Paşinyan Avropa Parlamentində çıxış edəcək

Paşinyan Avropa Parlamentində çıxış edəcək

07-10-2023 02:44 / Bu xəbər 858 dəfə oxundu

Oktyabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edəcəyi bildirilir.

Bu barədə Qranadada Avropa Parlamentinin rəhbəri Roberta Metsola mətbuat konfransında deyib: "Mən Baş nazir Paşinyanı plenar iclasda çıxış etməyə dəvət etdim. O, oktyabrın 18-də – 10 gün sonra çıxış edəcək”.

Oktyabrın 5-də Avropa Parlamenti qəbul etdiyi qətnamədə Azərbaycanın Qarabağdakı fəaliyyəti pislənilib.

Avropalı parlamentarilər Qarabağdan köçən ermənilərlə bağlı hazırkı vəziyyəti "etnik təmizləmə” adlandırıblar.

Deputatlar Avropa İttifaqını Azərbaycana sanksiyalar qoymağa da çağırırlar.

Onlar hesab edirlər ki, Bakı ilə əməkdaşlığa yenidən baxılmalıdır: "Avropa İttifaqı Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasına və buradakı insanların hüquqlarına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə məqsədyönlü sanksiyalar tətbiq etməlidir”.

Azərbaycan Mili Məclisi Avropa Parlamentini (AP) separatizmə dəstək verməkdə qınayıb və qeyd edib ki, qətnamə BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, həmçinin digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə ziddir.