə baş verirdi? Qəribə müəllim adı kimi özü də bir az fərqli, qəribə, kövrək, mülayim,sakit təbiətli biri idi. 

Həmişə hədiyyə mövzusu olanda bircə söz deyərdi ki, müəllim üçün ən gözəl hədiyyəni dərsə gözəl hazırlaşan, onu üzməyən şagirdi verir. Çünki dərsi şagirdi gözəl oxuyanda müəllim məyus olmur, üzülmür, əksinə, sevinir, bu da onun sağlamlığına ziyan vurmur. Dünyada ən gözəl nemət,zənginlik can sağlığıdır ki, onu da heç bir məbləğlə almaq olmur. Bu fikirləri illərdir ki, bütün şagirdlərinə, valideynlərinə deyər, onları küsdürməmək üçün güllərini qəbul edərdi. Amma bu günlə birgə 10 il tamam olurdu ki, Qəribə müəllim 5 oktyabr günündə gülü belə qəbul etmirdi.

Tədbirin sonları idi, hamı zəngin çalınmasını gözləyirdi ki,sinfə qalxsın, dərsə başlasın. Bu zaman balaca sinif şagirdlərindən biri irəli durub uca səslə dilləndi:
- Qəribə müəllim, olar, sizə bir sual verim?
Qəribə müəllim öncə ona anidən ünvanlanan sualdan çaşqın halda cavabsız qalır, sonra özünü toplayıb hər zaman olduğu kimi mülayim səslə, mehribanlıqla deyir:
- Niyə olmur, buyur, sualını ver, gözəl qızım.

Qara don, ağ yaxalıq, ağ məzər geyinmiş, sarı saçları səliqə ilə hörülmüş, iri bantlı, mavi gözlü, balacaboy, amma cəld hərəkətli, şıltaqlığı üzündən, gözlərindən oxunan bu qızcığazın nə soruşacağı Qəribə müəllim qədər hər kəsdə maraq yaratmışdı. Balaca qız ədəb-ərkanla pilləkənləri cəldliklə qalxdı, bir göz qırpımında özünü çatdırdı müəllimlərin sırasına, sonra qəribə bir səs tonu ilə Qəribə müəllimdən soruşdu:
- Siz gülləri sevmirsiniz? 

Qəribə müəllim gülümsünüb:
- Ağıllı balam, gülü sevməmək olar? Gülü kim sevməz ki?

Cavab sanki balaca qızı qane etmədi. Narazılığı səsində də, baxışlarında da əks olundu:
- Onda niyə kimsədən gül almadınız? Görün heç sizdən başqa burada gülü olmayan müəllim var bu qədər müəllimlərin arasında?! 

Qəribə müəllimin nitqi tutuldu. Sıxıldı anidən sanki. Elə hiss etdi ki, ağır bir sınğa çəkilir, amma o imtahana hazırlıqsız gəlib, nə cavab verəcəyini bilmir. Ona elə gəldi ki, bu yaşa kimi aciz, çarəsiz qaldığı, özünü zəif hiss etdiyi gün bu gündür. Araya qəribə bir sakitlik çökdü. 

Bu sual Qəribə müəllimə çətin gəldiyi qədər onu dinləməyə hazır dayanmış hər kəsin sanki ürəyindən xəbər verirmiş kimi ətrafda sual dolu nəzərlərini onun üzünə zilləmiş hər kəsə maraqlı idi. 

Müəllim bir az irəli gəldi, qəhərdən boğulmuş titrək səsi ilə sözə başladı:
- Mənim balam, Allah millətimizə acılar, müharibələr göstərməsin təkrar. O zaman sən hələ dünyada yox idin, xatırlamazsan ona görə, amma valideynlərin bilir, böyüklərimiz şahididir o acıların. 10 il əvvəl idi. Həm pandemiya bəlası bizləri sarsıtmışdı, həm də II Qarabağ savaşı başlamışdı. Həmin il oktyabrın 1-i mən məktəbəqədər hazırlıq sinfi götürmüşdüm. Dərs başlayan gün korona bəlasına görə məktəbə gül-çiçək gətirməyə icazə verilmirdi. 

Şagirlərin hamısı dedilər ki, müəllim, gülümüzü gətirdik, icazə verilmədi sinfə qaldırmağa. Xəstəlik bitsin, sizə gül gətirəcəm. Onların sırasında bir qız əyləşmişdi. Hamı danışırdı, o sakitcə durmuşdu. Mən uşaqları sakitləşdirib ondan soruşdum ki, niyə kefin yoxdu, qızım? Niyə sıxılırsan? Qəribə bir gülüşlə anidən güldü, gözlərinin içi parıldadı. Ayağa qalxıb dedi ki, ay müəlim, kefsiz deyiləm eeee... 

Mənim atam hərbçidir. İndi düşmənlərdən bizi, torpaqlarımızı qoruyur Murovda. Dünən mənə zəng etdi, dərs günümü təbrik elədi. Ona dedim ki,ata, axı niyə gəlmədin, məktəbə məni niyə özün aparmırsan? Mənim mehriban müəllimim var, gəl ki, sən də tanı onu. Atam mənə söz verdi ki, sən get dərsə, yaxşı oxu, mən gələcəyəm qısa zamanda, müəllim günü gəlir qabaqdan, ona hədiyyə alacağam, sənlə birgə aparıb verərik müəlliminə, həm də məni sevimli müəlliminlə tanış edərsən, ona təşəkkür edəcəyəm. Mən də indi düşünürdüm ki, atam gələndə ondan nə hədiyyə istəyim sizin üçün. 

Gülümsünüb ona dedim ki, sağlıq olsun, bütün hərbçilərimiz, əsgərlərimiz salamat dönsünlər, müharibə bitsin, hədiyyə olmasa da olar. Həmin qızcığaz inadından əl çəkmədi. İsrarla təkrar etdi ki, yox, ay müəllim, atam söz verib, mütləq gələcək, hədiyyə də alacam sizə.

Bilirsinizmi, atası sözünü tutdu. Ayın 5-dən də qabaq gəldi. Amma üçrəngli bayrağa bükülmüş şəkildə gəldi. 4 oktyabr onun şəhadəti günü oldu.

Böyükdən-kiçiyə hər kəs kədərə bürünmüşdü. Kimsənin səsi çıxmırdı. Hətta sual verən o şıltaq qızcığaz da sanki sualından peşman olub başını aşağı dikmişdi. Qəribə müəllimi üzdüyü üçün özü də üzülürdü. 

Qəribə müəllim göz yaşlarını silib titrək səsilə sözə davam etdi. Bəlkə də, səhv edirəm, bilmirəm, amma kimdənsə hədiyyə qəbul etməməyim, gül götürməməyimin şəxsi səbəbi yoxdur. Sadəcə mən o tarixdə donub qalmış kimiyəm. 

Özüm də anlamıram niyəsini, amma, deyəsən, mən hələ də ünvanına çatmamış o hədiyyəmi gözləyirəm...

Günel İbrahimova