"O uşaq öldü..."

13-02-2024 18:03 / Bu xəbər 1190 dəfə oxundu

"Arqument.az" Alik Əlioğlunun yeni şeirini təqdim edir: 

Olur axı, bir rayonda
Gözəl bir məclis olur.
Yad adamlar oturur
Sən də şəhərli qonaq
Hamı qulluqda durur.

Olur axı, bir uşaq
Qaçır gəlir yanına
Deyir, nolar, dost olaq.
Və səni qucaqlayır.

Kimsə uşağa təpinir:
"Get burdan, bəsdir".
Sənə də deyir:
"Siz Allah, bağışlayın, 
Xəstədir."

Pis olursan, bir anda
Ömrün gödəlir.
Yeyib içdiyin elə bil
Burnundan gəlir.

Olur axı, illər sonra
Yadına düşür o uşaq.
Unutmuşdun bir ömürdü.
Kimdənsə soruşursan,
Deyir,
O uşaq öldü...

2024