Paşinyan Azərbaycana yeni formatda sülh təklif edir

Paşinyan Azərbaycana yeni formatda sülh təklif edir

16-11-2022 23:56 / Bu xəbər 585 dəfə oxundu

"Sülh müqaviləsinə dair iki yanaşma var: təfərrüatlı və konkret olmayan çərçivə sazişi. Ermənistan Azərbaycanla sülh müqaviləsini çərçivə sazişi əsasında imzalamağı təklif edir".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O çıxışı zamanı deyib ki, çərçivə sazişi təfərrüatlardan ibarət olmayacaq və onun həyata keçirilməsi vaxt alacaq, çünki bundan əvvəl bəzi mexanizmləri tətbiq etmək zəruridir. 

Paşinyan iki ölkə sərhədinin delimitasiyasının da böyük ehtimalla sülh müqaviləsi imzalanana qədər başa çatmayacağını sözlərinə əlavə edib: "Biz ümid edirdik ki, sülh müqaviləsi imzalananda və ya qüvvəyə minəndə sərhədlərin delimitasiyası başa çatacaq. İndi bunun o qədər də real olmadığına dair siqnallar var. Amma digər tərəfdən də həll yolu var".

Onun sözlərinə görə, Ermənistan faktiki olaraq 1990-cı ildə mövcud olan sərhəd xəttini götürməyi, qoşunların qarşılıqlı şəkildə, güzgü formatında çıxarılmasını, monitorinq mexanizmi yaratmağı, sərhəd zonasında hava qüvvələrinin olmamasını və sərhədçilərə təhvil verilməsini təklif edir. 

Bütün bu mexanizmlər isə onun fikrincə, vaxt alacaq. 

Paşinyan çıxışında "Dağlıq Qarabağ və Azərbaycan təmsilçiləri arasında Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı beynəlxalq səviyyədə aparılan müzakirələrin olması"nın da vacibliyini diqqətə çatdırıb.

Erməni Baş nazir ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gözləntilərini də açıqlayıb.

"Biz KTMT və  Azərbaycan arasında müharibəni qızışdırmaq istəmirik. Amma KTMT-nin vəziyyətə aydın siyasi qiymət verməsi də bizim üçün vacibdir", - deyə o vurğulayıb.